Dekabrın
26-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali
məktəb tələbələri arasında təşkil olunan futzal
yarışının və "Nə?, Harada?, Nə zaman?" intellektual
oyununun qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt
zalında keçirilən tədbiri konfederasiyanın sədri, Milli
Məclisin deputatı Səttar Mehbalıyev açaraq
respublikamızda həyata keçirilən gənclər siyasətindən
danışdı. Qeyd olundu ki, Azərbaycanda gənclər siyasəti
geniş bir spektri-gənclərin təhsili, tərbiyəsi,
sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə
vaxtlarının səmərəli təşkili, cəmiyyətin bütün
sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə
edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər
siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan
verir, ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi
prosesini stimullaşdırır. Bu gün çoxlu sayda
azərbaycanlı gənc dünyanın inkişaf etmiş ölkələrinin
nüfuzlu ali məktəblərində təhsil alır. Həmin gənclərin
yüksək ixtisaslı kadrlar kimi Vətənə dönərək fəaliyyət
göstərmələri üçün hər cür imkan və şərait yaradılır.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən idmanın
inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Bu
diqqətin göstəricisidir ki, Respublika Prezidenti
idmanın inkişafı ilə bağlı bir çox fərman və sərəncamlar
imzalayıb, dövlət proqramları təsdiq olunub.
Respublikamızın bütün bölgələrində müasir tələblərə
cavab verən olimpiya kompleksləri tikilərək gənclərin
ixtiyarına verilib.
Çıxışında ölkəmizdə gənclərlə bağlı digər görülən işlər,
həyata keçirilən tədbirlər barədə də mərasim
iştirakçılarına geniş məlumat verən Səttar Mehbalıyev
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin gənclər siyasətinin fəal
iştirakçılarından biri olduğunu xüsusi vurğuladı. Qeyd
olundu ki, gənclərə diqqət və qayğı öz sıralarında on
minlərlə gənci birləşdirən təşkilatın əsas fəaliyyət
istiqamətlərindən birini təşkil edir. ATİAHİ Respublia
Komitəsi tərəfindən hər il gənclərlə festivallar,
spartakiadalar, elmi-praktik konfranslar, inşa
müsabiqələri, fənn olimpiadaları, müxtəlif idman
yarışları keçirilir, istedadlı gənclərin üzə çıxarılması
və onların potensial imkanlarının genişləndirilməsi,
həmçinin sosial problemlərinin həlli ilə bağlı
tədbirlər təşkil edilir. Gənclərin cəmiyyətdə
fəallığının artırılmasına, onların intellektual səviyyə
və bacarıqlarının yüksəlməsinə xidmət edən belə
tədbirlər minlərlə gənci əhatə edir.
Sədr S.Mehbalıyev daha sonra ATİAHİ Respublika
Komitəsinin təşkilatçılığı ilə respublikamızın ali
təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş
futzal yarışı və "Nə?, Harada?, Nə zaman?" intellektual
oyunu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki,
artıq ənənəyə çevrilərək hər il keçirilən bu tədbirlərdə
tələbələr böyük həvəslə iştirak edirlər və qaliblər
ATİAHİ Respublika Komitəsi tərəfindən mükafatlandırılır.
Bu il keçirilən futzal üzrə yarışda I yeri Azərbaycan
Dövlət İqtisad Universitetinin komandası, II yeri
Azərbaycan Dövlət Neft Akademiyasının komandası, III
yeri Azərbaycan Texniki Universitetinin komandası
tutub. "Nə?, Harada?, Nə zaman?" intellektual oyunun
nəticələrinə görə Bakı Dövlət Universitetinin komandası
I, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası
II, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının komandası isə III yerə
layiq görülüb.
Səttar Mehbalıyev hər iki yarışın qalibi olan
tələbələri əldə etdikləri uğur və qarşıdan gələn 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni
il münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını
çatdırdı.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olundu.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |