Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
27 dekabr tarixli qərarı ilə bütün tipdən olan
ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə
məktəbləri və peşə liseylərində, idman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil
müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs
yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata
qaldırılıb.
Qeyd olunmalıdır ki, "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə
müəllimlərin həftəlik dərs yükünün maksimum həddi 24
saat müəyyən edilib.
Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərində
fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi
gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda
bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs
yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri
tərəfindən tədris edilirdi ki, bu da onların haqlı
narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs
yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim
sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı
düşməsinə gətirib çıxarırdı.
Bu sahədə beynəlxalq təcrübə də göstərir ki, əksər
ölkələrdə ümumi təhsil sistemində müəllimlərin həftəlik
dərs yükünün yalnız minimum həddi (1 stavka)
müəyyənləşdirilir, maksimum həddə isə məhdudiyyət
qoyulmur.
Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə
görə ali təhsilli müəllim, stajından asılı olaraq,
minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum
207 manat (15-ci ixtisas dərəcəsi ilə) əməkhaqqı alır. |