Alimlər qeyd edirlər ki, daim dəyişən dünya şəraitində
müasir məktəbli özünün gələcək əmək fəaliyyəti
ərzində 5-6 dəfə peşəsini dəyişir. Buna görə də
zamanın əsas tələbi heç də peşəkar bilik və
bacarıqlar deyil, ilk növbədə, informasiyalarla
işləmək, özünütəhsil və dünya ilə ünsiyyət qurmaq,
qeyri-ənənəvi situasiyalarda qərar qəbul etmək kimi
qabiliyyətlərdir. Lakin məktəblinin bütün bu
bacarıqlarını, başqa sözlə, onun
informasiya-kommunikasiya səriştəliliyini (İKT
-kompetensiya) daha dolğun necə ölçmək olar?
Rusiyanın kadr hazırlığını həyata keçirən Milli Fondu
və Təhsilin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (CICED)
dəstəyi ilə hazırlanmış IC Literacy Test alətinin
əsas məqsədi də bu suala cavab verməkdir.
"Məktəblilərin informasiya-kommunikasiya
kompetensiyalarının qiymətləndirilməsi: alətlər,
testlərin təşkili və nəticələrdən istifadə olunması"
mövzusunda Rusiya Təhsil Akademiyasının Təhsilin
İdarəolunması İnstitutunun Treninq Mərkəzində Dünya
Bankının dəstəyi ilə keçirilmiş seminar da məhz İKT
kompetensiyalarına həsr olunub. Milli Fond hələ 3
il əvvəl IC Literacy Test-i hazırlamaqla Dünya
Bankının müvafiq müsabiqəsində qalib gəlib. Dünya
Bankının eksperti və elmi məsləhətçisi Mark Zelmanın
sözlərinə görə, rusiyalı alimləri bu səviyyəli
məhsulu ərsəyə gətirdiklərinə görə təbrik etmək
olar. Çünki İKT kompetensiyalarının bu cür ölçü
aləti dünyanın heç bir yerində yoxdur.
Riyaziyyat elmləri doktoru Mark Zelman SAT,
GRE, GMAT kimi testlərin hazırlanması sahəsində 15
illik təcrübəyə malikdir. Testlərin işlənib
hazırlanması və dizaynı sahəsində dünyada tanınmış
nüfuzlu ekspert hesab olunan Mark Zelmanın
sözlərinə görə, testin uğurlu sınağı təkcə
Rusiyada deyil, eyni zamanda bir sıra dünya və
MDB ölkələrində təsdiq olunmuşdur. Test Mançester
və Nyu-York universitetlərinin təhsil sahəsində
qabaqcıl tədqiqatlar institutlarında auditdən
keçmişdir.
Bu texnologiya İKT sahəsində səriştəliliyinə dair
bir sıra xarici ölkələrdəki testlərdən nə ilə
fərqlənir? Onların çoxu texniki savadlılığı
ölçür, sual-cavab formatına əsaslanır və real
həyati situasiyaları nəzərə almır.
ICL Test təkcə texnoloji bacarıqları deyil, ilk
növbədə, şagirdlərin informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə göstərə
biləcəkləri əqli, koqnitiv qabiliyyətləri
yoxlayır. Bu cür yanaşmanın əsasında İKT
kompetensiyalarının çoxölçülü olması və özündə 7
əsas istiqaməti birləşdirməsinə dair fərziyyə
dayanır. İlk növbədə, bu, informasiya sorğusunu
ifadə etmək, lazımi informasiyanı tapmaq, onu
təhlil etmək və qruplaşdırmaq, eləcə də onun
əsasında müxtəlif auditoriyalarda fikir mübadiləsi
aparmaq üçün öz məhsulunu yaratmaq durur.
Kadr hazırlığını həyata keçirən Milli Fondun
icraçı direktorunun müavini Svetlana Avdeyevanın
sözlərinə görə, testin hazırlanması zamanı dünya
praktikasında mövcud olan təcrübəyə əsaslanılıb.
İlk növbədə isə Amerika Kitabxana Assosiasiyası
tərəfindən hazırlanmış İKT kompetensiyaları tərifi
əsas götürülüb. "Bununla belə, biz öz
tapşırıqlarımızı, qiymətləndirmə şkalamızı,
qiymətləndirmə standartlarımızı hazırlamışıq. ICL
Test bu sahədə mövcud olan digər testlərdən çox
güclü surətdə fərqlənir. İlk növbədə, onlar fərqli
auditoriyalara məxsusdur, xaricdə, bir qayda olaraq,
onlar ali təhsil müəssisələririn, kolleclərin
tələbələridir, bizdə isə əsasən 9-cu sinif
məzunlarıdır. Bir məqamı da qeyd etmək vacibdir
ki, uşaqlar testin nəticələrini prosesin başa
çatmasından dərhal sonra alırlar, çünki nəticələr
avtomatik rejimdə emal olunur. Biz mümkün qədər
ekspert subyektivizmini ləğv etməyə çalışmışıq.
Məsələn, PISA və TİMSS testlərində nəticələr
ekspertlər tərəfindən araşdırılır. Biz isə, əksinə,
ekspertləri testlərə qədər prosesə cəlb edirik -
onlar İKT kompetensiyalarının səviyyəsi ilə bağlı
hazırladığımız kriteriyaların bizim təhsil
standartlarına və bu yaş kateqoriyasına uyğun
olub-olmadığına dair qərar verirlər".
ICL Test-in daha bir mühüm üstünlüyü onun həyata
yaxınlığı ilə bağlıdır. Testdəki 16 tapşırığın heç
də hamısı tədrislə bağlı deyil. Tapşırıqlar
olduqca müxtəlifdir və onların bəziləri üzərində
fikirləşmək, düşünmək lazımdır. Tapşırıqlarda
əksini tapmış situasiyaların adi real həyatdan
götürülməsi də diqqətçəkəndir.
Testlər təkcə məktəblilər üçün maraq kəsb etmir.
Testlərdə əksini tapmış sadə tapşırıqları 2-3
dəqiqə ərzində həll etmək olar. Getdikcə testlərin
mürəkkəblik dərəcəsi artır, onlar orta və mürəkkəb
dərəcəli çətin testlərlə əvəz olunmağa başlayır
ki, onların da həllinə 20 dəqiqəyə qədər vaxt
tələb olunur. Tapşırıqları həll edərkən adi
rəqəmsal texnologiyalardan, İnternetdən, elektron
poçtdan, mətn redaktorlarından, təqdimatlar aparmaq
üçün istifadə olunan alətlərdən, elektron
cədvəllərdən, qrafiklərdən, sosial şəbəkələrdən
istifadə etmək olar.
ICL Test-in çevikliyi də sevindiricidir. Tapşırıqlar
getdikcə dəyişir və təkmilləşir.
Məktəblini əhatə edən ətraf mühitin həm real, həm
də informasiya nöqteyi-nəzərdən dəyişməsi ilə
əlaqədar olaraq testlər korrektə olunur və onların
9-cu sinif şagirdləri üçün maraqlı və aktual
olmasına səy göstərilir. Testlərin digər ölkələrdə
keçərli olması üçün bu ölkənin mədəni xüsusiyyətləri
və təhsil standartları nəzərə alınır.
Bütövlükdə İKT-kompetensiyaları özündə 5 səviyyəni
əks etdirir: inkişaf etmiş, baza səviyyəsindən
yuxarı, baza səviyyəsi, baza səviyyəsindən aşağı,
inkişaf edən. Layihənin yaradıcıları qeyd edirlər ki,
əsas diqqət inkişaf etməkdə və baza səviyyəsindən
aşağı olan şagirdlərə yönəldilməlidir.
ICL Test-lə ölçülən İKT-kompetensiyaları
aşağıdakılardan təşkil olunub:
*
İnformasiyanın təyini: problemi korrektcəsinə ifadə
etmək bacarığı, informasiyanı məqsədyönlü şəkildə
axtarmaq və onu emal etmək;
*
İnformasiyanın əldə olunması: informasiyanı müxtəlif
mənbələrdə axtarmaq və tapmaq bacarığı;
*
İnformasiyanı idarə etmək: informasiyanı təşkil və
təsnif etmək bacarğı;
*
İnformasiyanın inteqrasiyası: informasiyanı şərh
etmək və yenidən strukturlaşdırmaq bacarığı, başlıca
məsələni digərlərindən ayırmaq, müxtəlif mənbələrdən
olan məlumatları əlaqələndirmək;
*
İnformasiyanın qiymətləndirilməsi: informasiyanın
keyfiyyəti, faydalılığı barədə rəy hazırlamaq və onu
mənbələrdən əldə etmək bacarığı;
*
İnformasiyanın yaradılması: informasiyanı konkret
tapşırıqlardan asılı olaraq yaratmaq və
uyğunlaşdırmaq bacarığı;
*
İnformasiyanın ötürülməsi: informasiyanın konkret
auditoriyalara uyğunlaşdırılması bacarığı.
ICL Test Rusiyanın 10 regionunda 40000 9-cu sinif
şagirdi və 14000 pedaqoq arasında sınaqdan keçirilib.
Testlər eyni zamanda Böyük Britaniyada və Tailandda
da tətbiq olunub.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
"Uçitelskaya qazeta"dan |