Görkəmli
bəstəkar, Dövlət mükafatı laureatı, SSRİ və Azərbaycan
Respublikasının xalq artisti, AMEA-nın müxbir üzvü,
professor Arif Məlikovun 80 yaşı bu ilin sentyabrında
tamam olub. Azərbaycan Prezidenti İlham Əliyev bu
münasibətlə mədəniyyətimizin inkişafında müstəsna
xidmətləri olan tanınmış bəstəkarı ölkənin ali
mükafatlarından olan "Heydər Əliyev" ordeni ilə təltif
edib. Böyük sənətkara xalq məhəbbətinin təzahürü olaraq
ölkənin müxtəlif şəhər və rayonlarında, eləcə də
paytaxtımızın təhsil ocaqlarında, mədəniyyət beşiyi
Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80
illiyinə həsr olunmuş görüşlər, yubiley tədbirləri
keçirilib. Belə tədbirlərdən biri də Arif Məlikova daha
doğma olan bir məkanda - Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecində dekabrın
24-də təşkil olunmuşdu.
Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov açaraq bu gün təhsil
ocağının 1951-ci il məzunu, dünya şöhrətli bəstəkar,
"Şöhrət", "İstiqlal", "Heydər Əliyev" ordenli, SSRİ-nin
və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış
ictimai xadim Arif Məlikovla görüşə toplaşdıqlarını
bildirdi və yubilyarı kollektiv adından salamlayıb, 80
illik yubileyi münasibəti ilə təbrik etdi. Arif
müəllimin 1933-cü il sentyabrın 13-də anadan olduğunu
xatırladan N.Kazımov böyük sənətkarın 70 və 75 illik
yubileylərinin də ona doğma olan Musiqi Kollecində qeyd
etdiklərini diqqətə çatdırdı.
Müəllim və tələbələrinin Arif Məlikovun həyat yolu və
yaradıcılığı, musiqi xəzinəmizi zənginləşdirən çoxsaylı
əsərləri haqqında kifayət qədər məlumatlı olduğunu
söyləyən kollecin direktoru təkcə bir fakta diqqəti
yönəltdi ki, yubilyarın məşhur "Məhəbbət əfsanəsi"
baleti indiyədək dünyanın 70-dən çox ölkəsində səhnəyə
qoyulub. Bununla belə N.Kazımov görkəmli sənətkarın
həyat və yaradıcılıq yolunun bəzi nüanslarına diqqəti
yönəldərək bildirdi ki, Arif Məlikov 1951-ci ildə o
vaxtlar Asəf Zeynallı adına musiqi məktəbi adlanan
Musiqi Kollecinin tar sinfini bitirmiş və 1 il Şuşada
işlədikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına
qəbul olunaraq məşhur bəstəkar Qara Qarayevin sinfində
təhsil almışdır.
N.Kazımov A.Məlikovun görkəmli bəstəkar olmaqla yanaşı,
həm də gözəl bir müəllim kimi musiqi kadrlarının
hazırlanmasında uzun illər səmərəli fəaliyyət
göstərdiyini, onlarca istedadlı tələbə yetişdirdiyini,
onların bir qisminin bugünkü görüşdə də iştirak etdiyini
bildirdi.
Nazim Kazımov Arif Məlikovun genişmiqyaslı ictimai
fəaliyyətindən də söz açaraq 1990-cı ildə xalqımıza
qarşı törədilmiş 20 Yanvar qırğını zamanı onun SSRİ Ali
Sovetinin deputatı kimi faciəni törədənlərə qarşı
çıxmasından, o vaxtkı SSRİ rəhbərləri ilə görüşlərində
onları cəsarətlə tənqid edib, faciənin baiskarı
adlandırmasından, 20 Yanvar hadisələri zamanı neçə-neçə
Azərbaycan oğullarını təhlükədən qurtarmasından danışdı,
onun qələmindən çıxmış "Ya obvinyayu" kitabının bu
hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm
rol oynadığını vurğuladı.
Sonra uzun müddət Salyan Rayon Mədəniyyət Şöbəsinin
müdiri işləmiş Fərəc Dadaşova çıxışında Arif Məlikovu
böyük sənətkar, dünya miqyasında tanınan bəstəkar kimi
səciyyələndirərək onun Azərbaycan klassik musiqisinin
beynəlxalq aləmdə tanınmasında mühüm xidmətləri
olduğunu, bir həmyerliləri kimi təkcə Salyan əhalisinin
deyil, bütün ölkə ictimaiyyətinin onunla fəxr etdiyini
bildirdi.
Yubilyarla bağlı bəzi xatirələrini dilə gətirən natiq
işinin çox olmasına baxmayaraq Salyana gələndə Arif
Məlikovun onların fəaliyyəti ilə yaxından
maraqlandığını, hətta mədəniyyət şöbəsinin nəzdindəki
ansambllara dirijorluq etdiyini, ansambl üzvlərinə
dəyərli məsləhətlər verdiyini söylədi. Böyük bəstəkarı
yubileyi və "Heydər Əliyev" ordeni ilə təltif olunması
münasibəti ilə təbrik edən F.Dadaşov ona cansağlığı və
daha uzun ömür arzuladı.
Mərasimdə Arif Məlikovun tələbəsi olmuş Musiqi
Kollecinin müəllimi Sevinc Seyidova da çıxış edərək
müəllimini təbrik etdi, onun barəsində ürək sözlərini
söylədi. O bildirdi ki, dünya musiqi mədəniyyətinin
görkəmli simalarından biri olan Arif Məlikovun sinfində
oxumaq xoşbəxtliyinin ona da nəsib olduğunu deyərək,
təhsil aldığı illərdə Arif Məlikovu gözəl bəstəkar,
gözəl pedaqoq, gözəl insan kimi tanıdığını, çətin
işlərində müəlliminin ona həmişə atalıq qayğısı
göstərdiyini diqqətə çatdırdı, həmin illərdən bəzi
xatirələri görüş iştirakçıları ilə paylaşdı.
Daha sonra yubiley tədbiri kollecin tələbələrinin
ifasında maraqlı konsert proqramı ilə davam etdi.
Kollecin müxtəlif kurslarında təhsil alan tələbələr Arif
Məlikovun əsərlərini, xüsusən də məşhur "Məhəbbət
əfsanəsi" baletindən səhnələri, bəstəkarın mahnılarını
məharətlə təqdim etdilər.
Konsertdən sonra Arif Məlikov görüş iştirakçıları
qarşısında çıxış edərək həyat və yaradıcılıq yolunun
bəzi məqamlarından, əsərlərinin səhnəyə qoyulması ilə
bağlı xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdən, bu
səfərlərdə qarşılaşdığı maraqlı hadisələrdən söz açdı,
tələbələrə vaxtlarını boş keçirməməyi, daim oxumağı,
öyrənməyi, öz üzərlərində çalışmağı tövsiyə etdi,
xatirələrini danışdı.
Sonda görkəmli sənətkarla xatirə şəkli çəkdirildi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |