Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta
məktəb binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun
nümayəndələrinin, rayon ictimaiyyətinin təmsilçilərinin
və kənd sakinlərinin iştirak etdikləri açılış
mərasimində əvvəlcə Azərbaycanın Dövlət himni
səsləndirilmişdir.
Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov
iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun
prezidenti Mehriban Əliyevanın salamlarını çatdırmış,
dövlətimizin təhsilə göstərdiyi qayğıdan söhbət
açmışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda
indiyədək 350-dən artıq məktəb binası inşa edilib
istifadəyə verilmişdir. O, Heydər Əliyev Fondunun
şagirdlərə verdiyi bu gözəl töhfədən yararlanaraq yaxşı
oxumağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə
etmişdir.
Mərasimdə digər çıxış edənlər də əlamətdar hadisə
münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik
etmiş, məktəb binasının istifadəyə verilməsini
Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi
qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Natiqlər
bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya dərin
minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, son illər ölkənin hər bir guşəsində
olduğu kimi, Xaçmaz rayonunda da məktəb tikintisi geniş
vüsət almışdır. Son 10 ildə rayonda 32 yeni məktəb
binası istifadəyə verilmişdir. Hazırda daha 5 məktəb
binasının tikinti işləri aparılır.
Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra
iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış
olmuşlar. İkimərtəbəli təhsil ocağında kompüter otağı,
fənn kabinetləri, kimya, fizika və biologiya
laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları,
bufet, akt zalı, idman zalı, kitabxana yaradılmış,
məktəb ən müasir avadanlıqla təmin olunmuşdur. Binanı
istilik və elektrik enerjisi ilə təmin etmək üçün burada
qazanxana və transformator yarımstansiyası qurulmuşdur.
Binada su, kanalizasiya sistemləri qurulmuş, həyətində
futbol meydançası yaradılmışdır. Buradakı bütün tədris
avadanlığı da məktəbə Heydər Əliyev Fondu tərəfindən
hədiyyə olunmuşdur.
Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən
daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin
yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat
gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus verilmişdir.
Məktəbin açılışından sonra tədbir iştirakçıları Palıdlı
kəndində yerli sakinlər üçün tikilmiş 26 yeni yaşayış
evinə də baxış keçirmişlər. |