| 
						
						Yanvarın 7-dən Azərbaycan Dillər Universitetində qış 
						imtahan sessiyasına start verildi.  
						
						ADU-nun  rektoru, Milli Məclisin deputatı, professor  
						Səməd Seyidov 2013/2014-cü tədris ilinin qış imtahan 
						sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun 
						keçirilməsini təmin etmək məqsədilə müvafiq əmr 
						imzalayıb.  Qış imtahan sessiyası əyani şöbədə  30 
						dekabr  2013-ci il tarixindən 4 fevral 2014-cü il  
						tarixinədəkdir.   Qiyabi şöbədə isə  sessiya müddəti 
						yanvarın 7-dən fevralın 10-dək müəyyən edilib.  Qış 
						imtahan sessiyası 4 fakültənin (tərcümə, pedaqoji, 
						filologiya və jurnalistika, regionşünaslıq və beynəlxalq 
						münasibətlər)  əyani gündüz, pedaqoji  fakültənin əyani 
						gündüz və qiyabi şöbələrində aparılır. 
						
						Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ 
						halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, 
						habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə 
						kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. 
						Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik 
						etdiyi  Operativ Qərargahın üzvləri rektorun müşaviri 
						Vazeh Əsgərov,  Xüsusi  şöbənin  rəisi  Elçin  Tağıyev,  
						xarici dillərin tədrisi metodikası kafedrasının baş 
						müəllimi Hafiz Rəhimov  və Tələbə Gənclər  Təşkilatının  
						sədri  Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 
						440-35-05, 440-35-02, 440-64-82  nömrəli şəhər və 141, 
						146, 264 nömrəli daxili telefonları, eləcə də  
						mail@adu.edu.az ünvanlı elektron poçtu "Qaynar xətt" 
						elan edilib. 
						
						Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri 
						və təklifləri qəbul etmək üçün binaların daha çox diqqət 
						çəkən yerlərində müvafiq qutular qoyulub. Fakültə 
						dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan 
						sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil 
						olunmasını təmin etsinlər.  
						
						
						ADU-nun Mətbuat xidməti |