Nərgiz
PAŞAYEVA,
M.V.Lomonosov
adına
Moskva Dövlət
Universitetinin Bakı
filialının
rektoru,
filologiya elmləri
doktoru,
professor,
əməkdar
elm xadimi
Valideynlərimizlə
yanaşı, müəllimlər hamımızın həyatında ən önəmli rol
oynayan insanlardır və biz həyatda nail olduqlarımıza
görə məhz onlara borcluyuq. O insan xoşbəxtdir ki, tale
ona yaxşı müəllimlər qismət edir. Belə müəllimlər
şagirdlərinə, tələbələrinə təkcə bilik, savad öyrətmir,
həm də onlar üçün örnək olur, müdriklik və ədalət
rəmzinə çevrilir. Belə müəllimlərin obrazlarını
ömrünün sonuna qədər qəlbində yaşadan insan xoşbəxtdir.
Fikrimcə, hər hansı bir dövləti və ya milləti məğlub
etmək üçün ona qarşı müharibəyə başlamaq lazım deyil,
bunun üçün millətin ləyaqətli müəllimlərini əlindən
almaq kifayətdir.
Əziz müəllimlər!
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının bütün kollektivi adından və öz adımdan sizi
Yeni il münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm
cansağlığı, müqəddəs və şərəfli müəllimlik peşəsində
uğurlar arzulayıram. Arzu edirəm ki, 2014-cü ildə
şagirdləriniz və tələbələriniz sizi yeni nailiyyətlərlə
sevindirsinlər. Axı, müəllim üçün ən böyük sevinc
yetişdirməsinin uğurudur!
Yeni iliniz mübarək!
Səttar
MEHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri,
Milli Məclisin deputatı
Əziz təhsil işçiləri, hörmətli həmkarlar!
Azərbaycan xalqının milli birlik rəmzi olan 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
Dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin
milli dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən
biridir. Məhz ulu öndərin təşəbbüsü əsasında 22 il öncə
- 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin qəbul etdiyi qərarla 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
edilmişdir. Bu tarixi qərarla Heydər Əliyev
soydaşlarımızın birlik və həmrəylik ideyasını dövlət
siyasəti səviyyəsinə qaldırmış, onun irəli sürdüyü
azərbaycançılıq ideologiyası bütün dünya
azərbaycanlılarının vahid milli düşüncə işığında bir
araya gəlməsini təmin etmişdir.
Bu ideologiya zaman keçdikcə dünya azərbaycanlılarını öz
işığında daha sıx birləşdirir, məskunlaşdıqları
ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında
mühüm mövqelərə sahiblənmək, Azərbaycanın dünyaya təqdim
olunması, maddi və mənəvi irsimizin təbliği, ölkəmizə
qarşı ideoloji təxribatların qarşısının alınması
istiqamətində soydaşlarımızın fəallığını artırır.
Azərbaycan dövlətinin inkişafı, ölkəmizin tərəqqisi hər
birimizin müqəddəs arzusudur. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili
və xarici siyasət bu gün milyonlarla azərbaycanlının
arzusunu gerçəyə çevirir. Azərbaycanın 2013-cü ildə
təhsil, elm, tibb, iqtisadiyyat, mədəniyyət, eləcə də
ölkə həyatının digər bütün önəmli sahələrində qazandığı
möhtəşəm nailiyyətlər bunun sübutudur. İnanırıq ki,
Azərbaycanın dinamik inkişafı növbəti illərdə də uğurla
davam etdiriləcək, milli birliyimizin
möhkəmləndirilməsinə yeni-yeni töhfələr veriləcəkdir.
Əziz təhsil işçiləri, hörmətli həmkarlar!
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə Sizə ən xoş diləklərimi yetirir,
hər birinizə uzun ömür, möhkəm cansağlığı, həyat və
fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və firavanlıq
arzulayıram!
Əhliman
ƏMİRASLANOV,
Azərbaycan Tibb Universitetinin rektoru, akademik, SSRİ
Dövlət mükafatı laureatı,
Milli Məclisin deputatı
Artıq yeni-2014-cü təqvim ilinin nəfəsi duyulmaqda,
2013-cü ilin son günlərinin son səhifələri tarixə
çevrilməkdədir. 2013-cü il həm Azərbaycan
Respublikasının doqquz milyonluq vətəndaşı üçün, həm də
dünyanın bütün guşələrində yaşayan dünya
azərbaycanlıları üçün arzuolunan bərəkətli illərdən
olmuşdur.
Təbii ki, yola saldığımız ilin ən əlamətdar tarixi
hadisəsi ondan ibarətdir ki, 2013-cü il oktyabrın 9-da
xalqımızın, millətimizin obyektiv seçimi ilə dünya
şöhrətli siyasətçi möhtərəm cənab İlham Əliyev yenidən
ölkəmizin Prezidenti seçilmişdir. Xalqımız builki
şəffaflıqla keçirilən demokratik prezident seçkilərində
də ulu öndər dahi Heydər Əliyev siyasətinin uğurlu
davamına səs vermişdir. Bu siyasət təkcə inkişaf etmiş
ölkələr sırasında özünə möhkəm yer tutan, gündən-günə
gözəlləşən, yeniləşən vətənimiz Azərbaycanda yaşayan
azərbaycanlılar tərəfindən deyil, bütövlükdə dünya
azərbaycanlıları tərəfindən bəyənilir, dəstəklənir. Hamı
böyük sevinclə bu siyasətin davam və inkişafına, dünya
arenasında yeni zirvələr fəth etməsinə öz töhfələrini
verir. Bu da ulu öndərimiz dahi Heydər Əliyevin
bünövrəsini möhkəm özüllər üzərində qoyduğu dünya
azərbaycanlılarının həmrəyliyinin təşəkkül tapmasının
sübutlarından, parlaq göstəricilərindəndir. Bu bizi
sevindirir, ona görə ki, bizim gücümüz xalqımızın,
millətimizin birliyindədir. Bu birliyin sarsılmazlığı
vətənimizin, dövlətimizin sarsılmazlığı, Bayrağımızın
ucalığı deməkdir.
Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici
siyasət dünyanın bütün ölkələrində dəstəklənir, rəğbətlə
qarşılanır. Çünki bu siyasət bəşəri siyasətdir və sülhə,
demokratiyaya, firavanlığa xidmət edir.
Bu siyasətin uğurlu nəticələrindən Azərbaycan
səhiyyəsinin, Azərbaycan təhsilinin, Azərbaycan elminin
inkişafına da böyük pay düşür. Belə ki, son on ildə
Azərbaycan təhsil sistemi, Azərbaycan səhiyyəsi,
Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyaraq
dəyərli müvəffəqiyyətlər qazanmışdır. Bunu Azərbaycan
Tibb Universitetinin timsalında da aydın görmək
mümkündür. Bu illər ərzində dövlət qayğısı sayəsində
Azərbaycan Tibb Universitetində dörd möhtəşəm klinika
tikilib istifadəyə verilmişdir. Dünyanın heç bir
ölkəsində qısa müddət ərzində tibb təhsili və səhiyyə
sistemində belə sıçrayışlı irəliləyiş olmamışdır. Bu
klinikalardan sonuncusu, yəni Tədris Cərrahiyyə
Klinikasının açılış tədbiri 2013-cü il sentyabrın 12-də
baş tutmuşdur. Tədbirdə 2008-ci il martın 13-də bu
klinikanın bünövrəsinin qoyulması haqqında sərəncam
imzalayan cənab Prezident İlham Əliyev və onun xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva iştirak etmişlər. Onların son beş ildə
üçüncü dəfə Azərbaycan Tibb Universitetinə gəlmələri,
Azərbaycanın bir zərrəsi olan bu kiçik kollektivə öz
böyük töhfələrini ərməğan etmələri, sözlə ifadə
çərçivəsinə sığmayan diqqətdir, qayğıdır. Tədbirdə geniş
nitq söyləyən İlham Əliyev böyüklüyü bir daha sübut etdi
ki, Azərbaycanda heç nə və heç kim onun diqqətindən,
qayğısından kənarda qalmır.
Bugünkü fürsətdən istifadə edərək Prezidentimiz başda
olmaqla millətimizi, xalqımızı, bütün vətəndaşlarımızı
Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbə
gəncləri adından, eləcə də öz adımdan 31 dekabr -Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2014-cü
ilin mübarək qədəmli gəlişi münasibətilə təbrik edir,
hamıya başının üstündə aydın səma, sülh, firavanlıq
diləyir, hər bir ailəyə xoşbəxtlik, səadət arzulayıram.
Qoy, Yeni il hər birimizə ürəyimizcə olan uğur
gətirsin.
Abel
MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə bütün dünya azərbaycanlılarını və
müəllimlərimizi təbrik edir, ən xoş arzularımı
çatdırıram.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
keçirilən bu əlamətdar tarix ölkəmizin dünya dövlətləri
arasında söz sahibinə çevrilməsinə, dünya
azərbaycanlıları arasında milli birliyin daha da
güclənməsi və təşkilatlanmasına böyük təkan vermişdir.
Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və
aydın müəyyənləşdirən ulu öndərimiz demişdir: "Dünya
azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu,
Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında
birləşməliyik".
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu
prosesə hərtərəfli yardım göstərməsi nəticəsində
xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri
daha da güclənmiş, onlar müstəqil dövlətimizin təbliği
işinə öz layiqli töhfələrini verməkdədirlər. Möhtərəm
Prezidentimizin dediyi kimi, "Vətənimizin hüdudlarından
kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq
ideyalarının və milli təəssübkeşlik duyğularının
günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır.
İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları
ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında
getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın
dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə
sanballı töhfələr verirlər".
Ötən ildə respublikamız bütün sahələrdə böyük uğurlar
əldə etmiş, iqtisadi inkişaf dinamikasına görə dünyanın
aparıcı dövlətlərindən birinə çevrilmiş, beynəlxalq
nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, mədəniyyətdə
möhtəşəm nailiyyətlərə imza atmışdır. Şübhəsiz ki, bütün
bunlar hər bir azərbaycanlının şüurunda vətəni ilə bağlı
qürur hissi doğurur.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə bütün xalqımızı və dünya
azərbaycanlılarını bir daha ürəkdən təbrik edir,
cansağlığı və səadət arzulayıram.
Səməd
SEYİDOV,
Azərbaycan Dillər Universitetinin rektoru,
Milli Məclisin deputatı, professor
Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin
"Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm
sahəsidir" müddəasına əsaslanan islahatlar nəticəsində
və tarixi təcrübə və nailiyyətlər sayəsində beynəlxalq
təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir.
Azərbaycanda təhsilin keyfiyyətinin ən inkişaf etmiş
ölkələr səviyyəsinə yüksəlməsi, dövlətin təhsilə diqqət
və qayğısı bu sahənin dünya səviyyəsinə çatmasına imkan
verib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun
uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham
Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı,
səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və
imkanlar ardıcıl və müntəzəm xarakter daşıyır. Bu gün
Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün
təhsilin inkişafı prioritet sahədir.
Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı
olan İlham Əliyevin "Təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən öncül istiqamətlərindən biridir"
fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti
olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış
yeni məktəblərin, uşaq bağçalarının tikintisi, təhsil
müəssisələrinin əsaslı təmiri, onların müasir
avadanlıqlarla, informasiya və kommunikasiya
texnologiyaları ilə təchizi, pedaqoji kadr hazırlığı və
digər tədbirlər milli təhsilimizin düzgün inkişaf
etdiyindən xəbər verir.
Danılmaz faktdır ki, bu gün qloballaşan dünyada
ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların
İKT-dən səmərəli istifadəsi ilə formalaşır.
Müstəqilliyin şərəfli yolları ilə gələcəyə doğru inamla
irəliləyən ölkəmizdə son illər ərzində aparılan davamlı
islahatlar siyasəti dövlətimizin əhəmiyyətli dərəcədə
güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi
inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılmasını
təmin etmişdir.
Arxada qoyduğumuz il Azərbaycan Dillər Universiteti üçün
də bir çox yaddaqalan hadisələr, aparılan islahatlar,
universitetimizin bütün tədris korpuslarının təmiri,
maddi-texniki bazanın yenilənməsi, tələbələr üçün müasir
auditoriyaların istifadəyə verilməsi və bir sıra mühüm
əhəmiyyətli işlərlə yadda qalmışdır. Universitetimiz
beynəlxalq əlaqələrini daha da genişləndirmiş, tədrisin
keyfiyyətinin daha da yüksəldilməsi üçün müvafiq
tədbirlər görülmüş, təlim-tərbiyə işləri iniversitetdə
yuksək səviyyədə qurulmuşdur.
Ümidvaram ki, əldə etdiyimiz uğurlar yeni ildə də davam
etdiriləcək və təhsilimizin daha da inkişaf etdirilməsi
istiqamətində irəliyə doğru bir addım kimi tariximizdə
qalacaqdır.
Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir,
hamıya cansağlığı, uzun ömür, peşə və şəxsi fəaliyyətdə
uğurlar arzulayıram. Sona çatmaqda olan 2013-cü il
respublikamız və xalqımız üçün əlamətdar olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmizin nüfuzu bu il daha da artmışdır. Prezidentin
bütün sahələrə göstərdiyi diqqət və qayğı, ölkə
vətəndaşlarının sosial rifahını gücləndirmək yolunda
göstərdiyi yorulmaz fəaliyyət ölkəmizi inkişaf etmiş
ölkələr sırasına daxil etmişdir. Nüfuzlu beynəlxalq
təşkilatların Azərbaycanla bağlı hesabatlarında ölkəmiz
yüksək mövqelərdə qərar tutmuşdur. Bu amil hər bir
Azərbaycan vətəndaşını sevindirir.
Dünyada yaşayan bütün azərbaycanlıları, o cümlədən
təhsil ictimaiyyətini bu gözəl bayramlar - həm Dünya
Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il
bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər
bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik
arzulayıram.
Bəxtiyar
ƏLİYEV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini,
BDU-nun psixologiya kafedrasının müdiri, professor
Ölkəmizin, xalqımızın həyatında dərin iz qoymuş, bütün
sahələrdə qazanılmış misilsiz nailiyyətlərlə, son illər
həyata keçirilən ağıllı, uzaqgörən sosial-iqtisadi
siyasət nəticəsində əldə etdiyimiz siyasi sabitlik və
stabilliyin, yüksək iqtisadi inkişaf tempinin davam
etməsi ilə səciyyələnən 2013-cü il tarixə qovuşmaqdadır.
Qarşıdan yeni - qloballaşan dünyamızda ölkəmizi ən
inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırmaq,
təhsilimizin keyfiyyətini daha da yüksəltməklə bağlı
arzularımızın gerçəkləşəcəyini gözlədiyimiz 2014-cü il
gəlir. Yeni il və müstəqil Azərbaycanımızın ən önəmli
bayramlarından olan Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə bütün xalqımızı, təhsil
ictimaiyyətimizi və müəllimlərimizi ürəkdən təbrik
edirəm.
2013-cü il təhsil tariximizə də ən şərəfli, taleyüklü
hadisələrlə zəngin bir il kimi düşəcəkdir. Məhz bu ildə
təhsil sistemimizin keyfiyyətcə yeni mərhələyə
yüksəldilməsinin əsası qoyulmuş, bu mərhələyə keçidi
reallaşdıracaq "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" qəbul olunmuş,
strategiyanın qarşıda qoyduğu hədəflərə çatmaq yollarını
müzakirə etmiş Azərbaycan Müəllimlərinin XIV qurultayı
keçirilmişdir.
Təhsil Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti
nəticəsində qısa müddətdə təhsilimizdə müsbət
dəyişikliklər hiss olunmaqdadır. Son dövrlər Təhsil
Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin
olunması, müasir idarəetmə modelinin tətbiqi, kadr
potensialının səriştə və kompetensiya baxımından
gücləndirilməsi sahəsində bir sıra əhəmiyyətli addımlar
atılmışdır ki, bunlar da cəmiyyətimizdə bir əminlik, ruh
yüksəkliyi yaratmışdır. Bu baxımdan, mən XI siniflərin
məzunlarının hamısına attestat almaq hüququnun
verilməsini, müəllimlərin mərkəzləşdirilmiş qaydada
müsabiqə yolu ilə işə qəbulunun daha da
təkmilləşdirilməsini, təhsil ocaqlarında baş verən
neqativ hallara qarşı barışmaz mübarizəni və s. xüsusi
qeyd etmək istərdim. Bütün bunlar cəmiyyətin pozitiv
əhvali-ruhiyyəsini gücləndirir, təhsil sahəsində
çalışanların məsuliyyət hissini artırır.
Bizim böyük uğurlarımız vardır. Ali məktəblərə qəbul
üçün şagirdlərimizin hazırlıq səviyyəsi yüksəlir, dünya
fənn olimpiadalarında azərbaycanlı məktəblilər yüksək
yerlər tuturlar.
Əlbəttə, belə uğurlu faktlara görə biz, ilk növbədə
təhsilə, təhsil işçilərinə böyük diqqət və qayğı
göstərən möhtərəm Prezidentimizə, eləcə də təhsil
siyasətini əməli işləri ilə reallaşdıran təhsil
işçilərinə, müəllimlərimizə minnətdarıq.
Təhsil sahəsində başlanmış bütün bu inkişafyönümlü
işlərin yeni ildə daha böyük həvəslə davam
etdirilməsini, Dövlət Strategiyasında nəzərdə tutulmuş
hədəflərin tezliklə əldə olunmasını arzulayır, bu yolda
təhsil işçilərimizə uğurlar diləyirəm.
Təhsil ictimaiyyətimizi qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti
ilə təbrik edir, onların hər birinə yeni ildə möhkəm
cansağlığı, əmin-amanlıq və rifah arzulayıram.
Əjdər
AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,pedaqoji elmlər
doktoru,
professor, əməkdar müəllim
Canımız qədər sevdiyimiz Azərbaycanımız ildən-ilə
inkişaf edir, hər ötən ili uğurlarla başa vururuq, yeni
ili alnıaçıq, üzüağ qarşılayırıq.
2013-cü ildə Azərbaycanda təhsil sisteminin yeni
keyfiyyət mərhələsinə keçilməsinin əsası qoyuldu.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda müəyyənləşdirilən strateji
istiqamətlərin və hədəflərin monumental fəaliyyət
proqramının hazırlanması 2014-cü ilin payına düşür.
Yeni ildə təhsilin sistemli yeniləşməsi dünyadakı
qabaqcıl təcrübəyə inteqrasiya əsasında milli və bəşəri
dəyər standartlarının nəzəri və təcrübi sintezdə
reallaşdırılması öz həllini tapır.
Yeni ildə insan amili yalnız intellektuallığı ilə deyil,
ləyaqət və şərəf hissinin bəyanı ilə diqqətdə
dayanmalıdır.
Təhsil sistemini əhatə edən infrastruktur və məzmun
yeniliklərinin keyfiyyət göstəricilərinin əldə
edilməsində geniş ictimaiyyət, bütün təhsil
iştirakçıları, qeyri-hökumət təşkilatları yeni ildə daha
böyük fəallıq, məqsədyönlülük ifadə etməlidirlər.
Vətəndaş cəmiyyəti quruculuğunda təhsilin rolunun
artması diqqətdə dayanmalıdır...
Yeni ildə qarşıda tam yeniləşmə istiqamətində böyük
vəzifələr dayanır. Hamımız görüləcək işlərin önündə
getməliyik.
Şəxsim adından, Azərbaycan Təhsil Şurasının çoxsaylı
üzvləri adından bütün həmkarlarımızı 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili
münasibəti ilə təbrik edir, yeni ildə daha böyük uğurlar
qazanılmasını arzu edirəm.
Ahmet
SANİÇ,
Qafqaz Universitetinin rektoru, professor
Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlayıb, möhtərəm Prezidentimiz İlham Əliyevin daimi
diqqət və qayğısının nəticəsində inkişaf edən Qafqaz
Universitetinin məqsədi gündən-günə inkişaf edən
Azərbaycanımızın təhsilinə xidmət edərək milli mənəvi
dəyərlərə sadiq, vətənpərvər, texnologiya və
innovasiyalara açıq olan, müasir düşüncəli, rəqabətə
davamlı kadrlar hazırlamaqdır. Dövlətçiliyimizin
çiçəklənməsi naminə 20 ildir ki, "Etimada sədaqət"
devizi və əməli ilə fəaliyyət göstərən universitetimiz
yola saldığımız 2013-cü ildə 490 məzun vermiş, 57 nəfər
tələbə xarici ölkə universitetlərində mübadilə
proqramlarında təhsil almağa göndərilmiş, 856 nəfər
bakalavr, 263 nəfər isə magistr kimi tələbələrimizin
sırasına qoşulmuş, "Texnopark" və laboratoriyalar binası
tamamlanmış, yeni avadanlıq və qurğularla təchiz
edilmiş, 11 laboratoriyadan ibarət müasir "Mexanika
laborotoriyası kompleksi" istifadəyə verilmişdir.
Bir təhsil müəssisəsi olaraq hiss edirik ki, yaxşı
işləməyimiz, yüksək nəticələr əldə etməyimiz üçün
ildən-ilə ölkəmizdə daha münbit təhsil şəraiti
yaradılır, bu istiqamətdə mütərəqqi addımlar atılır. Bu
ilin oktyabr ayının 24-də möhtərəm Prezidentimizin
sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" bunun bariz nümunəsidir. Akademik
biliklərlə yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi önə çəkilən, elmə əsaslanan
iqtisadiyyatın yaradılması, sosial-iqtisadi siyasətin
prioritetliyinə söykənən bu strategiyanın həyata
keçirilməsi hər bir təhsil müəssisəsi kimi bizim də ən
başlıca məqsədimizdir. Düşünürəm ki, bu ildən etibarən
SOCAR-la birlikdə Beynəlxalq Təhsil Mərkəzinin təsis
edilməsi qarşımızda duran vəzifələrin öhdəsindən
layiqincə gəlməyə geniş imkanlar yaradacaqdır. Elə bu
düşüncələrlə də 2013-cü ili yola salır, 2014-cü ili
inamla qarşılayırıq. Tam əminliklə deyə bilərəm ki,
möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı
məqsədyönlü siyasətin nəticəsində yeni - 2014-cü ilimiz
də xeyirli və uğurlu olacaq, Azərbaycan xalqına
yeni-yeni nailiyyətlər gətirəcəkdir. Elə bu inamla da
kollektivimiz adından Azərbaycan xalqını Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni, 2014-cü il
münasibəti ilə təbrik edir, xoşbəxtlik arzulayıram.
|