| 
						
						 - 
						Hörmətli xanımlar və cənablar! 
						
						Əziz həmvətənlər! 
						
						2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik 
						inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün 
						məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli 
						inkişafı davam etmişdir. 
						
						2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. 
						Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir 
						Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq 
						mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm 
						ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq 
						əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz 
						bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və 
						böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT 
						Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. 
						İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu 
						olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak 
						etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir. 
						
						Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları 
						pozulur. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ 
						münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. 
						Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal 
						altındadır. Beynəlxalq təşkilatların qərar və 
						qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının 
						dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin 
						işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını 
						tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, 
						Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq 
						Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri 
						vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir. 
						
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
						ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini 
						tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç 
						vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni 
						erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi 
						bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün 
						torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. 
						Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara 
						qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna 
						nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da 
						güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin 
						etməliyik. 
						
						Ordu quruculuğu işində böyük uğurlarımız vardır. 
						Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları 
						sırasındadır. Bu istiqamətdə hələ görüləcək işlər 
						çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə 
						bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər 
						güclüdür. Ən müasir texnika, silah-sursat alınır. 
						Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir 
						sözlə, ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti 
						artır və bu, bizi sevindirir. Çünki hər bir güclü 
						dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə 
						bundan sonra da fəal siyasət aparacağıq. 
						
						İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində 
						Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. 
						Bütün beynəlxalq maliyyə qurumları və statistik 
						məlumatlar bunu təsdiqləyir. Son on il ərzində 
						iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya 
						miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən 
						artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun 
						azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. 
						Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər 
						çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr 
						vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən 
						aşağıdır. 
						
						Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı 
						illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. 
						Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi 
						Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə 
						Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük 
						nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, 
						ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli 
						iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son 
						illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi 
						siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib 
						çıxarmışdır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə 
						daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi 
						siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir. 
						
						Eyni zamanda, güclü iqtisadiyyat əlbəttə ki, sosial 
						məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu 
						sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, 
						bir daha demək istəyirəm ki, bizim siyasətimizin 
						mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə güclü 
						sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə 
						maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından 
						qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya 
						şəklində verilmişdir. Digər sosial proqramlar uğurla 
						icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz 
						növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas 
						verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi 
						müstəqillik olmadan heç bir ölkə özünü tam azad, 
						müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, 
						iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən 
						böyük nailiyyətimizdir. 
						
						Eyni zamanda, ölkəmizdə siyasi islahatlar davam 
						etdirilir və davam etdiriləcəkdir. Azərbaycanda 
						demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət 
						addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün 
						azadlıqlar vardır. Azərbaycan siyasi islahatların 
						aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə 
						çevrilməkdədir. 
						
						Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və 
						rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük 
						miqyasda aparılmışdır. Biz daha da böyük uğurlara nail 
						olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 
						bizim siyasətimizin əsas istiqamətlərindən biridir. 
						Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu 
						oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da 
						bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan 
						yaratmışdır. İlin əvvəlində yaradılmış "ASAN xidmət"in 
						fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa 
						müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış "ASAN 
						xidmət" bu gün dünyada da özünü Azərbaycan brendi kimi 
						təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq 
						vətəndaş müraciət etmişdir. Gələcəkdə "ASAN xidmət"də 
						göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, 
						elektron xidmətlərin sayı da artırılmalıdır. 
						
						Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü 
						bir daha təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü 
						Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası 
						Dialoq Forumu keçirilmişdir. Bu iki tədbir dünya 
						ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. 
						Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun 
						aparılması üçün özünü bir mərkəz kimi göstərir. 
						Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, 
						tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması 
						bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük 
						üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə 
						təcrübəsi dünyada öyrənilir və təqdir edilir. 
						
						Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək 
						inkişafı üçün çox böyük məna daşıyır. 2013-cü ildə bir 
						neçə vacib məsələ öz həllini tapmışdır. Onlardan biri də 
						Transadriatik kəməri layihəsinin seçilməsidir. TAP 
						layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq 
						edilmişdir. 2012-ci ildə Transanadolu qaz kəmərinin 
						tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu 
						istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də 
						"Şahdəniz-2" layihəsinə start verildi. Bu, tarixi 
						layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin 
						layihəsidir, Avropanın ən böyük infrastruktur və ən 
						böyük enerji layihəsidir. TANAP, TAP, "Şahdəniz-2" 
						layihələri Azərbaycanın tarixi uğurudur, tarixi 
						nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük 
						qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu 
						layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin 
						dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan 
						bir layihədir. 
						
						Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. 
						Seçkilər azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri 
						müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək 
						qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, 
						Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət 
						vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam 
						şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət 
						və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. 
						Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən 
						bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün 
						var gücümlə çalışacağam. 
						
						Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində 
						"Azərspace-1" peykinin fəzaya buraxılması tarixi 
						nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, 
						böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı 
						ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını 
						bir daha təsdiqləyir. 
						
						Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya 
						Azərbaycanlılarının Həmrəylik Günüdür. Dünyada yaşayan 
						bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün 
						güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz 
						vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə 
						yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün 
						bütün azərbaycanlıların Vətənidir. 
						
						Mən bütün Azərbaycan xalqını bir daha Dünya 
						Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı 
						münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan 
						ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq 
						arzulayıram. 
						
						Bayramınız mübarək olsun!  |