Dekabrın 24-də Təhsil Nazirliyi tərəfindən media
nümayəndələrinin İsmayıllı rayonuna səfəri təşkil
olunub.
Səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə
rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər.
Səfər çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev
Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin
müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
İsmayıllı rayonundan 200 nəfərə yaxın təhsil işçisinin
və ictimaiyyət nümayəndələrinin də qatıldığı "dəyirmi
masa"da Dövlət Strategiyası çərçivəsində təhsilin
inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi
barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin
məzmun islahatları, müəllim əməyinin diferensial
qiymətləndirilməsi, bölgə müəllimlərinin karyera
inkişafı, səciyyəvi problemləri və digər məsələlərə
toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş
müddəaların uğurla həyata keçirilməsi üçün ictimai
dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki
məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə
hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki,
Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində
təşkil olunmuş bütün "dəyirmi masa"lar strategiyanın
təhsil ictimaiyyəti və valideynlər tərəfindən daha
düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir.
İsmayıllı şəhər 1, 2 və 3 nömrəli, Lahıc qəsəbə, Cülyan,
İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və
Təzəkənd kənd tam orta məktəblərin direktorları və
müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya
qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı
baxımından belə tədbirlərin əhəmiyyəti haqqında
fikirlərini bildiriblər.
Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət
nümayəndələrini və media təmsilçilərini maraqlandıran
suallar cavablandırılıb.
"Dəyirmi masa"da irəli sürülmüş bütün təkliflər
ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Sonra İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə
ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın VI sinifdə,
İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan
dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika
müəllimi Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər
3 nömrəli tam orta məktəbdə ədəbiyyat müəllimi Çingiz
Muradlının X sinifdə, Cülyan kənd tam orta məktəbində
ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə,
İvanovka kənd tam orta məktəbində Həyat bilgisi müəllimi
Lamiyə Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi
Məhbubə Allahverdiyevanın I sinifdə, Təzəkənd kənd tam
orta məktəbində coğrafiya müəllimi Elşad Vahabovun VI
sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika
müəllimi Rövşən Əliyevin VI sinifdə apardıqları "açıq
dərs"lər izlənilib.
Qeyd edək ki, Lahıc qəsəbə tam orta məktəbi 2013-cü ildə
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Elektron təhsil"
Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin
fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan
Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris
ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi adına layiq görülüb. VI sinif üzrə "Fizika"
dərsliyinin həmmüəllifi R.Əliyev apardığı "açıq dərs"də
fəal/interaktiv təlim metodlarından səmərəli istifadə
etməklə olduqca maraqlı və məzmunlu dərs təşkil etməyə
nail olub.
Media nümayəndələri orta məktəblərin fəaliyyəti,
müəllimlərin müasir tədris üsullarına dair düşüncələri
və təhsil islahatlarına münasibəti ilə yaxından tanış
olublar. |