Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində gecə keçirib

 

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) "Gorqud Plaza" otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində gecə keçirmişdir.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gecəni giriş sözü ilə açan TUMİB-in sədri Çingiz Bayramov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" müdrik kəlamı qardaş Türkiyədə təhsil almış məzunlarımız üçün də qürur mənbəyidir. Məhz bu fikrin daşıyıcıları kimi deyə bilərəm ki, tədbirimizin adı heç də təsadüfi seçilməmişdir. Bu tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda, Yeni il ərəfəsində qardaş Türkiyə universitetlərinin məzunlarının iştirakı ilə təşkil edilmişdir.

TUMİB-in sədri bildirmişdir ki, "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində dörd istiqamət üzrə - rəsm, şeir, mahnı və gənc jurnalistlər arasında yazı müsabiqələri təşkil olunmuşdur. Onlarla yeniyetmə və gəncin müsabiqəyə qatıldığını deyən Çingiz Bayramov qeyd etmişdir ki, hər sahə üzrə üç qalib müəyyənləşsə də müsabiqəyə qatılan bütün iştirakçılara həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.

Çingiz Bayramov qeyd etmişdir ki, bu pilot layihədir və gələn il bütün bölgələrdə keçirilməsi nəzərdə tutulur. İndiyədək Binəqədi, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz rayonlarında "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda konfranslar keçirilmişdir. Bu konfranslarla yanaşı, müxtəlif istiqamətli müsabiqələr də təşkil olunmuş və qaliblər mükafatlandırılmışlar.

İB-nin sədri xaricdə təhsil alan bütün tələbə və məzunların, o cümlədən Türkiyə universitetlərinin məzunlarının Prezident İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə dəstəklədiklərini bəyan etmişdir. O, TUMİB-in növbəti tədbirini Qarabağda keçirəcəyinə əminliyini ifadə edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın buna nail olacağını demişdir.

Gecədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxış edərək xaricdə təhsil almış məzunlara Azərbaycan dövlətinin daim diqqət və qayğısından danışmışdır.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə ölkəsində təhsil almış azərbaycanlı məzunları iki ölkə arasında qardaşlıq körpüsü adlandırmışdır.

Gecədə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açmışlar.

Sonda müsabiqədə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim olunmuşdur.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov