| 
						
						
						 Azərbaycanın 
						birinci xanımı Mehriban Əliyeva bayram şənliyində 
						iştirak edib 
						
						Heydər Əliyev Fondu "Buta" sarayında Dünya 
						Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində 
						uşaqlar üçün ənənəvi bayram şənliyi keçirir. 
						
						Bayram şənliklərində uşaq evləri və internat 
						məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud 
						olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən 
						uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak 
						edirlər. Şənlikdə iştirak edən uşaqların "Buta" sarayına 
						gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılmışdır. 
						
						Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər 
						Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər 
						Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu 
						Əliyeva bayram şənliyində iştirak etmişlər. 
						
						"Buta" sarayında balacaları sevindirmək üçün nağıllar 
						aləmindəki kimi ab-hava yaradılmışdır. 
						
						Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident 
						İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə 
						diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə 
						başlamışdır. 
						
						
						 Hər 
						il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni 
						tərtibatda hazırlanan proqram təqdim edilmişdir. Bu 
						proqram və balacalar üçün qurulan, əsl bayram ab-havası 
						yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha 
						da yüksəltmişdir. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, 
						mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə 
						heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər 
						Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə 
						tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri 
						qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz 
						onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların 
						təbəssümü bu ovqatı onlara bəxş edən Heydər Əliyev 
						Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər 
						il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük 
						himayədarı Mehriban Əliyevanın ətrafına toplaşmışlar. 
						Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini 
						bölüşmüş, onlarla səmimi söhbət etmişdir. 
						
						Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada 
						peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq 
						kollektivləri də maraqlı proqramla çıxış etmişlər. 
						Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını 
						canlandıran personajlar şənlik iştirakçılarında gözəl 
						əhval-ruhiyyə yaratmışdır.  
						
						Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram 
						tədbirini daha da rəngarəng etdi. 
						
						Qış nağılını xatırladan sarayda uşaqlar bayram 
						ərəfəsində sevimli qəhrəmanların əhatəsində olmuş, 
						onlarla birlikdə şənlənmişlər. 
						
						Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən 
						aksiyalar, ilk növbədə, qaçqın və məcburi köçkün 
						ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya 
						xəstəliklərindən əziyyət çəkən balacalara yardım, 
						respublikadakı uşaq evlərinin və internat məktəblərinin 
						əsaslı şəkildə yenidən qurulması, yeni məktəb 
						binalarının tikilməsi məqsədlərinə xidmət edir. 
						
						Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı 
						Mehriban ƏLİYEVA dedi: 
						
						- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli 
						müəllimlər! 
						
						Mən sizin hamınızı qarşıdan  gələn Yeni il bayramı 
						münasibətilə ürəkdən təbrik edirəm.  Yeni ildə sizə 
						uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən 
						arzulayıram ki,  yeni  ildə  bizim  bütün balalarımız 
						yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı 
						olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər  
						bir  insanın gələcəyini, gələcək taleyini onun biliyi, 
						savadı, təhsili  təmin  edir. Ona görə, əziz uşaqlar, 
						sizin bugünkü  vəzifəniz məhz yaxşı oxumaq,  bilikli  
						olmaqdır. 
						
						Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, 
						Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər 
						böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük 
						xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim 
						və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də 
						Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il 
						yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir 
						olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada 
						Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, 
						Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir 
						sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və 
						Azərbaycanın inkişafı, daha da güclənməsi üçün 
						çalışmalıyıq. 
						
						31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 
						Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 
						soydaşlarımızı salamlayırıq, onlara yeni ildə 
						xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq. 
						
						Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox 
						arzulayıram ki, hər bir uşağımız sevgi mühitində 
						böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı 
						olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün 
						Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq 
						arzulayıram. Çox sağ olun! 
						
						
						*** 
						
						Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi 
						çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu bayram şənliyi 
						yüzlərlə uşağı sevindirmişdir. 
						
						Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev 
						Fondunun hazırladığı bayram hədiyyələri təqdim 
						olunmuşdur. 
						
						Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 
						ilə xatirə şəkli çəkdirmişlər.  
						
						
						AzərTAc |