Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Ucqar dağ kənd məktəbinin şagirdləri arasında məntiq yarışı

 

2013-cü ildən Astara rayonunun ucqar dağ kəndi olan Şümrüd kəndində müəllimlik fəaliyyətinə başladım. Fəaliyyətə başladığım ilk gündən dağ məktəbində işləməyin çətin olduğunun şahidi oldum. Lakin sənətini sevən gənc bir müəllim kimi üzərimə düşən məsuliyyəti dərk edib özümü təhsil ordusunun əsgəri sandım. Müəllim bir şamdır ki, özünü əridərək ətrafına işıq saçar aforizmini xatırlayıb yaradıcı fəaliyyət göstərəcəyimə dair söz verdim. İlk gündən mən öz fəaliyyətimi şagirdlərin özünə inam hissinin, məktəbə, təhsilə maraqlarının artması istiqamətində qurmağa başlayaraq məntiqdən dərsdənkənar məşğələlər keçirməyə başladım. Şagirdlərin istər fərdi şəkildə bir-biri ilə, istərsə də komandalar şəklində məntiqi sualları həll edərək yarışması onların maraqlarının artmasına səbəb oldu. Şagirdlərimin artan marağını nəzərə alıb I yarımilin sonunda "Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Şümrüd kənd orta məktəbinin məntiq yarışı"nı keçirməyə qərar verdim. Daşıdığım müəllim adına layiq olmaq üçün bütün təşkilati məsələləri üzərimə götürüb uşaqlara sevincli və unudulmaz anlar yaşatmaq istədim. Yarışın daha maraqlı keçməsi üçün üzərində "Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Şümrüd kənd orta məktəbinin məntiq yarışı" yazısı həkk olunmuş fincanlar və qələmlər, eyni zamanda qaliblər üçün fəxri fərman hazırladaraq uşaqların yarışa hazırlanması yönündə fəaliyyətə başladım. Və elə bu dövrdə daha sevincli bir xəbər aldıq ki, uşaqların sevincinə sevinc qatıldı. Aztv-də yayımlanan Müasir Azərbaycan Gənci (MAG) verilişi həmin gün qonağımız olaraq tədbirimizi işıqlandıracaqdı. Bunu bilən şagirdlərimin gözlərindəki sevinci görmək bir müəllim kimi mənə ruh verdi.

Yarışda müəllim və şagird kollektivindən başqa xüsusi qonaqlarımız da vardı. Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Səfərəli Məmmədov, Pəlikəş bələdiyyəsinin sədri Eynəli Əzizov, Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zakir Bunyadov, telejurnalist, "MZ production"un baş redaktoru İradə Sultanova həmin gün bizi tək qoymamışdılar. Hər kəs öz yerini tutduqdan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Şümrüd kənd orta məktəbinin məntiq yarışının bədii hissəsinin açılışı oldu. Əsgər geyimində olan şagird dövlət bayrağını otağa gətirdi və respublikamızın Dövlət himni səsləndi. Məktəbin direktoru Məmmədhüseyn Dadaşov qonaqları təqdim edərək onları, müəllimləri, yarış iştirakçılarını salamladı, belə tədbirlərin, yarışların məktəb və şagirdlər üçün faydasından danışdı.

Yarışın təşkilatçısı kimi məntiq yarışı keçirməyimin və bu yarışın Həmrəylik gününə həsr etməyimin zəruriliyindən söz açdım. Bu gün təhsilə yanaşmanın dəyişdiyini şagirdlərə hazır əzbəri biliklərin verilməsinin yox, məhz onlarda bacarıq və vərdişlərin formalaşmasının, məntiqi təfəkkürün inkişafının başlıca məqsədimiz olduğunu qeyd edərək məntiq elmi, onun tarixi, əhəmiyyəti, eləcə də IQ haqda maraqlı məlumatları iştirakçıların nəzərinə çatdırdım.

Daha sonra məktəbimizin ingilis dili müəllimi Şahin müəllim Həmrəylik Gününün tarixi və Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərindən danışdı. Şagirdlərin ifasında "Ulu bir sərkərdə, ulu bir öndər" şeirinin sonunda Heydər Əliyevin 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışından "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" fikrinin səsləndirilməsi alqışlara səbəb oldu.

Çıxış edənlər dağ məktəbində belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək yarış iştirakçılarına uğurlar arzuladılar. 11-ci sinif şagirdi Xaqani Riyazi sofizmlər haqqında çıxış edib 5-in 6-ya bərabər olduğunu isbat edərək hər kəsin marağına səbəb oldu. 6-cı və 8-ci sinif şagirdləri Əfrail və Samran kibrit çöpləri ilə məntiqi məsələlər nümayiş etdirdilər. Daha sonra hərəsində dörd nəfər olmaqla 2 komanda - "Zəka"  və "Xəzər" komandalarının arasında 3 mərhələdən ibarət kiçik yarış oldu. I mərhələdə 6 və 7-ci sinif şagirdləri onlara riyazi tapmacalar təqdim etdi. II mərhələdə qonaqlara əyləncəli və məntiqi suallar yazılmış kiçik vərəqlər paylandı ki, onlar bu sualları komandalara ünvanladılar. Nəhayət, III mərhələdə komandalar bir-birinə keçmiş həlqələri, dəmir parçalarını ayırmaq kimi praktik tapşırığın öhdəsindən gəlməyə çalışdılar. 3 mərhələnin yekununa görə "Zəka" komandası qalib gəldi. Məktəb direktoru və qonaqlar 5 şagirdə yarışın sual kitabçasını təqdim edərək uğur arzuladılar. Bundan sonra 25 IQ testindən ibarət sual kitabçaları şagirdlərə paylanaraq onlara bir saat vaxt verildi. Yarışın yekununa görə 6-cı sinif şagirdləri Əfrail I, Elçin II və 10-cu sinif şagirdi Ayaz III yerləri tutaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Bu yarış bir daha sübut etdi ki, məntiq yaş və sərhəd tanımır. 6-11-ci sinif şagirdlərinin qatıldığı yarışda ilk 5 yerdə qərarlaşanlardan 3 məktəblinin 6-cı sinfi təmsil etməsi diqqətçəkən məqam idi. Bu da yeni təlim metodlarının, kurikulumun şagirdlərin məntiqi təfəkkürünün inkişafında müsbət təsirinin bariz nümunəsi idi.

Sonda qeyd edim ki, yarışın təşkilatçısı kimi mən bu gün özümü zəngin hesab etdim. Şagirdlərimin üzündəki sevinc və sabaha inam hissi məndə bu duyğunu yaratdı. Onlar yarışın keçiriləcəyini bildikdə buna sevinclə hazırlaşırdılar. Lakin çəkilişin gələcəyi xəbəri onların həvəsini daha da artırdı. Hər bir müəllim şagirdinə nümunə olmağı bacarmalı, onları öz şəxsində tərbiyə etməlidir. Deyirlər müəllim necədirsə, sinif də elədir və mən fəaliyyətim zamanı bu deyimləri daim nəzərə alır, işlədiyim kənd üçün, eləcə də xalqımız üçün sağlam düşüncəli gənclər formalaşdırmağa çalışıram. 

Fikrət ABDULOV,
Astara rayonu Şümrüd kənd orta məktəbinin fizika müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov