Gəncə şəhərində 3 nömrəli peşə məktəbinin açılış
mərasimi olub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə Gəncəyə
göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığını
bildirib, məktəb kollektivini təbrik edib, onlara
işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edilib ki,
məktəb əsaslı təmirdən sonra müasir standartlara uyğun
yenidən qurulub.
Sonra məktəbə daxil olan mərasim iştirakçıları sinif
otaqları, o cümlədən avtomobilin quruluş
laboratoriyasının, gənclərin çağırışaqədər hazırlığı,
telekommunikasiya, mühasibat, yol hərəkəti qaydaları və
dərzi kabinetlərinin strukturu ilə tanış olublar.
Məktəbdə təhsil alan şagird Tərlan Rəhimova onlar üçün
yaradılan şəraitə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, məktəb 1969-cu ildən fəaliyyət
göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb.
2012-ci ilin iyun ayından 2013-cü ilin sentyabr ayına
qədər aparılan əsaslı təmir nəticəsində məktəbin binası
müasir tələblərə cavab verən səviyyəyə gətirilib.
Fəaliyyətə başladığı gündən indiyədək məktəbi 50 minə
yaxın şagird bitirib. Onların böyük əksəriyyəti müxtəlif
sahələrdə uğurla fəaliyyət göstərir. Məzunlardan Yusif
Abdullayev və Bayram Məmmədov Dağlıq Qarabağ uğrunda
gedən döyüşlərdə şəhid olub.
Hazırda məktəbdə 6 peşə-avtomobil təmiri üzrə çilingər,
avtomobil sürücüsü, inşaat-xarrat, radioelektron aparat
və cihazların yığıcı çilingəri, telekommunikasiyada
kompüter texnikasının operatoru, tikişçi, əməliyyatçı
mühasib peşələri öyrədilir. Bu peşələr üzrə 120 şagirdə
26 nəfər pedaqoji və yardımcı heyət xidmət edir. |