Yanvarın 16-da "Park İnn" mehmanxanasında "İngilis dili
müəllimlərinin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi və sertifikasiyası" layihəsinin
təqdimatı olub.
Təqdimat mərasimində Təhsil Nazirliyi, "Microsoft"
Korporasiyası, "Mədəd-Azərbaycan" və Böyük Britaniyanın
"British Council" təşkilatları "İngilis dili
müəllimlərinin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi və sertifikasiyası" layihəsinin
reallaşdırılması sahəsində əməkdaşlığa dair anlaşma
sənədi imzalayıblar.
İngilis dili müəllimlərinin, mütəxəssislərin iştirak
etdikləri təqdimat mərasimində çıxış edən Təhsil
Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov bildirib ki,
müəllimlərin peşəkar inkişafı təmsil etdiyi qurumun
diqqət göstərdiyi ən prioritet məsələlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda da müəllimlərin
peşəkarlığının inkişafı sahəsində davamlı bir sistemin
yaradılması məsələsi əsas strateji hədəf kimi
müəyyənləşdirilmişdir. Birgə layihə həmin strateji
hədəflərə çatmaq üçün bu istiqamətdə atılmış ən vacib
addımlardan biridir.
Şöbə müdiri Təhsil Nazirliyi ilə müvafiq qurumlar
tərəfindən birgə həyata keçiriləcək ingilis dili
müəllimlərinin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi və sertifikasiyası layihəsinin
əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu layihə
ilkin mərhələdə 100 nəfər müəllimi əhatə edəcək və
sonrakı mərhələlərdə onların sayı 300-ə çatdırılacaqdır.
Onlar Azərbaycan təhsilində sertifikasiyadan keçmiş ilk
pedaqoji işçilər olaraq müəllim heyətinin keyfiyyətinin
yüksəldilməsində çox əhəmiyyətli rola malik olacaqlar.
Tədbirdə "British Council" təşkilatının regional
direktoru Maykl Börd, bu qurumun Azərbaycan üzrə
direktoru xanım Elizabet Vayt, "Microsoft Azərbaycan"
şirkətinin direktoru Rüfət Hacıəlibəyov,
"Mədəd-Azərbaycan" şirkətinin direktoru Vüsal Xanlarov
və başqaları çıxış edərək Azərbaycanda təhsilin
inkişafına xüsusi diqqət yetirildiyini və təmsil
etdikləri qurumların bu sahə üçün öz töhfələrini verməyə
hazır olduğunu vurğulayıblar.
Müvafiq layihə ilə bağlı fikirlərini bildirən natiqlər
ingilis dilinin tədrisinin və öyrənilməsinin
əhəmiyyətini diqqətə çatdırıblar.
Bildirilib ki, layihə çərçivəsində seçiləcək ingilis
dili müəlliminin pedaqoji bilikləri və təhsildə
informasiya texnologiyalarından istifadə bacarıqları
qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq
sertifikasiya həyata keçiriləcəkdir.
Müəllimlər ingilis dilinin tədrisi üzrə "Cambridge
ESOL"un beynəlxalq səviyyədə tanınan TKT imtahanına
(Tədris bilik və bacarıqları üzrə İmtahan) qeydiyyatdan
keçəcəklər.
Sonra layihə ilə bağlı təqdimatlar olub və diskussiya
aparılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |