Naxçıvan Özəl Universitetində Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının qəbul olunmasının 15
illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin tədris və elmi
işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru,
dosent İbrahim Kazımbəyli açıb.
Konfransda humanitar elmlər kafedrasının müəllimi Rövşən
İsmayılxanlı "Naxçıvan Muxtar Respublikasının 1998-ci
ildə qəbul edilmiş Konstitusiyasının hüquqi statusunun
əsasları" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib
ki, konstitusiya ölkənin əsas qanunu olub, dövlətin
siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşların
hüquqi statusunu müəyyən edir. Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra yeni konstitusiya
layihəsinin hazırlanmasına başlanıb. 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi (referendumu) ilə müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
olunub.
Qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları
hazırda qüvvədə olan Moskva və Qars beynəlxalq
müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə
Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha
bəyan edilərək Naxçıvanın ərazi hüdudları
dəqiqləşdirilib. 1926-cı ildə Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci,
1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib.
1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının
Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni
Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul
edilib və həmin il dekabrın 29-da Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub.
Sonra ali təhsil ocağının tarix müəllimliyi ixtisasının
IV kurs tələbələri Nurlan Quliyevin və Könül Əlisoylunun
mövzu ilə bağlı çıxışları olub.
Nuray ƏSGƏROVA |