Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Şabran
şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar
ayında şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq, Şabran, Xaçmaz, Quba, Qusar,
Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul
edib.
Qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və
ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan
digərinə dəyişdirilməsi, məktəb binalarının inşası,
ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil
sənədlərinin tanınması, işə bərpa olunma, ali və orta
ixtisas məktəbləri tələbələrinin bir təhsil
müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının
dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil,
xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric
olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində
yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və
ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və
digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 62 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |