Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

"İKT ili"nin bir müəllimə töhfəsi

 

Son illər ölkəmizdə hər təqvim ilinin Prezident sərəncamına əsasən cəmiyyətin həyatında mühüm  rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Təbii ki, bu, cəmiyyətin diqqətini həmin sahənin inkişafı zərurətinə cəlb etməklə yanaşı, bu sahədə inkişafyönümlü addımların atılmasını, layihələrin gerçəkləşdirilməsini də nəzərdə tutur və il ərzində həyata keçirilən  məqsədyönlü tədbirlər nəticəsində o sahənin üstün inkişafı təmin olunur. Bu baxımdan 2013-cü il yaddaşlarda "İKT ili" kimi qalacaqdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli sərəncamı ilə cari il ölkəmizdə  "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Məqsəd cəmiyyət həyatında əvəzsiz rola malik, müasir dövrün və biliklər iqtisadiyyatına keçidin əsas atributuna çevrilmiş İKT-nin ölkəmizdə daha da inkişafını, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrinə tətbiqini təmin etmək idi. İndi, il sona çatarkən aydın görmək olar ki, qarşıya qoyulan məqsəd əldə olunmuşdur.

Son illər İKT-nin təhsil sistemində tətbiqi də geniş vüsət almışdır. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqda və ortaya maraqlı iş, fəaliyyət nümunələri qoymaqdadırlar. "İKT ili"nin faydasını öz fəaliyyətində hiss edən və onun töhfələrindən geniş bəhrələnən müəllimlərdən biri də Bakı şəhərindəki 264 nömrəli məktəb-liseyin fizika müəllimi Aliyə Səlimovadır.

Başa çatmaqda olan "İKT ili" Aliyə müəllimin həyatında bir çox yeni hadisələr və uğurlarla əlamətdar olmuşdur. O, artıq dalbadal üçüncü ildir ki, "Elektron təhsil" müsabiqəsində iştirak edir. İlk dəfə "Sabit cərəyan qanunları" (Mimio proqramında) mövzusu ilə 2011-ci ildə həmin müsabiqəyə qatılmış müəllim həm həmin il, həm də "Ağırlıq qüvvəsi" mövzusu ilə ("Power Point" proqramında) iştirak etdiyi 2012-ci ildə fərqlənmiş, 2013-cü ildə isə qaliblər sırasına düşərək II yerə layiq görülmüşdür.

Aliyə müəllim ötən il İnternetdə açdığı "aliyesəlimova.ucoz.ru" saytını bu il daha da təkmilləşdirmiş, onu yeni-yeni materiallarla, fizikaya və onun tədrisinə dair maraqlı məlumatlar və elmi yeniliklərlə, elektron dərs nümunələri ilə zənginləşdirmişdir. Saytın "videoçarxlar" və "flash" fizika rubrikaları xüsusilə diqqətçəkəndir.

Burada fizika hadisələri və qanunları maraqlı animasiya formasında təqdim olunur. Təcrübəli müəllim bu məlumatlardan dərslərində geniş istifadə edir, onlardan hazırladığı təqdimatlarla tez-tez "açıq dərs"lər verir və bu dərslər həmkarları tərəfindən maraqla qarşılanır.

Bu yaxınlarda Aliyə Səlimovanın İKT-dən istifadə ilə keçdiyi maraqlı bir "açıq dərs"də biz də iştirak etdik. Müasir  təlimin tələblərinə uyğun qurulmuş, kiçik qruplarla iş forması seçilmiş dərsdə sinif qruplara bölünərək hər qrupa fizika terminlərinə uyğun ad verilmişdi. Müəllim motivasiya yaratmaq üçün öncə elektron lövhədə müxtəlif cism şəkilləri nümayiş etdirdi və şagirdlərlə "cisim", "maddə", "kəmiyyətlər", "ölçü", "kainat", "fiziki sahə" və sair kimi anlayışlara aydınlıq gətirildi. Aparılan qısa araşdırma, müqayisə və sual-cavabdan maddənin atomlardan əmələ gəldiyi qənaəti hasil olundu. Sonra tədqiqat sualı qoyuldu: "Maddəni təşkil edən nədir?". Müəllim ekranda nümayiş etdirdiyi müvafiq materiallarla maddənin ən kiçik hissəcikləri olan atomlarla bağlı irəli sürülən fərziyyələr və onun kəşfi, bu sahədə xidmətləri olmuş alimlər haqqında qısa məlumat verdi. Atomun tərkibi də müvafiq şəkildə araşdırıldı və şagirdlər onun elektron, proton və neytronlardan ibarət olduğunu öyrəndilər. Sonra atomun modeli (nüvənin ətrafında hərəkət edən elektronlarla) ilə günəş sistemi arasında müqayisə və paralellər (forma və ölçülər müqayisə olunmaqla) aparıldı. Bütün bunlar müəllimin hazırladığı slaydlarla təqdim olundu.

Sonra atom nüvəsini təşkil edən proton və neytronlar haqqında məlumat verildi, atomda elektronların ayrılması və ona elektronların əlavə  olunması müvafiq slaydlarla və müəllimin şərhinin müşayiəti ilə şagirdlərə izah edildi.

Müəllim bu prosesləri çoxlu misallar gətirməklə şagirdlərə çatdırdı və onları müvafiq tətbiqi tapşırıqlar üzərində işlətdi. Öyrənilənlərin yoxlanılması mərhələsi də maraqlı, şagirdlərin fəallığı ilə keçdi.

Sonra müvafiq qaydada, yəni müəyyən bilik və bacarıqlar üzrə qrupların və qrup daxilində şagirdlərin fəaliyyətləri qiymətləndirildi və evə tapşırıq verildi.

Dərs şagirdlərlə yanaşı, onu dinləyən müəllimlərin və valideynlərin də çox xoşuna gəldi və dərsin təhlili zamanı onlar Aliyə müəllimin İKT-dən bacarıqla istifadə etdiyini xüsusi vurğuladılar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov