Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) rəyasət heyətinin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik
Akif Əlizadə iclasın gündəliyi ilə bağlı məlumat
vermişdir.
İclasda akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun
elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü
Teymur Kərimli "Nizami Gəncəvi yaradıcılığında
azərbaycançılıq" mövzusunda məruzə etmişdir. Məruzədə
böyük şair və mütəfəkkir Nizami Gəncəvini öz doğma
Vətəni və etnosu ilə bağlayan məsələlər ədibin
yaradıcılığı əsasında sistemli şəkildə təqdim
edilmişdir.
Bildirilmişdir ki, bəşər tarixində bir çox sənətkarların
müəyyən obyektiv və subyektiv səbəblər üzündən öz doğma
dilində deyil, həmin regionda işlək olan dildə yazması
faktına tez-tez təsadüf etmək olar. Bu səbəbdən yalnız
fars dilində yazdığına görə Nizamini və orta əsr
Azərbaycan poeziya məktəbinin digər nümayəndələrini İran
və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun
deyildir.
T.Kərimli Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu
sübut edən bir sıra arqumentlərin olduğunu xüsusilə
vurğulamışdır.
Diqqətə çatdırılmışdır ki, həm şairin özü, həm də ondan
sonra Nizami Gəncəvi haqqında yazmış bütün orta əsr
qaynaqları görkəmli ədibin 1141-ci ildə Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan
Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncə
şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb
yaratdığını birmənalı şəkildə təsdiq edir.
Natiq, həmçinin Nizami Gəncəvinin yubileylərinin dövlət
səviyyəsində keçirilməsindən söhbət açmış, Gəncədə
Beynəlxalq Nizami Mərkəzinin təşkil edilməsini, Romada
şairin möhtəşəm abidəsinin açılışını, Oksford
Universitetində təşkil edilmiş Nizami adına Azərbaycan
və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını və bir
çox başqa tədbirləri dünya şərqşünaslığında Nizaminin
bir İran şairi kimi tanınması stereotiplərini dağıtmaq
yolunda mühüm işlər kimi dəyərləndirmişdir.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
İclasda AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
"Wikipedia"da Azərbaycan həqiqətlərinin, milli mənəvi
dəyərlərin təsbit olunması, qorunması və inkişafında
alimlərin vəzifələri haqqında" təqdimatla çıxış edərək
virtual ensiklopediyanın internetdə uğurla
reallaşdırılan və milli maraqların təmini baxımından
mühüm əhəmiyyət kəsb edən nəhəng layihələrdən olduğunu
bildirmişdir.
R.Əliquliyev wiki-mühitdə xalqımıza qarşı real və
potensial təhlükə mənbəyi olan istifadəçilərin sosial
şəbəkələrinin fəaliyyətinə toxunaraq burada Azərbaycan
həqiqətlərinin təhrif olunduğunu, ölkəmizə qarşı
genişmiqyaslı informasiya müharibəsinin aparıldığını
söyləmişdir.
Natiq qeyd etmişdir ki, "Wikipedia"da Azərbaycan
xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri,
görkəmli şəxsiyyətləri haqqında doğru məlumatlar
yetərincə deyil. Bu səbəbdən alim və mütəxəssislərimiz
bu layihəyə cəlb olunmalı, Azərbaycan haqqında obyektiv,
operativ, dolğun informasiyanın, audio-video
materialların ensiklopediyaya daxil edilməsi
istiqamətində mühüm işlər aparılmalıdır. Azərbaycanın
dünyada daha geniş tanıdılması və təbliği istiqamətində
bu resursun böyük potensial imkanlara malik olduğunu
söyləyən alim ölkəmizin "Wikipedia"da lazımi səviyyədə
təmsil olunmadığını təəssüflə qeyd edərək, bu resursda
ölkəmizlə bağlı elmi materialların, məqalə və digər
məlumatların yetərli sayda olmadığını bildirmişdir.
Məruzəçi Azərbaycanın milli maraqlarının qorunması ilə
bağlı AMEA-nın qarşısında mühüm vəzifələrin olduğunu
qeyd etmişdir. İclasın qərarı ilə A.İ.Qarayev adına
Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik
edilmişdir. AMEA-nın müxbir üzvü Telman Ağayev
institutun direktoru vəzifəsindən azad olunmuşdur.
Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun
elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə
doktoru Afiq Qazıyevə həvalə edilmişdir. |