Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin növbəti, 176-cı məşğələsi
keçirildi. "Heydər Əliyev və dünya azərbaycanlılarının
həmrəyliyi" mövzusuna həsr olunmuş məşğələni giriş sözü
ilə açan universitetin rektoru, professor Saleh
Məhərrəmov 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, bu
əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan
xalqının milli həmrəyliyinin formalaşmasında ümummilli
liderin misilsiz xidmətlərindən bəhs etdi. Qeyd olundu
ki, 2013-cü il Azərbaycan xalqı üçün uğurlu olmuşdur. Ən
əsası isə prezident seçkilərində Heydər Əliyev
ideyalarının, siyasi kursunun layiqli davamçısı İlham
Əliyev qələbə çalmışdır. Rektor 46 il ərzində zəngin
inkişaf yolu keçmiş universitetin beynəlxalq əlaqələrin
inkişafı, beynəlxalq müəllim və tələbə mübadiləsi
proqramlarına qoşulmaq, müasir
informasiya-kommunikasiya vasitələrinin tədrisdə tətbiqi
və digər sahələrdə ötən il qazandığı uğurlardan bəhs
etdi.
Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov mövzu ilə
bağlı məruzə edərək XX əsrin sonlarında azərbaycançılıq
və milli həmrəylik ideyalarının geniş vüsət aldığını
vurğuladı. Bildirildi ki, 1989-cu ildə Naxçıvandan
başlayan sərhəd hərəkatı ilə milli birlik uğrunda
mübarizənin təməli qoyulmuş, 1989-cu ilin dekabrında baş
vermiş tarixi hadisələrə məhz ilk dəfə Heydər Əliyev
siyasi qiymət vermiş, Naxçıvan MR Ali Məclisinin sədri
kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması
ilə bağlı xüsusi qərar imzalamışdır. Məruzədə Heydər
Əliyevin Azərbaycan diasporunun formalaşması uğrunda
məqsədyönlü siyasətindən, dünya azərbaycanlılarının
qurultaylarının keçirilməsindəki rolundan, bu tarixi
missiyanın bu gün Prezident İlham Əliyev tərəfindən də
uğurla həyata keçirilməsindən bəhs olundu.
Məşğələdə mövzu ilə bağlı slayd nümayiş olundu.
Mehriban SULTAN |