Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

"10 dəqiqədən artıq gecikən tələbəni dərsə buraxmırlar"

 

Böyük Britaniyanın Nyukasl Universitetində təhsil alan azərbaycanlı tələbə ilə müsahibə

İlkin Ağayev 1995-ci il avqustun 29-da Bakıda anadan olub. 2001-ci ildə 6 nömrəli məktəb-liseydə I sinfə gedib. 4 il burada oxuduqdan sonra təhsilini 2005-ci  ildən əvvəlcə  Bakı  Atatürk Liseyində, 2007-ci ildən  isə Bakı Özəl Türk Liseyində  davam etdirib.  2012-ci ildə orta təhsilini başa vurduqdan sonra bir il ərzində Böyük Britaniyanın Nyukasl Universitetində hazırlıq kurslarına (Foundation Year) qatılıb. Birillik hazırlıq kursunu başa vurduqdan sonra 2013-cü ildən  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Nyukasl Universitetində dəniz texnologiyaları  və mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini davam etdirir.  İlkinlə söhbətimizə onun ilk təhsil illərindən başladıq:

- Orta məktəbdə oxuyarkən daha çox təbiət elmlərinə, riyaziyyata, fizikaya  marağım vardı. Həndəsəni çox sevirdim.  Texniki və təbiət fənlərindən  qiymətlərim "əla" və "yaxşı" olub. İstər məktəb, istərsə də rayon səviyyəsində keçirilən idman yarışlarında da iştirak etmişəm. Əsasən yüngül  atletika və  futbola maraq  göstərirdim.

- Necə oldu ki, dəniz mühəndisliyinə meyil etdiniz?

- Bu sahəyə maraq məndə uşaqlıqdan yaranıb.   İxtisas seçimimdə atamın təsiri olub. O,  gəmiqayırma sahəsində mühəndisdir.  Atam, ümumiyyətlə, həmişə mənim maraq dairəmdə olub. Belə deyərdim ki, o  mənim üçün örnək olub.  Buna baxmayaraq, mənim ixtisas seçimim müstəqil olub.  Bu seçim mənim özümə məxsusdur. Mən bu ixtisasa, necə deyərlər, görə-görə gəlmişəm. 

- Dövlət Proqramında tələbələrin seçim prosesini necə qiymətləndirirsiniz?

- Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı  çox uğurlu layihədir. Biz gənclərə belə bir imkan yaratdığına görə ölkə rəhbərliyinə minnətdarlıq edirik.  Seçim prosesində iştirak etmək üçün sənədlərimi hazırlayaraq Təhsil Nazirliyinə təqdim etdim və mənə  müsabiqənin keçirilmə vaxtını xəbər verdilər. Bu proses mənim üçün çox rahat keçdi. Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu.  Müsahibə mərhələsi yüksək ixtisaslı  3 nəfər mütəxəssisin iştirakı ilə ingilis dilində keçdi. İlk dəfə işirak etdiyim müsabiqədən təəssüratım çox böyük idi. Müsahibə vaxtı bizə ixtisasımız və gələcək planlarımızla bağlı suallar verildi və biz onları cavablandırdıq.

-Seçdiyiniz ixtisas prioritet sahələrdəndir...

- Dəniz texnologiyaları və mühəndisliyi burada çox güclüdür. Britaniyada gəmi mühəndisliyi ixtisası verən 3 universitet var ki,  onlardan biri Nyukasldır.  Ölkənin ən məşhur gəmi mühəndisləri Nyukal Universitetində təhsil alıblar. Qeyd edim ki, gəmi mühəndisliyi sahəsində ən məşhur kəşflər də Nyukasl Universitetində əldə olunub.  Xüsusən də gəmi mühərrikləri sahəsində ən əhəmiyyətli  ixtiralar bu universitetin alimlərinə məxsusdur. Alimlər gənc olmalarına baxmayaraq, bu sahədə artıq nüfuz sahibidirlər.

- Dərsləriniz necə keçir?

- Dərslərimiz maraqlıdır.  Demək olar ki, bütün vaxtımı ixtisasla bağlı fənlərin öyrənilməsinə həsr edirəm. Yuxarı kurslarda dərs yükü daha da ağırlaşır. Hələlik bir çətinliyimiz yoxdur. Boş vaxtlarımda əsasən kompüterlə məşğul oluram. Asudə vaxtlarımda isə yoldaşlarımla futbol  oynamağı sevirəm.  Türkiyədən, Qazaxıstandan dostlarımız var. Onlarla görüşlərimiz olur.  Burada Qazaxıstandan olan tələbələrlə birlikdə tez-tez futbol yarışları keçiririk.

- Nyukaslda azərbaycanlılar çoxdurmu? Bizim diaspor  təşkilatları ilə əlaqəniz  varmı?

- Burada 30-a yaxın azərbaycanlı tələbə təhsil alır. Bizim  sıx əlaqələrimiz var. Biz tələbələr ASAİF-in (Xaricdə Təhsil alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Forumu)  xətti ilə keçirilən bir sıra tədbirlərdə fəal iştirak etməyə çalışırıq. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən bir sıra aksiyaların iştirakçısıyam. Biz özümüz də  bir sıra tədbirlər keçiririk. Ötən il  Xocalı soyqırımının  ildönümünə  həsr olunmuş tədbirdə iştirak etmək üçün Nyukasldan Londona yollandıq.  Gələn ilin fevralında da Londonda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirməyi nəzərdə tutmuşuq. Burada istər Dövlət Proqramı çərçivəsində,  istərsə də  müstəqil surətdə  təhsil  alan tələbələrimiz, eləcə də  digər  soydaşlarmız bu tədbirlərdə fəal olmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycanı tanıtmaq bizim üçün çox əhəmiyyətlidir. Bizim mənəvi borcumuzdur.

- Bu aksiyalar yerli əhali tərəfindən necə qarşılanır?

-Tam normal  və maraqla, deyərdim.  Bu tədbirlərdə çıxışlarımız olur. Biz tələbələr Azərbaycanın ədalətli mövqeyini, ölkəmiz barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilirik. Yerli əhali arasında məlumatlandırma işi aparılır.    Biz üzümüzə gələn ildə də  Azərbaycanla bağlı bir sıra mədəni-kütləvi tədbirlər keçirməyi  nəzərdə tutmuşuq.

- Nyukasl Universitetində imtahan sessiyası  necə  təşkil olunur?

- İlk növbədə, onu deyim ki, imtahanın keçirilmə vaxtı  əvvəlcədən  məlumdur. İnternet vasitəsi ilə hər bir tələbəyə  imtahanın keçiriləcəyi yer, gün barədə bildiriş göndərilir.   Hər bir tələbəyə ayrıca yer  təyin olunur. İmtahan günü tələbə auditoriyada onun üçün ayrılmış yerdə oturaraq yazılı imtahan verir.  Tələbə bütün imtahan materialları və tapşırıqları ilə   əvvəlcədən tanış olur.  İmtahan prosesinin gedişinə nəzarət çox güclüdür.  Proses zamanı tələbələrin əvvəldən tanımadıqları nəzarətçilərə yaxınlaşması, onlardan nəsə soruşması tamamilə qeyri-mümkündür. İmtahandan əvvəl tələbə mənimsəyə bilmədiyi hər  hansı dərs və ya mövzu ilə  bağlı sorğu ilə müəlliminə müraciət  edə, ondan məsləhət ala bilər. Bu işdə müəllimlərimiz bizə qarşı çox diqqətlidirlər və problemli məsələlərdə kömək etməyə çalışırlar. Bütün bu  faktorlar imtahan prosesini çox yüksək səviyyədə başa vurmağımıza səbəb olur.     

-  Universitetdəki nizam-intizam barədə nə deyə bilərdiniz?

- Nyukasl Universitetində nizam-intizam məsələsi çox ciddi səviyyədə qoyulub. Dərsə 10 dəqiqədən artıq gecikmək qəti qadağandır. Tələbəni artıq dərsə buraxmırlar.  Hər bir tələbənin dərsdə neçə faiz iştirakına dair göstərici var. Əgər dərsdə iştirak faizi 1 faizdən azdırsa (məsələn, 0,8 faiz),  onda növbəti dəfə tələbənin ölkəyə gəlişi zamanı çox ciddi  çətinliklər  baş verə bilər. Tələbə dövlət sərhəd-keçid məntəqəsində  "Dərsə niyə getmirsən" kimi çoxsaylı suallar qarşısında çaşbaş qala bilər. Tələbəyə xəbərdarlıq edilir ki, onun dərsə davamiyyət faizi olduqca aşağıdır, ehtiyatlı olmalıdır. 

- Yaşadığınız şəhər barədə...

- Əsası 1834-cü ildə qoyulmuş Nyukasl Universitetində 20 minə yaxın tələbə təhsil alır. Bu universitet dünya universitetlərinin reytinq cədvəlində təmsil olunur. Nyukasl ölkənin şimalında yerləşir. Bu şəhərə  Londondan qatarla 3 saata getmək olar. Əhalisinin sayı 200 min nəfərdir.  Biz şəhər mərkəzində yaşayırıq.  Nyukasl həm modern, həm də klassikanı özündə təcəssüm etdirən,  olduqca sakit  bir şəhərdir. Bu şəhərdə qayda-qanunları çox sevirlər.  Nyukasl çox təmiz şəhərdir.  

- Sizin üçün Böyük Britaniyaya  adaptasiya necə keçdi, hər halda, yad və olduqca mühafizəkar qayda-qanunların hökm sürdüyü bir ölkə...

- Bu ölkəyə gedənlərin ən böyük çətinliyi vətənləri və  doğmaları üçün darıxmalarıdır.  Əsas məsələ universitetdə xarici tələbələrin adaptasiyası istiqamətində müəyyən olunmuş sistemi tapmaqdır.  Bu sistemi tapdıqdan sonra universitetdə tam sərbəst hərəkət etmək, zəngin kitabxanadan yararlanmaq,  məşğələlərdə  iştirak  mümkündür. Oxuduğun təhsil ocağının, universitetin mövcud qayda-qanunlarına əməl etməlisin. Özünü bu qanunlara uyğun aparmağı öyrənməli, öz yerini bilməlisən. İlk vaxtlardan universitetə yeni qəbul olunmuş tələbələrə özlərini necə aparmaları barədə broşürlər paylanılır, onlara özlərini universitetdə rahat hiss etmələri üçün lazımi  köməklik göstərilir.  Tələbələrə müəyyən problemli situasiyalardan neçə çıxmalarına dair tövsiyə məzmunlu materiallar verilir.     

- Gələcək  planlarınız barədə danışaq...

-  İlk növbədə, təhsilimi başa vuraraq vətənə dönmək, Azərbaycana bu sahədə xidmət göstərmək ən böyük arzumdur. Hesab edirəm ki, seçdiyin  ixtisasa mükəmməl yiyələnmək üçün onun bütün inkişaf mərhələlərini dərindən bilməlisən. Bu elə bir peşədir ki, burada əmək fəaliyyətinə fəhləlikdən başlamalısan. Mən bu sahədə praktik təcrübə toplamaq və yalnız bundan sonra magistr təhsili almaq niyyətindəyəm.   Bu çox vacib, eyni zamanda tam öyrənilməmiş sahədir. Bu sahənin Azərbaycan üçün önəmli olduğunu düşünürəm. Sonda mən bütün  xalqımızı qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə  təbrik etmək istərdim.

- Biz də sizi,  xaricdə təhsil alan bütün tələbələrimizi qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik edir, həyat yollarında və təhsil  karyeranızda uğurlar  arzulayırıq!   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov