Yanvarın 14-də Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov Türkiyə Böyük Millət Məclisi
Aparat rəhbərinin müavini Haydar Çiftçi, TÜRKPA baş
katibinin müavini, Türkiyə parlamentinin nümayəndəsi
Kürşad Melih Sarıarslan, Türk Dünyası Mühəndislər və
Memarlar Birliyinin Baş katibi İlyas Demirçi ilə
görüşüb. Rektor Abel Məhərrəmov ölkələrarası qardaşlıq,
dostluq münasibətlərindən, bütün sahələrdə uğurlu
əməkdaşlıqdan, həyata keçirilən layihələrdən danışıb.
Rektor BDU haqqında qonaqlara ətraflı məlumat verib, ali
təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib. Elm,
təhsil sahəsində qardaş ölkənin universitetlərilə birgə
əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor
A.Məhərrəmov bu istiqamətdə atılan addımları yüksək
dəyərləndirib.
Qonaqlar ölkəmizə səfər etmələrindən, o cümlədən
Azərbaycanın qocaman ali təhsil ocağı BDU-da
olmalarından məmnunluqlarını ifadə ediblər.
Universitetlərarası əlaqələrin bundan sonra da yüksələn
xətlə inkişafının vacibliyini vurğulayıblar. Qarşılıqlı
maraq doğuran görüş zamanı türk dünyası ölkələrinin
Mühəndislik, Memarlıq və Şəhərçilik sahəsində
əlaqələrinin inkişaf etdirilməsi, memarlıq əsərlərinin,
abidələrinin, ortaq dəyərlərin qorunmasının
əhəmiyyətindən bəhs edilib. Universitetin
laboratoriyaları, müxtəlif mərkəzlərilə yaxından tanış
olan qonaqlar xoş təəssüratla ayrılıblar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |