Dekabrın
25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(MDU) Bakı filialının Xocasən qəsəbəsindəki yeni
kampusunda Yeni ilə həsr edilmiş bayram gecəsi
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə MDU-nun Bakı filialının
rektoru, professor Nərgiz Paşayeva, xalq artisti Arif
Məlikov, xalq artisti Teymur Göyçayev, Rusiyanın
Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak etmişlər.
Universitetin rektoru Nərgiz Paşayeva ali məktəbin
tələbələrini və müəllimlərini qarşıdan gələn Yeni il
münasibətilə təbrik etmişdir. O, başa çatmaqda olan ilin
filial üçün uğurlu olmasını qeyd etmiş, tələbələrə yeni
ildə təhsil uğurları arzulamışdır.
Səfir Vladimir Doroxin vurğulamışdır ki, bu universitet
Rusiya ilə Azərbaycanı birləşdirən ən yaxşı vasitədir.
"Bu, iki ölkə tərəfindən uğurla həyata keçirilmiş gözəl
layihədir", - deyən diplomat qeyd etmişdir ki, 2013-cü
il hər iki ölkə üçün uğurlu olmuşdur. V.Doroxin
demişdir: "Azərbaycan inkişaf edir, ölkənizdə sabitlik
var, bu, çox vacibdir. Bundan əlavə, Azərbaycan
Prezidentinin yenidən həmin vəzifəyə seçilməsi də başa
çatmaqda olan ilin əlamətdar hadisəsidir. Ölkələrimizin
münasibətləri baxımından bu il çox uğurlu olmuşdur.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər
etmişdir".
Sonra MDU-nun Bakı filialının tələbə xoru çıxış
etmişdir. Tələbələr Azərbaycan və xarici ölkələrin
musiqisini ifa etmişlər.
Gecədə xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri
çıxış etmişlər.
Xatırladaq ki, MDU-nun Azərbaycandakı filialı 2007-ci
ildən fəaliyyət göstərir. 2012-ci ildə universitet
tələbələrinin birinci buraxılışı olmuşdur. Elə həmin il
Xocasən qəsəbəsində bu ali məktəbin yeni kampusu
istifadəyə verilmişdir. |