2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı,
respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq
İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100
illiyi tamam olur.
İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri
zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın
söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir.
Yazıçının bədii nailiyyətlərlə zəngin irsi
ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli
təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir
simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası
özünəməxsus əhəmiyyətli yer tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli
ədəbiyyatın inkişafında mühüm xidmətləri olan İlyas
Əfəndiyevin 100 illik yubileyinin keçirilməsini təmin
etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2014-cü il |