AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun "Əsərləri"-
"Ədəbiyyat məcmuəsi"nin xüsusi buraxılışı çapdan çıxıb.
1946-cı ildən nəşr edilən, sayca 24-cü cild olan elmi
nəşrin xüsusi buraxılışı Ədəbiyyat İnstitutunun 80
illik yubileyinə həsr olunub. Xüsusi buraxılış
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
çoxəsrlik Azərbaycan ədəbiyyatı və nəhəng ədəbi simaları
barədə dəyərli fikirləri ilə açılır. Sonra "AMEA-nın
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi
haqqında" AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il
tarixli qərarı verilir.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin
"Nizami adına Ədəbiyyat İnstitutu" tarixi oçerki elmi
nəşrdə ilk yer alan məqalədir. Burada ölkəmizdə
ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını
yerinə yetirən institutun şərəfli tarixi, böyük
araşdırma ənənələri, görkəmli yaradıcıları və
adlı-sanlı yetirmələri barədə müfəssəl məlumat verilir.
Tarixi oçerk səciyyəli bu məqalə ingilis və rus
dillərinə də tərcümə edilmişdir ki, bundan xaricidilli
oxucular da yararlana bilərlər. İkinci məqalə "Nizami
adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və
müasirləşmə yollarında (1933-2013)" (müəlliflər akademik
İsa Həbibbəyli və filologiya üzrə elmlər doktoru Asif
Rüstəmlidir) adlanır. Tarixi qaynaqlar əsasında qələmə
alınmış bu tədqiqat işində institutun keçdiyi şərəfli
yola nəzər salınır, bu elmi-tədqiqat müəssisəsində
çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat
yolundan bəhs edilir, onların yaradıcılığı barədə
müfəssəl məlumat verilir.
18 çap vərəqi həcmində nəşr olunmuş "Əsərlər"də yer alan
məqalələr "Nizami adına Ədəbiyyat İnstitutunun
qurucuları" və "Elmin yollarında" adlı iki bölmədə
paylanmışdır. Birinci bölmədə 15, ikincidə isə 26
ədəbiyyatşünas alim haqqında bioqrafik oçerklər
verilmişdir ki, bu materiallar yığcam olsa da,
əhatəlidir. Bu materialların hazırlanmasında
institutun elmi əməkdaşlarının əksəriyyəti iştirak
edib.
"Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri"
məqaləsində AMEA-nın müxbir üzvü Teymur Kərimli
"Ədəbiyyat məcmuəsi" nəşrinin tarixinə nəzər salır,
institutun direktoru, akademik İsa Həbibbəylinin
rəhbərliyi ilə yeni yaradılan "Ədəbi əlaqələr" və
"Poetika. izm" jurnalları haqqında məlumat verir.
Xüsusi buraxılışın sonunda AMEA-nın Humanitar və İctimai
Elmlər Bölməsi üzrə elmi-tədqiqat institutlarının
2013-cü il üzrə reytinq cədvəli verilmişdir ki, bu
cədvəldə Ədəbiyyat İnstitutunun yeri ön sıralardadır.
Akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə "Elm və
təhsil" nəşriyyatında işıq üzü görmüş elmi jurnalın
məsul katibi filologiya üzrə elmlər doktoru, professor
Bədirxan Əhmədov, nəşriyyat redaktoru Töhfə
Talıbovadır.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat
xidmətinin rəhbəri |