Postsovet ölkələrində fəaliyyət göstərən 400-dən artıq
ali məktəbin ilk reytinq cədvəli tərtib olunub.
Tədqiqatda 15 ölkədən 405 universitet iştirak edib.
Rusiya Təhsil və Elm Nazirliyinin sifarişi ilə
"İnterfaks" agentliyinin keçirdiyi reytinqdə MDB,
Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak
ediblər. Reytinq "Quacquarelli Symonds" agentliyinin
son 10 il ərzində dünya universitetlərinin
qiymətləndirilməsində istifadə etdiyi metodologiyalara
əsaslanıb. Agentliyin informasiya qrupunun ekspertləri
açıq məlumatlar əsasında universitetlərin təhsil, elmi
tədqiqat və beynəlxalq fəaliyyətini qiymətləndiriblər.
Təhsil fəaliyyəti beynəlxalq akademik ekspertlərin,
işəgötürənlərin və rekruterlərin qiymətləndirmələri,
elmi-pedaqoji işçilər kontingentinin keyfiyyət
göstəricilərinə əsaslanır. Elmi tədqiqat fəaliyyəti
rusdilli və ya qlobal elmi məkanda ali məktəbin
elmi-pedaqoji işçilərinin səmərəli fəaliyyətini,
universitetin elmi nəşrlərinin keyfiyyətini nəzərdə
tutur, ali məktəbin beynəlxalq fəaliyyət sahəsində
qiymətləndirilməsi, tələbə mobilliyi, elmi tədqiqatlar
sahəsində beynəlxalq əməkdaşlığı, ikili diplom almış
məzunlarının sayı ilə qiymətləndirilir.
Siyahıya Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti başçılıq edir. MDU mümkün olan 100 balı tam
toplayıb. MDB məkanının 10 ən yaxşı universitetləri
arasında Belarus Dövlət Universiteti, Sankt-Peterburq
Dövlət Universiteti, Taras Şevçenko adına Ukrayna Milli
Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət
Milli Tədqiqatlar Universiteti, Rusiya Xalqlar Dostluğu
Universiteti, N.E. Bauman adına Dövlət Texniki
Universiteti, Tartu Universiteti (Estoniya), Tomsk
Dövlət Universiteti yer alıblar. Azərbaycanı 100 ən
yaxşı universitet sırasında (61-ci yer) Bakı Dövlət
Universiteti təmsil edir. |