Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi
nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və
televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər
zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər
şeydən vacibdir. Kompüter və televizordan ən çox
istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların
saatlarla televizor və ya kompüterə bağlı qalmaları
onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi
cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik
yaşındakı uşaqlarda özünə qapılma, məktəb yoldaşları və
ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz
hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən,
istərsə də televizordan istifadə müəyyən çərçivədə
olmalıdır. Bəs görəsən, mütəxəssislər bu haqda nə
fikirləşirlər?
Dilşad MƏMMƏDOVA,
Bakıdakı Heydər Əliyev adına liseyin psixoloqu
Müasir
həyatı İnternetsiz və televiziyasız təsəvvür etmək
mümkün deyil. Məhz buna görə də XXI əsr "İnformasiya və
texnologiyalar" əsri adlandırılır. Sivil dünyanın bir
parçası olan vətənimiz Azərbaycanda da informasiya
texnologiyaları sürətlə inkişaf etmiş və etməkdə davam
edir. Lakin bu onu deməyə əsas vermir ki, hər bir insan,
xüsusilə məktəb yaşlı uşaqlar heç bir məhdudiyyət
olmadan bu texnologiyalardan istifadə etməlidirlər.
İnternetin və televiziyanın uşaq orqanizmi və
psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır.
Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi
cəhəti müsbət cəhətlərindən daha çoxdur.
Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar İnternet
vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək
imkanına malikdirlər. Belə ki, tədris zamanı şagirdlərin
tarix, coğrafiya, ədəbiyyat və sair fənlərdən verilən
tapşırıqları İnternetdən aldıqları məlumatlar vasitəsi
ilə daha səmərəli və keyfiyyətli yerinə yetirirlər. Bu,
uşaqların dünyagörüşünün, savadının artmasına səbəb
olur. İnternet və televiziya uşaqlara onları
maraqlandıran suallara cavab tapmaqda köməklik edir.
Yaxşı ilə pisi bir-birindən ayırmağa, fantaziyasının
inkişaf etdirilməsinə, müxtəlif elmlər sahəsində yeni
məlumatlar əldə etməsinə köməklik etməklə bərabər
onların məntiqini, təfəkkürünü inkişaf etdirir,
diqqətliliyi artırır. Bir sözlə, hər bir uşağın
inkişafına xidmət göstərmiş olur.
Mənfi cəhəti isə ondan ibarətdir ki, İnternetdən çox
istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda kompüter
asılılığı yaradır. Bu asılılıq da xəstəliyə çevrilir
ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla
eyniləşdirmək olar. Bu asılılıq uşaqların səhhətinə
ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə
qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün
inkişafına mane olur, tənəffüs sistemində problemlər
yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına,
yorğunluğa və narahatlığına səbəb olur. Həmçinin
uşaqların kompüterin və televiziyanın qarşısında çox
vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı
dərs hazırlamalarını arxa plana keçirir. Həssas
uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional
kompüter oyunlarından və televiziyada nümayiş etdirilən
filmlərdən sonra əsəbilik, aqressivlik, qəddarlıq və
zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə
yanaşı onlarda qorxu hissi əmələ gətirir.
Televiziya
və kompüter uşaqların, demək olar ki, ən yaxın
dostlarından birinə çevrilir. Bu da uşaqların
valideynləri, ailə üzvləri və dostları ilə çox az
ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik
cəhətdən düzgün danışmamaqla öz fikirlərini aydın ifadə
edə bilmirlər. Məsələn, son vaxtlar uşaqlar öz dostları
ilə masa arxasına əyləşdikləri zaman birbaşa ünsiyyətdə
olmaq əvəzinə mobil telefon vasitəsi ilə İnternetdən
istifadə etməklə ünsiyyətdə olmağa daha çox üstünlük
verirlər. Belə hallara nəinki uşaqlar, hətta böyüklər
arasında da tez-tez rast gəlmək olar.
D. Mendeleyevin gözəl bir kəlamı var: "Həyatda ziyanlı
heç bir şey yoxdur, ziyanlı həcm var".
Uşaqda televizor və kompüter haqqında ilk yanlış
məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan
uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar
buna əyləncə vasitəsi kimi baxır, müəllifi bilinməyən
musiqilərlə sakitləşir, qorxunc cizgi filmləri ilə
başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur,
uşağı nə ilə məşğul olursa-olsun, təki ona mane olmasın,
- deyə düşünür. Bununla da uşaqda texniki vasitələrə
yanlış yanaşma üsulu formalaşır.
Buna görə də valideynlər uşaqlarının İnternet və
televiziyadan düzgün istifadə etməsinə nəzarət
etməlidirlər. Onlar uşaqlarının saatlarla kompüter
arxasına əyləşməsindən və televizora baxmasından narahat
olmalıdırlar. Yaddan çıxartmaq olmaz ki, kompüter və
televiziya asılılığının qarşısını almaq daha asandır,
nəinki onu müalicə etmək. Bir çox hallarda uşaqların,
xüsusilə, İnternetdən düzgün istifadə etməməsində
valideynləri günahlandırmaq olar. Belə ki, bəzi
valideynlər kiçik yaşlarından uşaqlarını mobil telefonla
və kompüterlə təmin etməyə çalışırlar. İllər keçdikcə
onlar uşaqlarını texnikanın son nailiyyətləri ilə zəngin
olan telefon və kompüterlə təmin edilməsində daha da
həvəsli olurlar. Sanki valideynlər arasında bununla
əlaqədar gizli rəqabət mövcuddur. Bu da uşaqlarda
kompüter oyunlarına marağı daha da artırmış olur.
Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən
maksimum dərəcədə yayınmalıdırlar. Yaxşı olar ki,
valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf
etsinlər. Uşaqların maraq dairəsinə daxil olan
məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla
fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı
uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə
maraqlanmalı və özünün gördüyü işlər barədə də məlumat
verməlidirlər. Uşaqlara icazə verilməlidir ki,
dostlarını evə dəvət etsinlər və dostları ilə daha çox
canlı ünsiyyətdə olsunlar. Eyni zamanda kompüterdən
istifadə etməsinə və televizor qarşısında əyləşməsinə
məhdudiyyət qoyulmalıdır. Xüsusilə də gecə saatlarında.
Həmçinin valideynlər uşaqlarının hansı televiziya
verilişlərinə baxdıqlarına və hansı kompüter oyunlarını
oynamasına nəzarət etməlidirlər. Uşaqlara İnternetdən
biliyin artırılması məqsədilə istifadə etməsini
öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə
teatra, muzeyə, konsertlərə, kafelərə və təbiətin
qoynuna getməlidirlər. Hər bir valideyn bilməlidir ki,
uşaqlar üçün ən əsas valideyinləri ilə ünsiyyətdə
olmaqdır. Valideynlər uşaqları ilə nə qədər çox
ünsiyyətdə olsalar, bu, onların televiziyadan və
İnternetdən az istifadə etmələrinə səbəb olar.
Ülviyyə HƏSƏNOVA,
Bakının Yasamal rayonundakı 13 nömrəli uşaq
poliklinikasının həkimi
Uşaqlar və gənclər kompüterdən istifadəyə daha çox maraq
göstərirlər. Bu da uşaqlarda səhhətlərində və inkişaf
dövründə müəyyən problemlər yaradır. Uşaqlıq dövrü insan
həyatının inkişafında elə bir mərhələdir ki, uşaq bu
dövrdə fiziki, emosional, intellektual və mənəvi
cəhətdən inkişaf edir. Həmin keçid dövründə kompüter və
İnternetdən hədsiz dərəcədə istifadə isə uşaqların
inkişafına çox mənfi təsir edir. Uşaqların fiziki
inkişafı dövründə qeyd etdiyimiz cihazlardan çox
istifadə hipodinamiya yaradır. Belə ki, kompüterdən
asılılıq uşaqları real həyatdan ayırır, onları idman,
musiqi və digər məşğuliyyətlərdən uzaqlaşdırır. Bundan
başqa, kompüter arxasında olarkən ayaqüstü qidalardan
istifadə edirlər ki, bu da onlarda artıq çəki və
zəiflik yaradır. Kompüter və televizor arxasında uzun
müddət oturanlarda daha çox onurğa ilə bağlı problemlər
də yaranır. İnkişaf dövrü keçən uşaqlarda bu daha çox
özünü büruzə verir. Belə ki, həmin uşaqların qaməti
əyilir və müəyyən yaş dövründən sonra onurğalarında
yırtıq və sürüşmələr əmələ gəlir. Bununla bağlı digər
məsələ isə görmə qabiliyyəti ilə bağlıdır. Kompüter
arxasında uzun muddət oturmaq, monitorla lazımi - 70 sm
məsafəni saxlamamaq nəticəsində görmə qabiliyyəti
zəifləyir. Monitorda dəyişkən şəkillər, kiçik şriftli
yazılar və işıq dəyişiklikləri göz əzələlərinin və torlu
qişanın gərginliyini artırır.
Məsələnin digər tərəfi isə bu cihazlardan çox istifadə
edən uşaqların emosional dəyişiklikləridir. Uşaqların
aqressiv oyun oynaması, sürətli maşın sürmə səhnələri,
döyüş və hərbi oyunlara üstünlük verməsi nəticəsində
onlarda artıq həyəcan, stres və əsəbilik yaradır. Bu
kimi oyunlarda uşağın qəhrəmanı onun şüuraltına daxil
olur və müəyyən vaxtlarda uşaq həmin qəhrəmanının
hərəkətlərini və davranışlarını tətbiq etməyə çalışır.
Bu cür uşaqlar evdə, məktəbdə lazımsız yerə qışqırır,
sakit oynaya bilmir. Ətrafındakı insanlarla, hətta
valideyn və müəllimlərlə belə kobud rəftar edirlər.
Azyaşlı uşaqlara gəldikdə isə həddindən artıq televizor
izləyən uşaq sadəcə informasiya almağa alışır, praktik
zəkası yaxşı inkişaf etmir. İki yaşında uşaqlar
televizor qarşısında yalnız 20-30 dəqiqəyə qədər qısa
cizgi filmləri və tərbiyəvi yönümlü uşaq proqramları
izləyə bilər. Uşağın inkişafının ilk üç ilində həddindən
artıq televizor izləməsi uşağın gec dil açmasına və
ətraf mühitlə problemlər yaşamasına səbəb ola bilər.
Uşaqla söhbət etmək, oyun oynamaq və xobbilər üçün zaman
ayrıldığında uşaqlar televizor izləməkdənsə,
valideynləri ilə vaxt keçirməyi daha çox istəyirlər.
Uşaqların bu vərdişlərdən uzaqlaşdırılması, kompüter və
televizordan müəyyən vaxt çərçivəsində istifadə etməsi
məqsədəuyğundur. Lakin bunu tədricən və qəti qadağalar
qoymadan etmək lazımdır ki, uşaqların psixologiyası
pozulmasın. Onlara bu cihazlardan düzgün istifadə
qaydaları və əsasən də lazımsız vaxt itkiləri haqqında
ətraflı məlumat verməklə meyil və maraqlarını başqa
səmtə yönəltmək lazımdır. Bu vərdişlərin yaranmaması
üçün uşaqlara valideynlər tərəfindən ciddi nəzarət
edilməlidir. Ən əsası isə vaxt bölgüsüdür. Belə ki, gün
ərzində kompüter və televizorlardan istifadə 6 yaşa
qədər uşaqlarda 20-25 dəqiqə, 7-8 yaşlarda 40-60 dəqiqə,
12 yaşadək 60 dəqiqə, 12 yaşdan yuxarı uşaqlarda isə 2
saatdan artıq olmamalıdır.
Könül ŞAHBAZOVA,
BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Düşünürəm ki, ətrafımızdakı insanlardan televiziyadan
istifadə etməyən tapılmaz. Kompüter və İnternetdən isə
məlumdur ki, hələ də bir çox insanlar istifadə edə
bilmirlər. Uşaqlara gəldikdə isə hesab edirəm ki,
kompüterin ən çox istifadəçiləri məhz onlardır. Bu gün
hər kəsin evində demək olar ki, həm kompüter, həm də
televizor var. Bu cihazların istifadəsi isə birmənalı
qarşılanmır. Şagirdlərlə işlədiyim üçün bütün bunların
onlarda müsbət və mənfi təsiri açıq şəkildə görünür.
Lakin keçid dövründə olan şagirdlərə bu vasitələrin
xeyrindən çox mənfi təsiri olduğu daha çox nəzərə
çarpır. Bu, hər birimizi narahat edən məsələlərdəndir.
Qloballaşan dünyada şagirdləri ətraf mühitdən təcrid
etmək, onların dünyagörüşünün inkişafına mane olmaq da
düzgün hal hesab edilmir. Ancaq ağıllı və düzgün
yönəldilən şagird istər İnternetin, istərsə də
televiziyanın müsbət tərəflərindən istifadə edir. Özünə
lazım olan istənilən materialı İnternetdə tapır,
elektron kitablar yükləyir, intellektual, tarixi
verilişlərlə öz biliklərini daha da genişləndirir. Bunun
üçün, ilk növbədə, şagirdlər arasında maarifləndirmə
işləri aparmaq lazımdır. Axı bütün uşaqlar İnternet və
televiziyanın məhz yaxşı tərəfindən istifadə etmir.
İnternetdən istifadənin yaş həddi bu gün çox
"cavanlaşıb" desək yanılmarıq. Bir çox ailələrdə, hətta
bağçaya gedən 3-5 yaşlı uşaq da İnternetə girir, orada
xoşuna gələn oyunları oynayır.
Bu gün İnternetin şagirdlərin həyatına ən mənfi təsiri
erkən yaşdan lazım olduğundan artıq və lazımsız
informasiyaları almasıdır. Girişinə qadağa qoyulmayan
bir çox saytlar, müxtəlif açıq-saçıq forumlar
şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir. Bu gün
QİÇS-ə, narkomaniyaya yoluxma halları, uşaq yaşından
törədilən cinayətlər kifayət qədərdir. Bütün bunlarda
İnternetin rolu danılmazdır. Belə ki, uşaqlar bilmədiyi
bilgiləri də İnternet vasitəsilə əldə edirlər. Belə
sürətli inkişaf əqidəsi zəif olan uşaqların dərsə
marağını azaldır. Onlar daha çox əyləncə axtarırlar. Bu
səbəbdən biz müəllimlərin də işi çətinləşir. Şagirdləri
daim nəzarətdə saxlamaq, sözsüz ki, mümkünsüz bir işdir.
Ona görə də bu işdə təkcə müəllimlər deyil, bütövlükdə
cəmiyyət əl-ələ verib çalışmalıdır. İnternet klubların
fəaliyyətinə nəzarət güclənməlidir. Valideynin qida
almaq üçün verdiyi pullarla evdə girə bilmədiyi saytlara
İnternet klublar vasitəsilə daxil olan uşaqlara diqqət
artırılmalıdır. Bu işdə valideynlərin üzərinə ağır yük
düşür.
Niyazi RƏHİMOV
"Azərbaycan müəllimi" |