20-21
dekabr tarixlərində Bakı Slavyan Universitetində
"Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə
istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında"
mövzusunda V Beynəlxalq elmi konfrans keçirildi. BSU və
Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə 17 ölkədən gəlmiş
40-dan çox ədəbiyyatşünas alim, eləcə də Milli Məclisin
deputatları, ziyalılar, respublikamızın ali təhsil və
elm müəssisələrinin nümayəndələri, tələbələr və KİV
təmsilçiləri iştirak edirdilər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor,
əməkdar elm xadimi Kamal Abdullayev tədbiri açaraq
iştirakçıları salamladı. Xarici qonaqları təqdim edən
rektor konfransda iştirak etdiklərinə görə onlara öz
minnətdarlığını bildirdi. Ənənəvi olaraq 2-3 ildən bir
"Müqayisəli ədəbiyyat" devizi altında keçirilən
beynəlxalq elmi konfransın mövzusunun hər dəfə
ədəbiyyatda müxtəlif problemlərə həsr edildiyini və
geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdıran
K.Abdullayev bu tədbirə marağın ildən-ilə artdığını
vurğuladı. Oeyd olundu ki, iki gün davam edəcək
beynəlxalq elmi məclisdə müasir ədəbiyyatın və
mifologiyanın problemləri, eyni zamanda, tarixən
ədəbiyyat, mif, tarix arasındakı əlaqələrin açılması
baxımından çox maraqlı mətləblərə toxunulacaqdır.
Konfransın plenar iclasında çıxış edən BSU-nun
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan
Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, filologiya
üzrə elmlər doktoru, professor Rəhilə Qeybullayeva
tədbirin əhəmiyyətindən danışaraq tarix və ədəbiyyatın
ümumi və fərqli xüsusiyyətlərini səciyyələndirdi.
R.Qeybullayeva tarixin yazılma formalarını, müxtəlif
xalqların keçid dövrlərini, "tarix" və "history"
sözlərinin etimologiyasını, tarix və ədəbiyyat
terminlərinin müxtəlif xüsusiyyətlərini müqayisəli
şəkildə təhlil etdi. O, tədbir iştirakçılarına
konfransın işi haqqında məlumat verdi və materialların
kitab şəklində nəşr olunacağını diqqətə çatdırdı.
Sonra tədbirin əsas məruzəçiləri - Viskonsin Medison
Universitetinin (ABŞ) dosenti Maks Statkiyeviç
"Başlanğıc: ədəbiyyat tarix və mif arasında vasitəçi
kimi", Boğaziçi və Yeditəpə universitetlərinin
(Türkiyə) professoru Suat Karantay "Səyahət yaddaşın
forması kimi: Monteqyunun türk səfirinin məktubları"
mövzusunda məruzə etdilər.
V Beynəlxalq elmi konfrans münasibətilə iştirakçıları
təbrik edən Osaka Universitetinin (Yaponiya) dosenti
Takayuki-Yokota Murakami Kamal Abdullayevin yapon dilinə
tərcümə olunmuş və bu uzaq ölkədə işıq üzü görmüş
"Sehrbazlar dərəsi" kitabını müəllifə təqdim etdi.
Tədbirdə BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı Asiya
Universitetinin rektoru, professor Cəlil Nağıyev,
Miçiqan Universitetinin (ABŞ) professoru Jaspal
K.Singh, Təbriz Universitetindən Hossein Sabouri
(İran), Ural Federal Universitetindən Sergey Sokolov
(Rusiya), Lyudmila Bejenaru (Rumıniya), Vera Oçxeli
(Gürcüstan), Rafi Beykhanov (İsrail) və başqaları çıxış
edərək konfransın işinə uğurlar arzuladılar.
Sonra konfrans öz işini "Tarixi və ədəbi janrlar :
təsvir üsulları", "Ədəbi mətnlərdə tarixin təsviri
formaları", "Keçid dövründə ədəbiyyat və tarix",
"Mifoloji qatda tarix", "Tarix və istorioqrafiya",
"Dil tarixin mənbəyi kimi" bölmələrində davam etdirdi.
Konfrans çərçivəsində həmçinin Əl-Fərabi adına
Qazaxıstan Milli Universitetinin professoru Anuar
Qaliyevin "Keçmişin dərki: mif və tarix arasında",
Orenburq Dövlət Pedaqoji Universitetinin professoru
S.Lyubiçanovskinin "Yaddaş və gündəlik (Leonid
Bolşakovun şəxsi gündəliyi əsasında)" mövzusunda "ustad
dərsləri", Osaka Universitetinin dosenti Takayuki-Yokota
Murakaminin sədrliyi ilə "İtirilmiş milli tarixin
bərpası: Latviyanın rusdilli yəhudi yazıçıları və
onların əsərləri" mövzusunda "dəyirmi masa" təşkil
olunub.
Konfransa gələn xarici qonaqlar mədəni proqram
çərçivəsində maraqlı ekskursiyalarda iştirak ediblər.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |