| 
						
						Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində 
						fəaliyyətini uğurla davam etdirir. Humanitar 
						layihələrdən biri dost Macarıstanda həyata 
						keçiriləcəkdir. Fondun dəstəyi ilə Budapeşt şəhərində 
						korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi 
						əhatə edən mərkəzin yeni korpusu inşa ediləcəkdir. 
						
						Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, 
						Laszlo Batthyany Roma Katolik Evi üçün əlavə yataqxana 
						korpusu mövcud binalar kompleksinə birləşdiriləcəkdir. 
						Bu, uşaqların qidalanması və müalicəsinin daha yaxşı 
						şəraitdə aparılmasına imkan yaradacaqdır. 
						
						Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi 
						tərəfindən əlil insanlara qayğı göstərmək məqsədilə 
						yaradılmışdır. 
						
						Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət 
						qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul 
						edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, 
						müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, 
						fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə 
						yiyələnirlər. 
						
						Müəssisənin sahəsi 2800 kvadratmetrdir və 1994-cü ildə 
						əsaslı təmir edilmişdir. 
						
						Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da 
						mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar 
						üçün əlavə korpusun təməli qoyulacaqdır. Beşmərtəbəli, 
						30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385 
						kvadratmetrdən çoxdur. Layihəyə görə binada məşğələ, 
						istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə 
						tutulmuşdur. 
						
						Təməlqoyma mərasimində Macarıstan Baş Naziri Aparatının 
						xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri 
						üzrə dövlət katibi, Azərbaycan-Macarıstan 
						hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter 
						Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və ölkəmizin 
						Budapeştdəki səfirliyinin əməkdaşları iştirak edəcəklər. |