Ənvər
ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə
doktoru
Dünyanın təhsil meridianında özünün rol və əhəmiyyətinə
görə daha çox maraq doğuran dərs həmişə öz zamanında
müasir olmuşdur. Məktəblə məşğul olan insanlar dərsi
yaşadıqları dövrün tələblərinə söykənərək
dəyərləndirmiş, onun qiymətini vermişlər. Beləliklə,
dərsin müasirlik atributu onun vacib əlamətlərindən biri
kimi həmişə əhəmiyyət daşımışdır. Bu mənada bir pedaqoji
anlayış kimi "dərs", "təhsil" anlayışı ilə birgə
yaranaraq bu günümüzə qədər gəlib çatmışdır. Pedaqoqlar,
psixoloqlar öz mülahizələrində dərsi müxtəlif
tərəflərdən təhlil edərək düşüncə prizmalarından
keçirmiş, onu daha dolğun, həm də praktik müəllimlərin
anlam səviyyəsinə uyğun ifadə etməyə çalışmışlar. Bütün
bunlarla yanaşı, dərs özünün pedaqoji-psixoloji
keyfiyyətləri ilə zamanların düşüncə müstəvisində
müzakirə obyektinə çevrilmişdir.
Psixoloqlar araşdırmalarında XXI əsri kreativlik əsri
kimi adlandırırlar. İnsanlarda istedadlılığa,
yaradıcılığa daha çox dəyər verən bu əsrdə təhsil
sistemində də məhz həmin keyfiyyətlərin əsas götürülməsi
vacib hesab edilir. Sual olunur ki, bəs onda bu gün
"müasir dərs" anlayışı necə başa düşülməlidir? Onun
mahiyyətini necə izah etmək olar?
Azərbaycanın görkəmli psixoloqu Əbdül Əlizadə yeni
pedaqoji təfəkkürlə bağlı psixopedaqoji araşdırmalarında
bu məsələyə münasibət bildirərək qeyd edir ki, "müasir
dərs" anlamında "müasir" sözünün özünəməxsus evristik
mənası var. "Müasir dərs" pedaqoji (psixoloji) elmlərin
ən yeni uğurlarına söykənməlidir" (Əlizadə Ə.Ə. Yeni
pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər.
Bakı. "Adiloğlu" nəşriyyatı, 2001.). Dərs həm də dövrün
insanlarını yetişdirmək imkanına malik prosesə
çevrilməlidir. Məktəbin vətəndaş yetişdirmək vəzifəsinin
yerinə yetirilməsində uğurla çıxış etməlidir.
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında qeyd olunur ki, "Şagirdlərin idrak
fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş
məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin
təmin olunması məqsədi ilə sistemli tədbirlər
görüləcəkdir"
(www.prezident.az).
Göründüyü kimi, ölkəmizin təhsil siyasətində təfəkkür,
düşüncə, intellekt məktəbinin yaradılması prioritet
istiqamətlərdən biridir. Müasir məktəbin dərsi də bu
müqəddəs vəzifələrin icrasına çevriləcəkdir. Özünün
yaradıcılıq imkanlarını axtaran müasir müəllim, ilk
növbədə, tədqiqatçılığa başladığı fəaliyyətini dərsdəki
yaradıcı fəaliyyəti ilə başa vuracaqdır. Müəllimin
fəaliyyətinin səmərəliliyində, keyfiyyətliliyində onun
yaradıcı yanaşmaları yüksək qiymətləndiriləcəkdir. Bu
mənada müasir dərs fenomeninin yaranmasında müasir
müəllim özünün əvəzsiz fəaliyyətini göstərməli
olacaqdır. Cünki "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda göstərildiyi kimi,
"Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı,
nailiyyətlərinin monitorinqi prosesində həlledici rol
oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi
formalaşmasına müəllimin təsiri müəllimin akademik
bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq
səviyyəsindən xeyli asılıdır".
Müasir dərsin mühüm keyfiyyətlərindən biri onun yeni
düşüncə, yeni pedaqoji təfəkkürün məhsulu kimi meydana
çıxmasıdır. Bu isə o deməkdir ki, dərsə quru,
şablonçuluqla yanaşmaq müasir ölçülərə sığmır. Onu
sadəcə inzibati strateji struktur kimi qəbul etmək
olmaz. Müasir dərs həm də bəzi hallarda konkret vaxt
çərçivəsini, struktur vahidliyini qırıb-dağıdır. Ona da
demokratik yanaşmağı yaradıcı bir proses kimi müraciət
olunmasını tələb edir. Dərs idarə olunan bir proses
olduğundan onun məntiqi struktur cəhətdən bütövlüyü əsas
şərtlərdən biri kimi yüksək dəyərləndirilir.
Hər bir zamanın dərsi özlüyündə o dövr üçün müasir olub.
Bu mənada müasirlik bir atribut kimi şərti olaraq
işlədilir və ondan dövri olaraq danışmaq daha
məntiqəuyğun bir hal kimi dəyərləndirilir. Dərsin
təşkilat forması olması, demək olar ki, bütün zamanlarda
özünün aparıcı xüsusiyyət çəkisini saxlayıb. Bu mənada
hazırkı zamanda dərsin təlimin təşkilat forması olması
barədə pedaqoji müddəa istifadə olunmaqda davam edir.
Çox güman ki, bu fikir məqbul bir müddəa kimi bir müddət
əhəmiyyətini saxlayacaqdır.
Dərs bir texnologiyadır. Ənənəvi pedaqogikada bu
texnologiya inzibati amirlik üsulu ilə qurulduğundan
təhsilalanları özünün sərt strukturunda toplamaqla
onların məcburiyyət rejimində dərsə davam etmələrini
tələb edirdi. Bu tələbləri yerinə yetirən hər bir kəs
ona tabe olmaqla həmin tələbləri rejim kimi qəbul edir,
onun sərt pedaqoji aurasında sərbəstliyini itirirdi.
Demokratik Azərbaycan məktəbində bütövlükdə təhsil
dəyişdikcə öyrənmənin əsas nüvəsi olan dərsin xarakteri
də dəyişməyə başlayır. Başqa sözlə, dərs demokratik
xarakter alır. Öyrənmək istəyənləri ağuşuna alan, onları
əhatə edən dərsin inzibati bağları zəifləyir. Böyük bir
əzaba çevrilən dərs özünün ağırlıq mərkəzini dəyişərək
daha demokratik auditoriyaya çevrilir. Bu zaman uşaqlar
özlərinin potensial qüvvələrindən istifadə imkanları
əldə edirlər. Beləliklə, interaktiv bir şəraitin
yaranması hadisəsi baş verir.
Müasir dövr informasiyalar bolluğu ilə müşayiət
olunduğundan təbii olaraq öyrədici xarakter daşımağa
başlayır. İnformasiyaların mənbəyi insanları izləməklə
onların marağını çəkir. Belə bir mühitdə dərs özünün
öyrədici təşkilatçı xarakteri ilə daha üstün
keyfiyyətlər qazanmalı, öyrənənlərin marağına səbəb
olmalıdır. Xüsusən ümumtəhsil məktəblərində qurulan
dərslər istər məzmun, istərsə də texnoloji cəhətdən
şagirdlərin diqqətini cəlb etməlidir.
Araşdırmalar onu göstərir ki, dərsin gərginlik yaradan,
uşaqların diqqətini yoran bir cəhəti onun standart
quruluşa malik olması, qeyri-çevik modellə
tənzimlənməsidir. Demokratik cəmiyyət qurduğumuz bir
zamanda dərsin ənənəvi quruluşunun, mərhələlərinin
dəyişməsindən bəhs etməklə yanaşı, onun yeni
mərhələlərini stabilləşdirməyə, daha konkret demiş
olsaq, standartlaşdırmağa çalışırıq. Son dövrlərdə bu
barədə pedaqoji mətbuatda çap olunan yazılar belə bir
fikri söyləməyə əsas verir. Lakin cəmiyyət özünün
inkişaf tendensiyalarında yorucu texnoloji
standartlaşmalardan qaçmağı, fəaliyyətləri potensial
imkanlara söykənməklə yaradıcı şəkildə qurmağı tələb
edir. Dərsin qurulmasında öyrədənin güc və imkanlarına,
mövcud təlim şəraitinə istinad etmək, nailiyyət və
irəliləyişlərin əldə olunmuş nəticələrlə ölçülməsinə
üstün yer ayırmaq faydalı bilinir. Belə olduğu təqdirdə
qeyri-standart dərslərdən istifadə olunması və onların
daha yaradıcı qurulmasına imkan verilməsi vacib hesab
edilir.
Müasir dərsin bir mühüm xüsusiyyəti də onun problem
xarakteri daşımasıdır. Ona görə də bu gün müasir dərs,
dərs-problem adlandırılsa, bu səhv yanaşma olmazdı.
Dərsin problem xarakterli olması onun hər hansı didaktik
vəzifənin həllinə zəruri bir problem kimi
yanaşılmasından irəli gəlir. Hər dərsin müvafiq
məqsədinin həll olunması istiqamətində zəruri olan
problem müəyyənləşdirilir. Onu həll etmək üçün iş
formaları və üsullarından istifadə edilir. Nəhayət,
problemin ətrafında və onun yekunlaşdırılması ilə bağlı
fəaliyyətlər təşkil olunur. Beləliklə, dərsdə mühüm
didaktik vəzifə kimi problem həll olunur. Problemlərin
həll olunması hər hansı didaktik vəzifənin yerinə
yetirilməsi kimi başa düşülür.
Bu məntiq müasir dərs kimi başa düşülən bütün dərslərin,
demək olar ki, hamısının mahiyyəti və məzmununun əsasını
təşkil edir.
Müasir dərsin problem xarakteri daşıması iki səbəbdən
irəli gəlir. Birincisi, problem həlli interaktiv
situativliyi təşkil etməklə maraq effekti yaradır.
Şagirdlərin axtarıcılıq və yaradıcılıq istiqamətində
fəaliyyətlərini istiqamətləndirməklə stimullaşdırır.
Onları nəticələrə gəlməyə sövq edir. İkincisi,
şagirdlərin ən zəruri bilikləri öyrənmək istiqamətində
həyat üçün ən vacib olan fəaliyyət bacarıqlarına
yiyələnməyə imkan yaradır.
Təlimin əsas təşkilat forması olan dərs özünün
funksiyalarını yerinə yetirmək üçün hökmən müəyyən
əlamətləri ilə təzahür etməlidir. Onlardan daha qabarıq
görünəni sinif kollektivinin müəyyən məqsəd ətrafında
səfərbər olunmasıdır. Bu keyfiyyət klassik pedaqogikanın
mühüm ənənəsi olan sinif-dərs sisteminin əsas
atributlarından biri kimi bu gün də qalmaqdadır.
İllər boyu insanların birgə oxuma, öyrənmə missiyası
fərdi təhsilin davamı kimi həmişə aktual olub.
Yaradılmış müvafiq müəssisələrdə müəllimin rəhbərliyi
ilə həyata keçirilən bu prosesdə insanlar dialoji mühit
şəraitində özlərini yenidən inkişaf etdirməyə
çalışıblar.
Humanist prinsiplər əsasında qurulan təhsil şəraitində
bu dialoji mühit genişlənir, şagird şəxsiyyətinin daha
sərbəst fəaliyyətinə imkan yaranır. Dərsin inzibati
bağları qırılır, inzibatçılıq müasir qarşılıqlı əlaqə və
ünsiyyətlə əvəz olunur. Şəxsiyyətlərarası canlı əlaqələr
öyrənmə prosesinin mahiyyətini təşkil etməklə ona
humanist bir ruh gətirir. Belə dərslərdə müəllim və
şagirdlərin əməkdaşlığı müasir öyrənmə prosesinin
texnologiyasına çevrilir. Bu münasibət həm də dərsin
demokratik xarakterinin əmələ gəlməsini stimullaşdırır.
Bütün bunlar isə onu göstərir ki, dərs klassik bir
pedaqoji model olaraq qalsa da xarakterini dəyişir,
inkişafyönümlü bir mexanizmə çevrilir. Şəxsiyyətin
idraki, hissi-emosional və psixomotor bacarıqlara
yiyələnməsini təmin etməklə, həm də onu izləməyə imkan
yaradır.
Dərs didaktikanın mühüm tədqiqat obyektlərindən biri
kimi bu günə qədər öyrənilməkdə davam edir. Eləcə də
dərsin psixoloji xüsusiyyətləri, şagirdlərin öyrənmə
fəaliyyətinin psixoloji məqamları psixologiyada
öyrənilir. Pedaqoji psixologiya dərsin psixologiyasından
danışmaqla onu daha çox araşdırmağa səy göstərməlidir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu gün təhsilin
mühüm nəzəri məsələlərindən biri kimi onun psixoloji
əsasları kifayət qədər öyrənilməsə də ona çox böyük
ehtiyacın olduğu aydın şəkildə hiss edilir.
Lakin daha real olan bir məsələ də vardır ki, o
təhsilin, eləcə də onun ayrı-ayrı məsələlərinin həllində
xüsusi pedaqoji və psixoloji cəhətləri, tələbləri
axtarmaq meylindən ibarətdir. Araşdırmalar onu göstərir
ki, özlüyündə inteqrativ bir varlıq kimi şəxsiyyətin
inkişaf etdirilməsi üçün pedaqoji, yaxud psixoloji
tələblərin ayrılıqda öyrənilməsi kifayət etmir. Bu
məsələlərin unifikasiya olunmuş, birləşdirilmiş şəkildə
öyrənilməsinə, onun psixopedaqoji problem kimi
araşdırılmasına daha çox ehtiyac vardır. Bunun üçün isə
təhsilin bütövlükdə psixopedaqoji əsaslarının tədqiq
olunması öz həllini gözləyir.
İlkin araşdırmalara əsasən onu demək mümkündür ki,
dərsin inkişafetdirici prinsip əsasında qurulması mühüm
psixopedaqoji tələblərdən biri kimi diqqət mərkəzində
saxlanılmalıdır. Eləcə də bərabər şəraitin yaradılması,
valideynin pedaqoji prosesə cəlb olunması da
psixopedaqoji tələblər kimi tədqiqata cəlb olunmalıdır.
Dərs mühüm pedaqoji anlayışlardan biri kimi özünün
tipoloji xüsusiyyətlərə malik keyfiyyətini bu gün də
saxlayır. Lakin konkret dərs tiplərinin hazırkı şəkildə
qalması, ondan istifadə edilməsi, yaxud da gələcəkdə
onlara müraciət olunması barədə qəti fikir söyləmək
çətindir. Bunun üçün müvafiq araşdırmaların aparılması
və konkret fikrə gəlinməsi ən səmərəli və inandırıcı
yanaşma tərzi ola bilər. Lakin bir həqiqət vardır ki,
müasir dərs özünün maraqlılıq atributunu dərsdə müəyyən
ziddiyyətlərin yaranması zamanı qazanır. Bu da özlüyündə
problemin yaradılması və onun həlli üçün zəmin
hazırlayır. Eləcə də summativ qiymətləndirmə dərslərinin
olması da yeni dərsin tiplərindən biri kimi
dəyərləndirilməlidir.
Dərs texnologiyadır. Onun ayrı-ayrı hissələri barədə
fikirlərin olması strateji əhəmiyyət daşıyır. Ənənəvi
pedaqogikada dərsin mərhələləri barədə fikirlərin
olması, az qala bu mərhələlərin əzbər öyrənilməsi ona bu
gün də olduğu kimi yanaşmağı tələb edir. Doğrudur, indi
də fəal-interaktiv dərslərin məzmun və strukturundan
danışırlar. Onun standart tələblər kimi qəbul olunmasına
çalışırlar. Demokratik təhsil prinsipi bu yanaşmanı
təkzib edir, müəllimin təlim məqsədi ətrafında sərbəst
olaraq fəaliyyət göstərməsini mühüm tələb kimi qarşıya
qoyur. Ona görə də problemin həllinə yönəlmiş hər hansı
dərs nümunəsində müəllimin yaradıcı fəaliyyət
göstərməsi, öz işini layihələşdirməklə planlaşdırması
zəruri hesab edilir. Eyni zamanda tədqiqatçılıq
bacarığına malik olması əsas cəhət kimi qeyd olunur.
Dərs planı müəllimin sənədidir. Onu müəllim hazırlayır.
İllər uzunu bu sənədin hazırlanıb-hazırlanmaması
müzakirə obyekti olub. O müzakirələr bu gün də davam
etməkdədir.
Dərsin planının hazırlanması vacib mərhələdir. Onun həm
müəllimin inkişaf etməsi, həm də təlim prosesinin idarə
olunması baxımından əhəmiyyəti vardır. Ona görə də dərs
planının hazırlanmasına ciddi yanaşılmalıdır. Xüsusilə
müasir nəticəyönümlü təhsil sisteminin qurulduğu hazırkı
şəraitdə dərs planı daha konkret və aydın şəkildə tərtib
olunmalıdır. Orada reallaşdırılan standartlar, dərsin
məqsədi, vəzifələri, mənbələr, dərs prosesinin konkret
addımları (mərhələləri) müasir zamanın tələbləri
baxımından verilməlidir. Ən başlıcası dərsin
planlaşdırılması zamanı şagirdin yüklənməsi ilə
nəticələnən əlavələrdən yan keçilməlidir.
Müasir dərsin müxtəlif parametrləri (məsələn, dərsin
məqsədinin bir və ya bir neçə olması dərsdə konkret
vəzifələrin müəyyənləşdirilməsi, dərsdə qiymətləndirmə
fəaliyyətinin təşkili, müxtəlif dərs tiplərinin
planlaşdırılması və s.) ilə bağlı tədqiqatların
aparılmasına, müzakirələrin keçirilməsinə ehtiyac
vardır. Əgər həmin araşdırmalar aparılarsa, bu gün
müasir dərsi fenomenal bir təhsil hadisəsi kimi daha da
irəlilətmək mümkün olar. |