Dekabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə tədbir keçirilib. Dövlət himninin
səsləndirilməsi ilə başlanan tədbirdə institutun
rektoru, Milli Məclisin deputatı, professor Aqiyə
Naxçıvanlı çıxış edərək ilk növbədə ulu öndər Heydər
Əliyevin dünya azərbaycanlılarının birliyinin
zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı
kimi qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və yeni - 2014-cü ilin gəlişi münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Rektor bildirib ki,
azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini,
adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub
saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Məhz
ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə
ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla
bağlı vahid dövlət strategiyası müəyyənləşib, diaspor
quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilib. Dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan
diasporu Prezident cənab İlham Əliyevin böyük diqqət və
qayğısı nəticəsində müasir dövrün tələblərinə uyğun
olaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
daha fəal iştirak edir, başqa xalqların diaspor
təşkilatları ilə əlaqələrini daha da gücləndirirlər.
Sonra institutun müəllim və tələbələri "Dünya
azərbaycanlılarının həmrəyliyi gününün yaranma tarixi və
əhəmiyyəti haqqında", "Heydər Əliyev dünya
azərbaycanlılarının ideoloqudur", "Qərbi Avropada
Azərbaycan diasporunun fəaliyyəti" mövzularında məruzə
ilə çıxış ediblər.
Sonra Məmməd Arazın "Azərbaycan dünyam mənim" şeiri, saz
ifasında vətənpərvərlik mövzusunda bayatılar tələbələr
tərəfindən səsləndirilib.
Tədbirin sonunda 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə AMİ-nin tələbələri arasında
"Ana yurdum - Azərbaycan" mövzusunda keçirilmiş
fotoşəkil müsabiqəsinin qalibləri professor-müəllim
heyətinin iştirakı ilə müəyyənləşdirilərək onlara diplom
və hədiyyələr təqdim olunub. Bununla yanaşı, yeni -
2014-cü ilin gəlişi münasibətilə AMİ-nin yataqxanasında
yaşayan tələbələr arasında keçirilmiş "Ən gözəl
bəzədilmiş otaq" müsabiqəsinin qalibləri də diplom və
hədiyyələrlə mükafatlandırılıb. Bütün qaliblər hər iki
müsabiqənin keçirilməsinə yaratdığı şəraitə görə
instititun rektoruna öz minnətdarlıqlarını bildirərək,
tədbir iştirakçılarını bayram münasibətilə təbrik
ediblər.
AMİ-nin Mətbuat xidməti |