Rusiya
Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan
Abdulatipov dekabrın 26-da Azərbaycan Diplomatik
Akademiyasında (ADA) olmuşdur.
AzərTAc xəbər verir ki, ADA-nın rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayev Dağıstan Prezidentinə bu
ali təhsil ocağının tarixi, fəaliyyəti, strukturu,
həyata keçirdiyi proqramlar, Azərbaycanın təhsil
sisteminə gətirdiyi yeniliklər haqqında ətraflı məlumat
vermişdir.
Bildirilmişdir ki, akademiyada Azərbaycan da daxil
olmaqla 30-dək ölkədən tələbə təhsil alır. Əsasən ABŞ,
Ukrayna, Türkiyə, Çexiya, Misir və digər ölkələrdən
gənclər buradakı tədrisə böyük maraq göstərirlər.
Hazırda ADA-nın 6 bakalavr, 3 magistr proqramının
olduğunu deyən Hafiz Paşayev qeyd etmişdir ki, dünyanın
nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edən
akademiyada tədris ingilis dilində aparıldığından buraya
xarici ölkələrin tanınmış universitetlərindən
əksəriyyəti professor olmaqla pedaqoqlar mühazirə oxumaq
üçün dəvət olunurlar. Eyni zamanda, Azərbaycandan olan
mütəxəssislər də ADA-da dərs deyirlər.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ən böyük xarici
dilli kitabxanaya malik olan akademiyada ingilis dilində
120 mindən artıq kitab vardır. Kitabxananın digər mühüm
xüsusiyyəti burada bir milyondan çox elektron kitabın
olmasıdır.
Akademiyanın akt zalı ilə tanışlıq zamanı məlumat
verilmişdir ki, burada müasir avadanlıq
quraşdırılmışdır. Məlumat verilmişdir ki, ADA-da
Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini
əks etdirən zal da vardır.
Dağıstan Prezidenti akademiyada Qarabağa həsr olunan
müxtəlif sənət əsərlərindən ibarət sərgi ilə də tanış
olmuşdur.
Prezident Ramazan Abdulatipov ADA-nın fəaliyyətini
yüksək qiymətləndirmişdir. |