Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Uşaqlara adların və soyadların seçilməsində nələrə diqqət etməli?

 

Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovla söhbət 

İnsan övladı dünyaya gəldikdən sonra onun həyatında bir çox yaddaqalan hadisələr olur ki, bunlardan biri də ad qoyulmasıdır. Hamımıza məlumdur ki, adların insan həyatında xüsusi rolu var. Körpələrə qoyulan bu adlar mənasına uyğun olaraq uşaqların xarakterinin formalaşmasına, psixologiyasına böyük təsir edir.  Psixoloqlar hesab edirlər ki, valideynlər körpəyə ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə qapılmamalıdırlar. Körpələrə ad seçərkən həm onun səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə adlar verilməlidir ki, böyüyəndə utanmasın. Qeyd edək ki, vaxtilə valideynlərin səhvən qəribə adlar verdiyi şəxslər sonralar öz adlarını dəyişdirməyə çalışırlar. Öz adından narazı olan insanlar sıxıntı və narahatlıq hiss edirlər. Bu sıxıntı onlarda ciddi psixoloji gərginlik yaradır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin mütəxəssisləri yeni doğulan uşaqlara ad qoyularkən milli adlara üstünlük verilməsini tövsiyə edirlər. Qeyd edilir ki, valideynlər Azərbaycan dilinin böyük izahlı onomastik lüğətindən istifadə edərək uşaqlara ad seçimi edə bilərlər.  Statistik məlumatlara görə, 2013-cü ildə respublikamızda yeni doğulan körpələrdən oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı verilib. Bundan başqa Əli, Hüseyn, Məhəmməd, Ömər, Fatimə, Xədicə, Aylin, Nuray və s. adlar da daha çox üstünlük təşkil edir.

Soyadlara gəldikdə isə, adından da göründüyü kimi, bu, bir insan doğulduğu zaman ona ailəsinin daşıdığı soyadın verilməsi ilə izah olunur. Yəni uşaq dünyaya gəldiyi zaman atasının və ya anasının daşıdığı soyadı ona verirlər. Azərbaycan özünün dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də məhz ad və soyadların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının öndə tutulmasıdır. Məsələ ilə bağlı hökumət tərəfindən ciddi addımlar atılmaqdadır. Belə ki, uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapmışdır.  

- Nizami müəllim, bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvlərindən biri də sizsiniz. Təəssüratlarınız? 

- Adlar, soyadlar və  ata adları  məsələsi həmişə çox ciddi bir milli məsələ olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada ad, soyad məsələsi daim diqqət mərkəzində olub. Təbii ki, adlar dövrlə, zamanla əlaqədar həmişə dəyişir. Hər dövrün öz xüsusiyyətləri olur və cəmiyyətə özünün ad mədəniyyətini gətirir.

Azərbaycan xalqı olaraq, biz ad və soyad məsələsində demək olar ki, üç mərhələ keçmişik. Bu üç mərhələnin üçü də bizim şəxs adları  sistemimizdə indi də var. Birinci mərhələni təşkil edən bugünkü adlarımızın ən qədimi və əsas hissəsi türk mənşəli adlardır.

İkinci mərhələdə demək olar ki, ərəb-fars adları bu gün də çoxluq, üstünlük təşkil edir.

Üçüncü mərhələ XIX əsrdən başlayaraq  müasir dünya mədəniyyəti ilə daha sıx təmasda olması nəticəsində Azərbaycanda  Avropa mənşəli adların meydana gəlməsi və bu adlara zaman keçdikcə daha çox təsadüf olunması ilə başlayıb.

Ərəb-fars mənşəli adların yenə də çoxluq təşkil etməsi birinci növbədə islam dini ilə bağlıdır. İslamı qəbul etdikdən sonra bu dinlə bağlılığı  olan Əhməd, Məhəmməd, Həsən, Hüseyn və digər adlar ərəb mədəniyyətindən, islam mədəniyyətindən bu günümüzə gələn adlardır.

 Ancaq XX əsrin ortalarından sonra, daha dəqiqi, 60-cı illərdən başlayaraq artıq nisbətən müasir adlar geniş yayılmağa başladı. Əslində bu proses 30-cu, 40-cı illərdən sonra tədricən başlamışdı. Məsələn, Anar, Elçin, Aytən, Aydan, Aysu, Aysel, Aytac, Orxan, Toğrul kimi adlar gündəmə gəldi və 50-60- cı illərdən sonra daha da geniş yayılmağa başladı. Əgər bizim ad sistemimizdə bir vaxtlar  tipik adlar kimi Əhməd, Məmməd deyilirdisə, sonrakı dövrlərdə yeni adlar da çox  populyar oldu. Bu adların bəzisi türk mənşəli adlardır. Ümumiyyətlə, sözügedən dövrdə ərəb-fars mənşəli adlara çox rast gəlinsə də, bütövlükdə  türkləşmə meyli daha çox hiss olunur. Düzdür  yeniləşmə, müasirləşmə nöqsan deyil. Əslində yeniləşmə olmalıdır. Amma eyni adın  çox qoyulması nöqsan sayılır. Burada  mürəkkəblik ondan ibarətdir ki, yeni meydana  gələn adlar o qədər çox qoyulur ki, bu gün eyni addan on minlərlə insan var. Bizim ad sistemimizdə bəzi adlar, xüsusilə, Cəfər Cabbarlının əsərlərində təsadüf etdiyimiz Sevil, Almaz, Gülüş, Yaşar, Oqtay kimi şəxs adları bir vaxtlar çox sürətlə qoyulmağa başladı.  

- Eyni adın çox qoyulmasına əngəl olan  hər hansı bir məhdudiyyət qanunvericilikdə mövcuddurmu?  

- Xeyr. Normal səslənən adların qoyulmasında heç bir limit, qadağa yoxdur. Amma... elə adlar var ki  ənənəvidir, adlar sistemimizə sonradan gəlsə də, normal səslənir. Sadəcə çox qoyulduğuna görə problem yaradır. Bəzən bir auditoriyada, bir  sinifdə, lap bir məclisdə eyni adı daşıyan azı 10 nəfərə rast gəlmək olur. Nəinki adlar, hətta soyadlar belə eyni olur. Bu da bütün  hallarda ümumi ictimai mühitdə qüsur sayılır. Bu o deməkdir ki, xalqın təfəkkürü geniş miqyasda, lazım olan miqyasda ad qoya bilmir. Ad qoymaq özü də bir yaradıcılıqdır axı...Yəni istər- istəməz bu sahədə ciddi bir araşdırma, axtarış olmalıdır.

Amma daha böyük qüsur bir vaxtlar az qala ənənə halında çox olan ikipilləli adların, məsələn, Həsənqulu, Məmmədqulu, Cəfərqulu, Fatmanisə, Nisəbəyim, Anaxanım kimi adların bu gün yenə də qoyulmasıdır. Cəmiyyət, bugünkü dövr, müasirlik ikipilləli adları təqdir etmir. Yəni mürəkkəb adlara ümumiyyətlə, həmişə bir etiraz var. Bu da daha  çox ondan irəli gəlir ki, Allahqulu, Hüseynqulu, Həsənqulu kimi adlarda bir aşağılama xüsusiyyəti mövcuddur. Təbii ki, hər bir insan Allahın bəndəsidir, Allahın quludur, amma bunu daha qabarıq şəkildə, adlarda təzahür etdirmək heç də təqdiredici deyil. İkipilləli adlar istər-istəməz bu gün populyarlığını azaltmaqdadır.

Bəzi regionlarda indi də ikipilləli kişi adlarının sonluğunda Alı adı çoxluq təşkil edir. Alı adı əslində elə Əlinin təhrif edilmiş variantıdır. Türkiyə türklərində də Alı daha çox işlənir.

Bizdə belə bir ənənə də var ki, əksər vaxtlarda yeni doğulan uşağa valideyn  adətən öz ata-anasının adını qoyur. Bütün dünyada mövcud olan bu ənənəni xalqımız  əgər bu gün də yaşadırsa, valideynlər mütləq şəkildə ata-analarının adlarını öz övladlarına qoymaq istəyirlərsə, onda heç olmasa həmin adları müasirləşdirmək  vacibdir. Unutmaq olmaz ki, axı övlad sənin xüsusi mülkiyyətin deyil, o, cəmiyyətin hadisəsidir. Sən bu gün müasir olmayan, səslənməsi istehza doğuran hər hansı bir  adı uşağına qoyarsansa, sabah övladın cəmiyyət içinə çıxanda özünü yaxşı hiss etməz, adı onda kompleks yaradar. Bəlkə də həmin uşaq müstəqil həyata qədəm basanda, ilk növbədə ata-ananın qoyduğu adı dəyişdirəcək.

Ona görə də ad qoyarkən ailə tələblərindən daha çox cəmiyyətin, ümumi inkişaf mədəniyyətinin tələbləri nəzərə alınmalıdır.

Sovet dövründə Şura, Vladlen, Kolxoz, Kombayn, Traktor, Sovet, Pambıq kimi gülünc adlar qoyulurdusa, indi də həddindən artıq müasir texnologiyalarla bağlı texniki adların qoyulması qüsur sayılır. Əlbəttə ki, gülünc adlarla yanaşı fəsillərin, ayların ad kimi qoyulması (Yanvar, Fevral, Aprel,  Payız və s.), Avropa dillərindən götürülən adların, əcnəbi dövlət başçılarının, xarici müğənnilərin və s. əcnəbi adların bizim adlar sistemimizə gətirilməsi çox  yolverilməz haldır.

Artıq bu gün Azərbaycan dünyaya inteqrasiya olunur, dünya Azərbaycana gəlir.  İstər-istəməz əgər ana  başqa millətin nümayəndəsidirsə, onda həmin ailədə doğulan uşağa iki mədəniyyətli ad qoymaq məsələsi ortaya çıxacaq. Yəni buna da təəccüblü baxmaq lazım deyil.

Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi Komissiyası adlar və soyadlar üzərində kifayət qədər işlədi. Görkəmli mütəxəssislərin köməyi ilə Azərbaycanda nə qədər şəxs adları vardısa, hamısının adları üzə  çıxarıldı. Mən də bir üzvü olduğum komissiya işini bitirdi və nəticələr Nazirlər Kabinetinə təqdim edildi. Müəyyən müqayisələr, müzakirələr aparıldı və əlavə olaraq təbiətlə, Azərbaycanın tarixi ilə, folklorumuzla, qədim türk dünyası ilə bağlı  olan yeni adlar  da təklif olundu. Milli köklərə istinadın genişlənməsi, türk dünyasına inteqrasiya baxımından belə adların qoyulması yaxşı haldır.

Biz ad və soyadlarla bağlı yaradılmış komissiya olaraq, belə qənaətə gəldik ki, şəxs adlarına üç münasibət olmalıdır:

1.Qeydsiz-şərtsiz, yəni mübahisəsiz qəbul olunan adlar.

2. Mübahisəli olan adlar. Onların çəkisi get-gedə azalır və yaxşı olar ki, belə adlar ümumiyyətlə qoyulmasın.

3. Qoyulması qadağan olan adlar. Elə adlar var ki, bunlar sahibinə utanc gətirir. Bu gün birdən-birə hansısa bir azərbaycanlının beyninə düşərsə ki, uşağının adını Lenin, Stalin, Hitler, hətta Bin Laden  qoysun, bu tipli təşəbbüslərin  əlbəttə qarşısı alınacaq. Heç bir normal ata-ana uşağına təhqiramiz adlar qoymaq istəməz. Amma belə adların qoyulması bəzən anlamamaqdan, bilməməkdən də meydana çıxır.  

- Bəs komissiyada soyadlarla bağlı hansı müzakirələr oldu? 

- Biz, Azərbaycanda hansı soyad formaları varsa, əvvəlcə onların  statistikasını çıxardıq. Məlum oldu ki, faktiki olaraq populyar soyad formaları bunlardır: "ov", "yev" soyad forması təxminən 80 faiz təşkil edir, "lı", "li", "lu", "lü" sonluqlu və "zadə" sonluqlu soyadlar da ayrılıqda hər biri 10 faizə qədərdir.

Mən  hətta fikirləşirdim ki, şəkilçisiz formada olanlar- məsələn, Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun- üstünlük təşkil edəcək. Amma bu çox az idi. 

- Sizcə, səbəb nə idi?  

- Ona görə ki, bu formalar daha çox ədəbi təxəllüs, ədəbi ad səviyyəsində olub. Yəni, yazıçı, şair, alim özünə şəkilçisiz, qoşa adlar götürsə də, rəsmi sənəddə  əsl adı  Səməd Vurğun yox, Səməd Vəkilov, Süleyman Rüstəm yox, Süleyman Rüstəmzadə kimi yazılıb. Bu səbəbdən də bizdə şəkilçisiz adlar geniş yayılmayıb. Amma qardaş Türkiyədə bu forma çox geniş yayılıb və uyğun sayılır. Azərbaycanda  "oğlu", "qızı" yazılış forması ilə olan soyadlar da elə böyük faiz təşkil eləmir. Ötən əsrin 20-ci illərindən sonra  "ov",  "yev" sonluğu kütləvi şəkildə soyadlarımıza yazılmağa başlayıb. 

- Şübhəsiz ki, burada bir məcburiyyət də mövcud olub, eləmi? 

- Əlbəttə, necə ki, latın əlifbasını ləğv etməklə əlifbamızı zorla  kiril əlifbası ilə əvəz ediblər. O cür prinsiplə də soyadlarımıza yanaşıb "ov", "yev"  sonluqlarını məcburən xalqımıza qəbul elətdiriblər. Əlbəttə, bu məcburiyyətdən əvvəl də Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov kimi soyadlara təsadüf olunub. Amma onlar könüllü, səmimi şəkildə Rusiya mədəniyyətinə bir hörmət, bir ehtiram, onu təqdir etmək etibarı ilə öz soyadlarını bu şəkildə yazdırıblar. Azərbaycanda Şıxlinski, Naxçıvanski, Bakıxanov, Şəkinskaya kimi soyadlar olub ki, onların varisləri bu soyadları bundan sonra da saxlamaq istəyəcəklər. 

- Komissiya hansı soyad formalarını qənaətbəxş hesab etdi? 

- Soyadlarımızla bağlı apardığımız müzakirələrdə qərarlaşdırdıq ki, altı formadan istifadə olunsun. Birinci şəkilçisiz formadır: Əhməd Həsən; İkinci "lı", "li", "lu", "lü" ilə, üçüncüsü "oğlu" ilə yazılan formadır. Bu formada ailədə olan qız uşaqları da  "oğlu" sonluqlu soyadı daşıyır. Mən "qızı" sonluğunun əleyhinəyəm. Çünki uşağa verilən "oğlu" oğul, qız mənasında deyil, sadəcə, soyad sonluğudur. Sabah "qızı" soyadını daşıyan insan oğlan övladına bu soyadı necə ötürəcək? Amma qız uşaqlarının  "oğlu" soyadını daşıma ənənəsi Azərbaycanda əvvəldən mövcuddur. Məsələn, "Həsənoğlu".

"Zadə" sonluğu da bir qədər mübahisəli idi ki, guya bu, İran mənşəlidir, amma sonra   dördüncü forma kimi "zadə" sonluğunu qəbul edəsi olduq. Çünki bu soyad forması  bizdə çox geniş yayılıb və daha çox milli hadisə kimi çıxış eləyir. Üstəlik də  "zadə" sonluğu heç vaxt, heç bir dövrdə azərbaycanlılara xüsusi bir təzyiq vasitəsi kimi qəbul etdirilməyib. Bu forma bizə müsəlman mədəniyyətinin hadisəsi kimi gəlib. İranda da bu soyad forması geniş yayılıb. Maraqlı da burasıdır ki, bu soyad formasını daha çox türklər daşıyır.

Beşinci və altıncı "soy", "gil" formalarını qəbul edəndə  heç də hamımız, o cümlədən mən də, inanmırdıq ki, bunun bir əhəmiyyəti olacaq. Bu bir eksperiment kimi təqdim olundu.  

- Gələcəkdə bir də yenidən soyad məsələsinə qayıdıla bilərmi? 

- Gələcəkdə başqa bir milli familiya, soyad forması təqdim olunacaqsa, yenə də çalışmaq lazımdır ki, bu qədər çox forma yayılmasın. Ən çoxu bir, iki, üç forma saxlamaq kifayət edər və bu formalar yalnız özünü azərbaycanlı hesab edənlərə aid olar. Azərbaycanda yaşayan, bu ölkənin vətəndaşı olan başqa xalqın nümayəndələri isə özlərinin soyad formalarından istifadə edərlər. Yəni, özləri istəsə bizim ad-soyadımızı  götürə bilər. Amma heç kimə təzyiq edib deyə bilmərik ki, sən bizim ad, soyadı götür. Biz soyad formalarını qəbul edəndə elə etməliyik ki, bu formalar yalnız Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızın yox, dünya azərbaycanlılarının da qəbul edə bildiyi forma olsun ki, nəticə etibarilə birlik, inteqrasiya təmin oluna bilsin. 

Ellada UMUDLU,
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov