Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bu
ilin iyul ayında dövlət başçısının sərəncamı ilə
tikilmiş binada mənzil almış jurnalistlərə mənzillərin
sənədlərinin və açarlarının təqdim edilməsi, 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə keçirilən fərdi jurnalist yazıları
müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
olmuşdur.
AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və
media nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar
Səfərli bildirmişdir ki, 2010-cu ildə Prezident İlham
Əliyevin sərəncamı ilə jurnalistlər üçün yaşayış
binasının inşasına başlanılmışdır. Bu il 22 iyul - Milli
Mətbuat Günündə isə Prezident İlham Əliyevin iştirakı
ilə binanın açılışı olmuşdur. Bina tam təmirlidir və
sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunmuşdur.
Azərbaycan dövlətinin mətbuata qayğısı, jurnalistlərin
sosial rifah halının daha da yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi tədbirlər diqqətə
çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan dövlətinin
başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani
təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları
deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
demişdir ki, dövlətimiz əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş ciddi bir sosial siyasət
yürüdür. Bu sosial siyasətin tərkib hissəsi insanları
informasiya ilə təmin edən, cəmiyyətin milli mənəvi
dəyərlərinin keşiyində duran media işçilərinin sosial
vəziyyətlərinin yaxşılaşdırılmasıdır.
Media sahəsində ən çox xidmətləri olan jurnalistlərə
sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün
mənzillərin verildiyini diqqətə çatdıran Əli Həsənov
demişdir ki, dövlət başçısının digər sərəncamı ilə
jurnalistlər üçün tikiləcək ikinci binanın təməli
qoyulmuşdur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin
mətbuata yüksək diqqət və qayğısının daha bir əyani
nümunəsidir.
Prezident Administrasiyasının şöbə müdiri 2013-cü ilin
Azərbaycan üçün uğurlu il olduğunu, ölkəmizin dünyanın
təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd
etmişdir.
Əli Həsənov bildirmişdir ki, bu ilin ən mühüm
hadisələrindən biri də ölkəmizdə keçirilən prezident
seçkiləri olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev
xalqımız tərəfindən yekdilliklə yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Bütün bunları
ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi
mənasında, uğurlu bir ili yola salırıq və böyük
müvəffəqiyyətlər və uğurlar vəd edən Yeni ili
qarşılamağa hazırlaşırıq.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
mənzil almış jurnalistləri, fərdi jurnalist yazıları
müsabiqəsinin bütün iştirakçılarını, o cümlədən
qalibləri qarşıdan gələn əlamətdar bayramlar - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq
uğurları arzulamışdır.
Sonra Əli Həsənov mənzillərin sənədlərini və açarlarını
jurnalistlərə təqdim etmişdir.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev
mənzil almış jurnalistlər adından Prezident İlham
Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbirdə media ilə sıx əməkdaşlıqlarına görə rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasova,
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Budaqova fondun xüsusi mükafatları təqdim
edilmişdir.
Mərasimdə fondun 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi
jurnalist yazıları müsabiqəsinin nəticələri barədə
məlumat verilmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli demişdir ki,
qurumun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist
yazıları müsabiqəsinə 108 yazı təqdim olunmuşdur.
Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15
istiqamət üzrə keçirilmişdir. Fərdi jurnalist yazıları
müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən
qiymətləndirilmişdir.
Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının
müzakirəsinə çıxarılmışdır. Müzakirələrdə iştirak edən
Şura üzvləri jurnalist peşəkarlığının artırılması
baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını
bildirmişlər. Müsabiqənin şərtlərinə əsasən, hər
istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab
edilmişdir. Bundan əlavə, müsabiqənin 15 iştirakçısına
həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.
Bildirilmişdir ki, müsabiqənin şərtlərinə uyğun olaraq
qaliblərin hər birinə 1000 manat, həvəsləndirici
mükafatların sahiblərinə isə 300 manat məbləğində
mükafat verilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilmişdir ki, artıq ölkəmizdə fərdi jurnalist
yazıları müsabiqəsinin keçirilməsi və qaliblərin ilin
sonunda - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramı ərəfəsində bu cür təntənəli mərasimlərdə
mükafatlandırılması ənənə halını almışdır.
Mərasimin sonunda fərdi jurnalist yazıları müsabiqəsinin
qaliblərinə mükafatlar təqdim edilmişdir. |