| 
						
						Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, 
						IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) 
						İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş 
						Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) 
						Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında 
						olmuşdur. 
						
						Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat 
						verildi. Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin 
						qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki 
						və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq 
						və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif 
						ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən 
						UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun 
						himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit 
						Günü qeyd edilir. 
						
						Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, 
						UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü oldu. 
						
						IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü 
						işlərdən xəbərdar olduğunu və bunu yüksək 
						qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, 
						rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, 
						qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan 
						tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner 
						UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr 
						həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup 
						insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti 
						genişləndirməyin vacibliyini diqqətə çatdırdı. 
						
						Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və 
						xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. 
						Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji 
						siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə 
						başladılan IDEA kampaniyası çərçivəsində görülən 
						işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir 
						araya gələrək ətraf mühitin qorunması ilə bağlı 
						layihələr hazırladığını bildirdi. "Bu kampaniya ətraf 
						mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək 
						məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, 
						liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır", - 
						deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 
						2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə" 
						tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin 
						müavinini Bakıya səfərə dəvət etdi. 
						
						Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası 
						çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək 
						planlardan danışan Heydər Əliyev Fondunun 
						vitse-prezidenti Leyla ƏLİYEVA dedi: 
						
						- IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq 
						təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və 
						gənclərlə işləyirik. İki il ərzində biz bir çox 
						layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç 
						milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan 
						üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq 
						layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil 
						etdiyimiz "Dünya uşaqların gözü ilə" layihəsi idi. Bu 
						layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi. 
						
						Məlumatlılığı artırmaq üçün, əlbəttə ki, ən mühüm məsələ 
						təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf 
						mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər 
						üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. 
						Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq 
						vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, 
						onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq 
						özləri başqalarını həvəsləndirməyə can atırlar. 
						Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində 
						iştirak edir. 
						
						Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli 
						kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə 
						layihənin həyata keçirildiyini, bu sahədə Beynəlxalq 
						Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, 
						Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər 
						təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin 
						planlaşdırıldığını diqqətə çatdırdı.   
						
						
						AzərTAc  |