2014-cü
il yanvar ayının ilk həftəsində Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu
Kurikulum Mərkəzində növbəti dəfə "Yeni təlim proqramı
(kurikulumlar): respublikamızın məktəblərində işin
təşkili, reallıqlar, perspektivlər" mövzusunda
elmi-praktik konfransın reallaşdırılması üçün görüş
keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa
İbrahimov, TPİ-nin direktoru Qulu Novruzov və direktor
müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov,
Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin Əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz
Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak
edib. Mərkəzin konfrans zalında keçirilən tədbirə
respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal
müəllim qatılıb.
Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri
İnstitutunun direktoru Qulu Novruzov belə işgüzar
görüşlərin tez-tez keçirilməsinin vacibliyini
vurğulayıb. Natiq respublikamızda həyata keçirilən
uğurlu təhsil islahatlarından və özəlliklə də Azərbaycan
dövlətinin inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək
sürətlə tətbiq etməsindən danışıb. O, 2013-cü il
oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təhsil sahəsində mütərəqqi
islahatları nəzərdə tutan növbəti bir sənədə imza
atdığını bildirib. Natiq bu sənədin təhsil sahəsilə
maraqlanan hər kəsi narahat edən məsələlərin köklü
həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması
barədə sərəncam olduğunu xatırladıb. "Dövlət
Strategiyası təhsil islahatlarının daha sistemli
aparılması və ölkənin inkişafına daha yüksək töhfələr
vermək istiqamətində düşünülmüş konseptual bir
sənəddir", - deyə o bildirib.
Q.Novruzov həmçinin Azərbaycan təhsil sistemindəki
yeniliklər və qarşıda duran vəzifələr barədə məlumat
verib. O, kurikulumların və ümumilikdə təhsildə atılan
inkişafyönlü addımların daha uğurla nəticələnməsində
məhz yaradıcı və yenilikçi, daim axtarışda olan
müəllimlərin əsas rol oynadığının vacibliyini xüsusi
qeyd edib. Natiq məktəb kurikulumlarının hazırlanması
barədə də məlumat verib. Bildirib ki, bölgələrdə
yerləşən hər bir təhsil müəssisəsinin özünün məktəb
kurikulumlarının hazırlanması işinə başlanılır. Yəni hər
məktəbin özünün məktəb kurikulumu olacaq. Direktor
çıxışında həmçinin görüş iştirakçılarına təhsil naziri
cənab Mikayıl Cabbarovun təhsillə bağlı söylədiyi
fikirləri çatdırıb.
Təhsil nazirinin müşaviri Ağababa İbrahimov "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata
keçirilməsində və geniş ictimaiyyətin
məlumatlandırılmasında məhz təhsil işçilərinin böyük
xidmətlərinin olacağını vurğulayıb. O, ümumi təhsil
sistemində aktual problemlərin həllinə istiqamətlənmiş
islahatyönlü tədbirlərin həyata keçirilməsində əsas
məqsədin məktəblərdə sağlam və səmərəli təhsil mühitinin
yaradılmasından, təhsilin keyfiyyətinin yüksəldilməsi və
məktəbin idarə olunmasının müasir tələblər
səviyyəsinə çatdırılmasından ibarət olduğunu vurğulayıb.
Təhsil Problemləri İnstitutunun direktor müavini,
Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov ölkəmizdə
həyata keçirilən təhsil islahatlarının mərhələləri,
həmçinin mövcud şəraitdə işlərin icra vəziyyəti barədə
danışıb, bu ilə qədər əldə olunan ilkin nəticələr barədə
fikirlərini paylaşıb. O da kurikulumların və ümumilikdə
təhsildə aparılan inkişafyönlü addımların daha uğurlu
alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin əsas
rol oynadığını qeyd edib. Çıxışçı hər bir müəllimin
dərsin qurulmasında sərbəst şəkildə təhsil
texnologiyalarından istifadə edə bilməsinin vacibliyini
vurğulayıb. Ə.Abbasov şablon dərs texnologiyasının
olmadığını, bunun yalnız müəllimlərin öz seçimi və
yaradıcılığına söykəndiyini bildirib, yalnız dövlət
standartının düzgün reallaşdırılmasının gərəkliliyini
vurğulayıb. Kurikulumlar barədə hazırlanmış kitab və
metodik tövsiyələrin hələlik bir qədər az olduğunu,
lakin bununla yanaşı, bu sahədə işlərin davam
etdirildiyini deyən natiq dərsliklərin yeni nəslinin
hazırlandığını nəzərə çatdırıb.
Sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
Şəmkir, Gəncə, Biləsuvar, Masallı, Astara, Quba,
Goranboy, İmişli, Xızı, Sabirabad, Lənkəran, Lerik,
Saatlı, Laçın, Ağdam, Salyan, Hacıqabul, Neftçala,
Şamaxı, Qəbələ, Samux, Göyçay, Beyləqan, Balakən, Şəki,
Abşeron rayonları, Sumqayıt və Bakı şəhərindən gələn ən
fəal müəllimlər müzakirələrə qoşularaq çıxışlar ediblər.
Respublikanın əməkdar müəllimi, görüşün koordinatoru
Almaz Həsrət qeyd edib ki, kurikulumların daha geniş
ictimaiyyətə çatdırılması ilə bağlı yaradılmış
kurikulum.az
portalı 2010-cu ildən bu günə qədər təhsil işçiləri
və təhsillə maraqlanan bütün şəxslərin böyük marağına
səbəb olub. Müzakirələrin daha geniş təşkili üçün
2010-cu ildən Facebook sosial şəbəkəsində portalın eyni
adlı qrupu qurulub. Qrupa bu günə qədər 8 mindən artıq
üzv qoşulub. Bu isə kurikulumlara olan diqqət və marağın
göstəricisi sayıla bilər. Elə həmin maraq nəzərə
alınmaqla 2013-cü ildən başlayaraq respublika səviyyəli
görüşlər təşkil edilir. Ötən il ərzində ikisi Bakıda,
biri Şəkidə olmaqla 3 belə görüş keçirilib. Bu görüşlər
Azərbaycan mediasında da geniş işıqlandırılıb.
Görüşlərin səmərəli sonuclar verməsi nəzərə alınaraq
2014-cü ildə də ənənənin davam etdirilməsi qərara alınıb
və yanvarın ilk həftəsində növbəti görüş keçirilib.
İmişli rayon Aranlı kənd tam orta məktəbinin direktoru,
əməkdar müəllim Malik Qəhrəmanlı, Biləsuvar rayon
İsmətli kənd tam orta məktəbinin ibtidai siniflər üzrə
metodbirləşmə sədri, əməkdar müəllim Rüstəm Əliyev,
İqtisad Universitetinin müəllimi Xuraman Osmanova,
Şəmkir rayon Kür qəsəbə 2 nömrəli tam orta məktəbin
müəllimi Ruhiyyə Rəfiyeva, həmin rayonun Zəyəm qəsəbə
S.Məmmədov adına tam orta məktəbin təlim-tərbiyə işləri
üzrə direktor müavini Vüsalə Mehtiyeva, Saatlı rayon
S.Vurgun adına 1 nömrəli tam orta məktəbin fiziki
tərbiyə müəllimi Cəfər Məmmədov, həmin rayonun
Əhmədbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi
Orxan Alışov, Laçın rayon Ə.Məmmədov adına Qışlaq kənd
tam orta məktəbinin müəllimi Şəfa Mirzəyev, TPİ-nin
əməkdaşı Afaq Əliyeva, Bakı məktəblərinin müəllimləri
Sənubər Məmmədova, Vəfa Vəliyeva, Roza Qasımova, Abdulla
Qəhrəmanov, Leyla Mürsəlova, Firahnaz Heydərova,
Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Hüseyn
Hüseynov, Sumqayıt şəhərindən müəllim Cəmalə Cəfərova
və b. praktik təhsil işçiləri kimi yerlərdə işin tətbiqi
vəziyyəti ilə bağlı maraqlı çıxışlar ediblər. Əsasən
kurikulumun bölgələrdə tətbiqi, kənd məktəblərində
bununla bağlı işin təşkili, təlimçilərin hazırlığı və
onların yerlərdə keçdiyi kursların keyfiyyəti ilə bağlı,
kurikulumun daha aydın dərk olunması üçün keçirilən
kursların təlim gününün uzadılması, məntiq dərsinin
proqrama salınması məsələsi, məktəb rəhbərliyinin
maarifləndirilməsi işinin təşkilinə diqqətin ayrılması,
qiymətləndirmə və onun mexanizmi, fiziki tərbiyə
fənninin tədrisi problemləri, yeni dərsliklərin
hazırlanması işinin təşkili, bölgələrdə yeni dərsliklərə
münasibət, pedaqoji kadr hazırlığı və müəllim
hazırlığında olan problemlər və s. məsələlərə həsr
olunan çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda TPİ-nin direktoru Qulu Novruzov yaxın
zamanda "Yeni təlim proqramı (kurikulumlar):
respublikamızın məktəblərində işin təşkili, reallıqlar,
perspektivlər" adı altında geniş elmi-praktik konfransın
keçiriləcəyini bildirib.
Keçirilmiş görüş bütün iştirakçıların ürəyincə olub,
ölkənin qabaqcıl müəllimlərinin əlaqələrinin
möhkəmləndirilməsi, bilik və bacarıqların paylaşılması
baxımından yüksək dəyərləndirilib. Görüşdə başlanan
müzakirələr
kurikulum.az
portalının Facebook qrupunda da davam etdirilir. Qərara
gəlinib ki, mövzu ilə bağlı görüşlər, seminarlar,
elmi-praktik konfranslar daha çox bölgələrdə
keçirilsin.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |