2013-cü il ərzində Təhsil Nazirliyi tərəfindən təhsil
sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə
modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr
potensialının səriştə və kompetensiya baxımından
gücləndirilməsi sahəsində bir sıra islahatyönlü
tədbirlər həyata keçirilib və mühüm addımlar atılıb.
Belə addımlardan biri XI sinfi bitirən 90 mindən çox
məzunun hamısına attestat almaq imkanının yaradılması
oldu. Ölkə Prezidentinin tapşırığı əsasında orta
məktəbləri bitirən şagirdlərin hamısına attestatın
verilməsi barədə Təhsil Nazirliyinin təklifi Hökumət
səviyyəsinə çıxarılıb və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı
ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər
edilib.
Bu il buraxılış imtahanlarında 2 qiyməti almış yüzlərlə
məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək
ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Ali və orta ixtisas məktəbləri ilə yanaşı, həmin
şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul
olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da
həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq
imkanlarının xeyli artdığını görərik.
2013-cü ildə ölkənin təhsil həyatındakı yeniliklərdən
biri də dərs ilinin başlanmasına qədər 6 yaşı tamam
olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından
əvvəl məktəbə qəbulu üzrə yeni qaydaların qəbulu olub.
Yeni qaydalara uyğun yaradılmış komissiyaların
fəaliyyəti nəticəsində 8 min 846 nəfər uşaq bu il
vaxtından əvvəl birinci sinfə qəbul edilib.
Cari ildə ümumi təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan
müəllimlərin işə qəbulu prosesində çeviklik artırılıb.
Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə
test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari
ildə isə bu proses cəmi 13 gün çəkib. Qeyd edək ki, bu
il 3286 vakant yer müsabiqəyə çıxarılıb. Vakant yerlərə
18782 nəfər elektron ərizə verib. Müəllimlərin işə
qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə,
ümumilikdə 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən
fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə
vakant yerlərin sayı artsa da, keçid balı aşağı
salınmayıb, işə qəbul olunacaq müəllimlərin peşəkar
kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas
meyarı kimi götürülüb.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən noyabr ayında
ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə əlavə
yerləşdirmə aparılıb. Əlavə yerləşdirmədə cari ildə
müəllimlərin işə qəbulu müsabiqəsində keçid balı
toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak
ediblər. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 165
nəfəri işə qəbul olunub.
2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və
X siniflər üçün 146 adda 4022150 nüsxə dərslik və
dərslik komplektləri çap edilib və yerlərə çatdırılıb.
VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında
hazırlanıb. Digər dərsliklər isə əvvəlki nəşrlər
üzərində redaktə işi aparılmaqla çap olunub.
Təhsil Nazirliyində əvvəlki illərdən fərqli olaraq,
qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il
sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi
qərara alınıb. Bu yanaşma dərsliklərin keyfiyyətinin
yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma
endirilməsinə, dərslik yaradıcılığına müəllif
potensialının aktiv cəlb olunmasına kömək edəcəkdir. Bu
sahədə ilk addım olaraq hər il iki sinif üzrə
dərsliklərin hazırlanmasına başlanılıb. Artıq
2014-2015-ci tədris ilinə kurikulum əsasında VII və VIII
siniflərin yeni dərslik komplektlərinin hazırlanması
prosesinə başlanılıb. VII siniflərin dərslik
komplektləri növbəti tədris ilinin əvvəlinə kimi çap
olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaqdır. VIII
siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap
edilərək 1 il seçilmiş məktəblərdə pilot layihə kimi
sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi
nəzərdə tutulur. Bu mexanizmin qarşıdakı illərdə də
davam etdirilməsi planlaşdırılır. Dərslik müəlliflərinin
peşəkarlığını artırmaq və müəlliflik iddiasında olan
mütəxəssisləri dərslik yaradıcılığına aktiv təşviq
etməkdən ötrü təlim kurslarının keçirilməsi də nəzərdə
tutulur.
Bu ilin uğurlarından biri də "2007- 2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət
Proqramı" üzrə layiqli namizədlərin seçilməsi prosesi
olub. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə
namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə
ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət
təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə
komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv
seçim edilib. Bu il əvvəlki illərlə müqayisədə sayca ən
çox tələbə - 787 nəfər aparıcı xarici ali məktəblərdə
təhsil almaq hüququ qazanıb.
Təhsil Nazirliyi tərəfindən bu il həmçinin, ilk
peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun
inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna
əsaslanan sosial xarakterli Müasir Azərbaycan
Peşəkarları Layihəsinin icrasına başlanılıb. Layihə peşə
təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə
və kadr hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsinə xidmət edir. Bu layihə çərçivəsində
müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla
əməkdaşlıq qurularaq bir sıra ilk-peşə ixtisas təhsili
müəssisələrinin bazasında müasir resurs mərkəzləri
yaradılıb.
Təhsil Nazirliyinin tabeliyində olan internat
məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın
təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb.
Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün
(əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm
xəstəliyi) müvafiq dietik menyular hazırlanıb. Menyulara
xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq
dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun
fərdi dəyişikliklər edilib. Bundan əlavə, qeyd olunan
bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları,
uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki
yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi
nəzərə alınmaqla təşkil edilib. Qidalanmanın təşkilinin
vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli
standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji
tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq
və baş verən hər hansı bir çatışmazlığın operativ
şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir.
Rasional və balanslaşdırılmış qidalanma uşaqların
sağlamlığını və harmonik inkişafını təmin edən vacib və
effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda
beyinin, intellektin, mərkəzi sinir sisteminin
inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq
və yeniyetmə yaşlarında düzgün qidalanma qida
maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm
də onların hərtərəfli inkişaf ahəngini təmin edir.
2013-2014-cü tədris ilində respublika üzrə 240, o
cümlədən Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində
370 fizika, kimya və biologiya fənn laboratoriyası
müasir tələblərə cavab verən avadanlıqlarla təmin
olunub. Bu iş dövlət büdcəsindən ayrılmış müvafiq vəsait
hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata
keçirilib.
Ümumi təhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına dair Müvəqqəti Təlimat
qəbul olunub və "Müəllimin formativ qiymətləndirmə
dəftəri" hazırlanıb.
Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin
dəstəklənməsi üzrə layihə müsabiqəsi keçirilib.
Müsabiqənin nəticəsi olaraq "Təhsil siyasəti üzrə
təşəbbüslər" istiqaməti üzrə 13, "Təhsil sahəsində
tədqiqat təşəbbüsləri" üzrə 5, ümumilikdə 18 layihə
müsbət qiymətləndirilib.
2013-cü ildə növbəti uğurlu addımlardan biri də məktəb
direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda
olan pedaqoji kadrlar üçün təlimlərin təşkili olub.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrini əhatə edir. 547
nəfər pedaqoji kadr qeydiyyatdan keçib. Təlimlərdə
iştirak etmək üçün namizədliyini irəli sürmüş 547 nəfər
3 mərhələli müsabiqədən keçməlidir. Müsabiqənin birinci
mərhələsi artıq başa çatıb. Növbəti mərhələyə 152 nəfər
pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi
yanvar ayının sonunda yekunlaşacaqdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan
ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat
məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən
avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə
başlanılıb. Aylıq avans məbləğlərinin həcmi
şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400,
şagirdlərinin sayı 1000-1300 nəfər olan məktəblərdə 500,
şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə
600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar
tərəfindən məktəblərin təcili həlli tələb olunan cari
məsələlərinin həllinə sərf ediləcək.
2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev təhsil sahəsində mütərəqqi
islahatları nəzərdə tutan növbəti bir sənədə imza atıb.
Bu sənəd ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi
ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü
həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması
barədə sərəncamdır. Dövlət Strategiyası təhsil
islahatlarının daha sistemli aparılması və ölkənin
inkişafına daha yüksək töhfələr vermək istiqamətində
düşünülmüş konseptual bir sənəddir. Dövlət
Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət
planının layihəsinin hazırlanması məqsədilə Təhsil
Nazirliyində işçi qrup yaradılıb.
2013-cü ildə təhsil sahəsindəki yeniliklərdən biri də
ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların
əsas prioritetlərinin elan olunmasıdır. Bu sahə üzrə
prioritetlərin açıqlanması "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan əsas hədəflərin həyata keçirilməsinə və geniş
ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Ümumi
təhsil sistemində aktual problemlərin həllinə
istiqamətlənmiş islahatyönlü tədbirlərin keçirilməsində
əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil
mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və məktəbin idarə olunmasının müasir
tələblər səviyyəsinə çatdırılmasından ibarət olub.
2013-cü il dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən
Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.
Azərbaycanın bütün bölgələrindən nümayəndələrin
seçildiyi qurultayda dövlət rəsmiləri, millət vəkilləri,
ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil
müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri,
nüfuzlu müəllim, ziyalılar və digər müvafiq qurumların
əməkdaşları iştirak ediblər.
Təhsil Nazirliyi tərəfindən dərsliklərin satış məqsədilə
çap edilməsindən əldə edilən gəlirin istifadəsi
məsələlərinin tənzimlənməsi barədə müvafiq qərar qəbul
olunub. Bu qərar dərslik müəlliflərinin hüquqlarının
qorunması və müasir tələblərə cavab verən dərsliklərin
hazırlanması üçün onların yaradıcılığa
həvəsləndirilməsi, eyni zamanda dərslik yazılması
fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət
edir. Artıq dərsliklərin əlavə nəşrindən Təhsil
Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50
faizi dərslik müəlliflərinə ödəniləcək. Müvafiq gəlirin
digər hissəsinin isə dərsliklərin yazılmasının
stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq
təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması
qərara alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
27 dekabr tarixli qərarı ilə bütün tipdən olan
ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə
məktəbləri və peşə liseylərində, idman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil
müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs
yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata
qaldırılıb.
Bu il Təhsil Nazirliyi KİV-lə daha səmərəli
münasibətlərin qurulması üçün yeni siyasət
formalaşdırıb. Bu siyasət nazirliyin media ilə
əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına
xidmət edib. Cari ildə Təhsil Nazirliyinin fəaliyyəti
ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc
olunması, media ilə əməkdaşlığın yaradılması
imkanlarının artırılması məqsədilə KİV nümayəndələri
üçün seminar və brifinqlər keçirilib, onların İsmayıllı
rayonuna səfəri təşkil olunub. Eyni zamanda Təhsil
Nazirliyinin tabeliyində olan mətbu orqanların
fəaliyyətinin gücləndirilməsi, ali məktəblərin mətbuat
xidmətləri ilə faydalı işin qurulması istiqamətində
müvafiq addımlar atılıb. |