Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər
İnstitutunun Şamaxı filialının birgə təşkil etdiyi
"Narkomaniya ağ ölümdür" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra
Hakimiyyətinin başçısı Asif Ağayev qeyd edib ki,
narkotik vasitələrin, psixotrop maddələrin və onların
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanı hər bir azərbaycanlının üzərinə mühüm
məsuliyyət qoyur. Bu dəhşətli xəstəlik dinindən,
dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı
olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.
AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova
tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra
problemlər kimi narkotizm probleminin üzərindən də
pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə
tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bir
sözlə, problemə münasibətdə yeni mərhələ başladı.
Şərti olaraq " yeni" adlandırdığımız bu mərhələnin ən
uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı
mübarizədə dövlət orqanları ilə yanaşı ictimai
təşkilatların fəaliyyəti üçün də lazımi şərait
yaradıldı. Yaddan çıxarmamalıyıq ki, narkomanlıq
yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol
kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə
malikdir.
Tədbirdə Şamaxı rayon prokuroru Zakir Müslümov, Şamaxı
Rayon Polis Şöbəsinin rəisi Şahmar Paşayev, Şamaxı
Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminaliyev, Şamaxı
rayon xəstəxanasının həkimi Yasən Cabbarov, Şamaxı rayon
Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış
edərək narkomaniyanın gətirdiyi bəlalardan və onun acı
nəticələrindən danışıblar, gənclərə bu bəladan uzaq
olmalarını tövsiyə ediblər.
Tədbirin sonunda AMİ-nin Şamaxı filialının tələbəsi,
TGT-nin sədr müavini Səxavət Cəfərov çıxış edərək
bildirib ki, zərərli vərdişlər əksər hallarda asudə
vaxtların düzgün təşkil edilməməsi səbəbindən yaranır.
Bu baxımdan da o, filialda tələbə gənclərin asudə
vaxtlarının müvafiq tədbirlər planı əsasında necə
səmərəli şəkildə təşkil olunmasından danışıb. O,
çıxışının sonunda bütün həmyaşıdlarını zərərli
vərdişlərdən uzaq olmağa, vətənə, xalqa layiqli övlad
kimi yetişməyə səsləyib. |