| 
						
						Yanvarın 8-də Karl adına Praqa Universitetinin rektoru, 
						professor Vaclav Hamplın başçılıq etdiyi nümayəndə 
						heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur. 
						
						AzərTAc xəbər verir ki, tanınmış alimlərin, mütəxəssis 
						və müəllimlərin də iştirak etdikləri görüşdə BDU-nun 
						rektoru, Milli Məclisin deputatı, akademik Abel 
						Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmin, 
						təhsilin inkişafına daim xüsusi önəm verdiyini 
						vurğulamışdır. 
						
						Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan 
						rektor BDU-nun inkişaf mərhələləri, fəaliyyəti, 
						beynəlxalq əlaqələri, o cümlədən Praqa Universiteti ilə 
						əməkdaşlığından danışmışdır. 
						
						Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verən 
						professor Vaclav Hampl qeyd etmişdir ki, Avropanın ən 
						qədim universitetlərindən olan bu ali məktəbdə 300-dən 
						çox ixtisas və ixtisaslaşma üzrə 54 min tələbə oxuyur. 
						Ümumilikdə 17 fakültəsi və nəzdində bir neçə 
						elmi-tədqiqat institutu olan universitetdə Albert 
						Eynşteyn, Alois Musil, İosif Fişer və dünyanın digər 
						məşhur alim və mütəfəkkirləri təhsil almışlar. 
						
						Sonra Bakı Dövlət Universiteti ilə Karl adına Praqa 
						Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. 
						Sənədi akademik A.Məhərrəmov və professor V.Hampl 
						imzalamışlar.   
						
						Memorandumda müəllim, tədqiqatçı və tələbələrin, 
						həmçinin elmi nəşrlərin, tədris materiallarının 
						mübadiləsi, Avropa İttifaqının qarşılıqlı maraq doğuran 
						layihə və proqramlarında birgə iştirak etmək və s. 
						nəzərdə tutulur.   |