Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün
fərdi şəxs Humay Fərəcova tərəfindən "Gənc Azərbaycan"
qısametrajlı film festivalı keçirildi. Layihə ölkəmizi
təqdim etməyi bacarmaq, onun hər hansısa gözəl
guşələrindən birini, tarixi abidələrini göstərmək və ya
yenidən müstəqillik əldə etdikdən sonra-ulu öndər Heydər
Əliyev və onun siyası kursunun layiqli davamçısı cənab
Prezident İlham Əliyevin hakimiyyəti dövründə
Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının qısa
zamanda necə inkişaf etdiyini göstərmək məqsədilə
gerçəkləşdirildi. Eləcə də gələcəyin potensiallı
rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar
üçün şərait yaratmaq, stimul qazandırmaq məqsədi daşıdı.
Festivalda minimum 5, maksimum 10 dəqiqəlik zaman
çərçivəsində filmlər təqdim olundu. 50 film içindən
seçilmiş, ekspertlər tərəfindən qiymətləndirilmiş ən
orijinal 10 film Nizami adına kinoteatrda nümayiş
olundu.
Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimliyi
ixtisasının III kurs tələbələri, universitet YAP gənclər
birliyinin sədr müavini Aytən İsmayılovanın ideya
müəllifliyi, Arzu Qasımovun ssenarisi əsasında çəkilən
"Sehrli diyarın nağılı" adlı qısametrajlı film
festivalda II yerə layiq görüldü. Filmin rejissoru Əzim
Cəfərli, operatoru Ramin Salahzadədir. Filmdə
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar
Respublikasının qədimliyindən, tarixi abidələrindən və
əsrarəngiz təbiətindən, müstəqillik illərində regionun
sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən,
gənclərdəki vətənpərvərlik və dövlətçiliyə sədaqət
ruhundan bəhs olunur. Festivalın sonunda iştirakçılara
hədiyyələr, diplom, sertifikatlar verildi.
Mehriban SULTAN |