| 
						
						2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar 
						Respublikasının yaradılmasının 90 illiyi tamam olur. 
						
						Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin 
						sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol 
						qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu 
						diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə 
						yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, 
						sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin 
						sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol 
						oynamışdır. 
						
						Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq 
						nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, 
						qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna 
						xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar 
						respublika bütün dövlət proqramlarını, infrastruktur 
						layihələrini böyük uğurla həyata keçirməsi sayəsində 
						ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan 
						irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal 
						iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq 
						tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir. 
						
						Naxçıvan Muxtar Respublikasının yaradılmasının 
						Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi 
						olduğunu nəzərə alaraq və Azərbaycan Respublikası 
						Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 
						tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 
						illik yubileyi dövlət səviyyəsində qeyd olunsun. 
						
						2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər 
						Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, 
						Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət 
						Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə 
						birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 
						90 illik yubileyinə həsr olunmuş tədbirlər planı 
						hazırlayıb həyata keçirsin. 
						
						3. Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar 
						Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr 
						olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək 
						Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə 
						edilsin. 
						
						4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 14 yanvar 2014-cü il
 |