Astara Pedaqoji Kollecində Nigeriyadan və Misir Ərəb
Respublikasından gəlmiş qonaqlarla görüş keçirilib.
Qonaqlar kollecin fənn-tədris kabinetlərində olub,
tələbələrlə səmimi görüşlər keçirib, müəllimlərlə fikir
mübadiləsi aparıblar. Görüşdə qeyd edilib ki,
Nigeriyadan olan gənclər böyük həvəslə ölkəmizə gəlmək
və burada Azərbaycan dilini öyrənməklə müxtəlif
ixtisaslara yiyələnmək arzusundadırlar.
Kollecin direktoru Ə.Həmzəyev çıxışında xüsusilə
vurğulayıb ki, əcnəbi tələbələrin Azərbaycanda təhsil
almalarına meyilliyinin əsas səbəbi ölkəmizdə stabil
ictimai-siyasi mühitin olmasıdır. Ulu öndərimiz Heydər
Əliyevin məqsədyönlü siyasəti nəticəsində
respublikamızda yaranmış stabillik, inkişaf dinamikası
və Azərbaycanın dünyada tanınması yolunda əldə olunmuş
uğurlar təhsildə, o cümlədən əcnəbilərin Azərbaycanın
təhsil müəssisələrinə cəlb olunmasında da özünü
göstərir. Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmizə
təhsil almaq üçün gələn əcnəbilər, həqiqətən,
respublikamızdakı mühitdən, o cümlədən təhsildən razı
qaldıqlarını həmişə ifadə edirlər.
Vurğulandı ki, respublikamızda təhsil alan əcnəbilərin
əksəriyyəti Bakı şəhərində yerləşən ali məktəblərin
tələbələridir. Gələcəkdə regionlarda da əcnəbi
tələbələrin təhsil almalarına nail olmaq lazımdır. Bu
istiqamətdə müəyyən işlər aparılmaqdadır. Qərara alındı
ki, belə görüş və əlaqələrin sayı artsın.
Qonaqlar xoş təəssüratla kollecdən ayrıldılar.
Azad ABDULLAYEV |