Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı
Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri,
nümunəvi nizam-intizamı, universitetin ictimai həyatında
fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi
nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi
ilə "İlin ən yaxşı tələbəsi" adlı müsabiqənin
qaliblərinin mükafatlandırılma mərasimi keçirib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu
səpgili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs
edib. Rektor, eyni zamanda "İlin ən yaxşı tələbəsi"
adını qazanan tələbələri təbrik edib, onları bu fəxri
ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə
etməyə səsləyib.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Daşqın Qənbərov çıxış edərək 2013-cü ildə həyata
keçirilən tədbirlər barədə məlumat verib, gələcəkdə
reallaşdırılması nəzərdə tutulan layihələr haqqında
danışıb.
Sonda rektor Abel Məhərrəmov müsabiqədə qalib olmuş
tələbələrə diplomlar təqdim edib. Qeyd edək ki, bu il
187 tələbə "İlin ən yaxşı tələbəsi" adına layiq görülüb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |