Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

İki saytım və dərs nümunələrim 3 dəfə "Elektron məktəb" müsabiqəsinin qalibi olub

 

Prezident İlham Əliyevin 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi ölkəmizin bu sahədə doğrudan da son illər çox böyük uğurlar əldə etməsinin daha bir göstəricisidir. Yenilikçi və çalışqan təhsil işçilərinin səyləri nəticəsində elektron təhsillə bağlı yeniliklərin sayı durmadan artır.

Mən də bir yenilikçi pedaqoq kimi Azərbaycanda ilk olaraq fərdi müəllim saytı -  almazhasret.com və onun ardınca da biologiya sahəsində ilk fənn saytını - biologiya.org quraraq istifadəyə vermişəm. 2007-ci idən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Web 2.0 - sosial servislərin təhsildə tətbiqi və pedaqoji imkanları barədə işlərimi şəxsi saytımda yerləşdirməyə başlamışdım. Daha geniş istifadəçi auditoriyasına çatdırmaqdan ötrü  almazhasret.com saytında bütün işlərimi paylaşırdım ki, təhsillə maraqlanan hər kəs mənim qazandığım təcrübədən istifadə edə bilsin. Qurduğum hər iki sayt  və dərs nümunələrim 3 dəfə Azərbaycanda keçirilən "Elektron təhsil" müsabiqəsinin qalibləri sırasında olmuşdur.

Öncəki illərdə əldə etdiyim təcrübə 2013-cü ildə İKT-nin təhsilə tətbiqi sahəsində daha böyük uğurlar qazanmağıma səbəb oldu. Bu il ərzində də qazandığım bütün uğurlarıma görə valideynlərimə, ailəmə, müəllimlərimə və sonra da məni əhatə edən yaxşı insanlara minnətdaram. Amma ən böyük təşəkkürümü cənab Prezidentə çatdırmaq istərdim ki, mənim kimi yenilikçi müəllimlərin inkişafı üçün ölkədə hər cür şərait yaradılıb.

Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai rayonundakı 204 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi başlamışdım. 2008-2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. 2010-cu ildə biologiya fənn proqramının müəlliflərindən biri oldum, biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin qiymətləndirilməsi işçi qrupunun üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin məsləhətçisi, Kurikulum Portalının administratoru və veb-masteri olmuşam. 2010-2011-ci tədris ilinin X və XI siniflər üçün "Ümumi biologiya",  VII və VIII siniflər üçün "Zoologiya" dərsliyinin həmmüəllifi olmaqla yanaşı,  həm də 2012-ci ildə məktəbli kitabxanası üçün "Biologiya lüğəti" kitabının həmmüəllifi olmaq şərəfinə də nail olmuşam. 2012-ci ildə  "Müəllimlər üçün sosial servislər. Təhsil üçün ən populyar İnternet resursları" adlı kitab üçün materiallar hazırlamış və həmin kitabın redaktoru olmuşam.

Dəfələrlə müxtəlif yerli və xarici ölkələrin simpozium, qurultay, konfrans, seminar və "dəyirmi masa"larında iştirak edərək müxtəlif diplom və sertifikatlara layiq görülmüşəm. 2010-cu və 2012-ci  illərdə ayrı-ayrı mövzular üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Moskva Pedaqoji Universiteti ilə birlikdə təşkil etdiyi uzaqdan təhsil yoluyla ixtisasartırma kursunu uğurla bitirmişəm.

2010-cu ilin Beynəlxalq Müəllim Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı almışam.

 2013-cü ildə "İKT ili" çərçivəsində bir neçə uğurlara nail olmuşam. 28-30 iyun 2011-ci il tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Moskvada keçirilən biologiya müəllimlərinin I Ümumrusiya qurultayında Azərbaycandan yeganə dəvət alımış nümayəndə kimi iştirak etmişəm. Həmin qurultayda "Biologiyanın tədrisində İKT-nin tətbiqi" mövzusunda məruzə ilə çıxış edərək sertifikata layiq görülmüşəm.

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şuranın "Biologiya" bölməsinin üzvü seçilmişəm.

Həmin il Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuşam.

Belə ki, bu ilin 9-11 may tarixlərində Türkiyənin Ankara şəhərində yerləşən Hacəttəpə Universitetində "Müəllimlərin hazırlanmasında yeni istiqamətlər" adlı beynəlxalq simpoziuma dəvət almışam. Həmin beynəlxalq simpoziumda  İKT ili ilə əlaqədar mövzu hazırlamış və təqdimatla çıxış etmişəm. 

Bu il "British Council Azerbaijan"ın Facebook səhifəsində müəllimlər üçün  "Keep Calm and..." adlı yarışma keçirilmişdir. Mən də həmin yarışmaya qatılmış və nəticədə qalib olaraq növbəti uğurumu əldə etmişəm.

9-10 sentyabr 2013-cü ildə Moskvada Rusiyanın Elm və Təhsil Nazirliyi ilə Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü çərçivəsində keçirilən  "Xarici ölkələrdə rusdilli məktəblər" adlı beynəlxalq elmi-praktik konfransa  ekspert  qismində dəvət almış və orada Azərbaycanın bu sahə ilə bağlı gördüyü işlər barədə təqdimatla çıxış etmişəm.

Ən uğurlu nailiyyətlərimdən biri də 2013-cü ilin sentyabr ayında Almaniyada keçirilmiş konfransda təhsillə bağlı yaradılan Beynəlxalq Metodik Şuraya Azərbaycandan ilk üzv seçilməyim olub.

Bütün həmkarlarımı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2014-cü il münasibətilə ürəkdən təbrik edir və onlara pedaqoji fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayıram!  

Almaz HƏSRƏT,
respublikanın əməkdar müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov