Şuşa
Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ötən il
dekabrın sonlarında rayonun Bakı şəhərində və onun
qəsəbələrində fəaliyyət göstərən tam orta
məktəblərində (12 məktəb üzrə) IX-XI sinif
şagirdlərinin birgə iştirak etdikləri komandalar
arasında "Şən və hazırcavablar"ın debat forumu
keçirilib.
Şagirdlərin intellektual səviyyələrinin, bilik və
bacarıqlarının, eləcə də istedadlarının inkişafında
müsbət rol oynayan debat forumunun yarımfinalına,
ənənəyə uyğun olaraq, hər məktəb öz komandasını
hazırlamışdı. Debat forumu ədəbiyyat, tarix, məntiq,
biologiya və coğrafiya fənləri üzrə keçirilmişdir.
Yarımfinalın nəticələrinə görə 6 komanda finala çıxmış
və onlar Nizami Gəncəvi adına Xankəndi şəhər 4
nömrəli tam orta məktəbin Bakının Ramana qəsəbəsində
yerləşən gözəl və yaraşıqlı binasının idman zalında
yarışıblar.
Bayram şənliyi çərçivəsində keçən bu bilik yarışında
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, icra
hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayon
təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri,
müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.
Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, yarışın
münsiflər heyətinin sədri Əyyub Əbdüləzimov debat
forumunun iştirakçılarını salamlayaraq vaxtilə belə
gözəl tədbirin Şuşada keçirildiyindən, debat
yarışlarının şagirdlərin dünyagörüşünün inkişafında
oynadığı müsbət roldan, dahi şəxsiyyətlərin elmə,
təhsilə verdikləri qiymətdən danışaraq sözü Şuşa Rayon
Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevə verdi.
T.Əliyev yeni il ərəfəsində keçirilən tədbirin bütün
iştirakçılarına xoş arzularını bildirdi və komandalara
uğurlar dilədi.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
ümummilli lider Heydər Əliyevin təhsilə, elmə, xüsusən
gəncliyə verdiyi yüksək qiymətdən, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə
və təhsil işçilərinə göstərdiyi qayğıdan, Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın xalqımıza göstərdiyi xidmətlərindən
danışdı və tez bir zamanda işğal altındakı
torpaqlarımıza qayıdacağımızı vurğuladı.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə
Fətəliyeva Azərbaycan təhsilinin bugünkü inkişafından,
təhsilin insan həyatında oynadığı müstəsna roldan
danışaraq debat forumunda iştirak edən şagirdlərə
uğurlar arzuladı.
Rayon təhsil şöbəsinin əməkdaşı Əyyub Əbdüləzimov
özünün ədəbiyyat və məntiq üzrə, şöbənin əməkdaşları
Rəsmiyyə Məmmədovanın biologiya, Ceyhun Məmiyevin
tarix, müəllim Naibə Əliyevanın coğrafiya fənləri üzrə
şagirdlərə suallar hazırladıqlarını və veriləcək
cavabları qiymətləndirəcəklərini diqqətə çatdırdı.
Olduqca maraqlı keçən debat forumunda Şuşa şəhər 1
nömrəli tam orta məktəbin "Şuşa" komandası 1-ci,
Malıbəyli kənd tam orta məktəbin "Qarabağ" komandası
2-ci, 6 nömrəli tam orta məktəbin "Qələbə" komandası
3-cü yerə çıxdılar.
Rayonun N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam
orta məktəbin "Xankəndi", 10 nömrəli tam orta məktəbin
"Şırlan", 7 nömrəli tam orta məktəbin "Cıdır düzü"
komandalarının fəal iştirakı qeyd olundu.
Qalib və fəal komandalara diplom və hədiyyələr
verildi.
Debat forumunda Şuşa Rayon Mədəniyyət və Turizm
Şöbəsinin tabeliyində olan musiqi məktəblərinin və
ansamblların, habelə Şuşa Uşaq Yaradıcılıq Mərkəzinin
maraqlı proqramları tədbiri daha da rövnəqləndirdi.
Kənan ƏBDÜLƏZİMOV,
Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllimi |