Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və
təşkilatçılığı ilə bu ali təhsil ocağında yarandığı
gündən bir çox maraqlı layihələr həyata keçirilir. Bu
layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif
ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan
tələbələrin "Bir günlük Xəlifə" Tələbə Özünüidarəetmə
gününə cəlb olunmasıdır.
BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
tələbələrin müstəqil idarəçilik qabiliyyətinin
inkişafına təkan vermək, intellektual səviyyələrini,
işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar
tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata
keçirmək məqsədi ilə gerçəkləşən bu maraqlı layihə ilk
dəfə 2002-ci il dekabrın 13-də reallaşmış və həmin gün
universitetdə 14 rəhbər vəzifəni tələbələr icra etmişlər.
Dekabrın 13-də keçirilmiş "Bir günlük Xəlifə" Tələbə
Özünüidarəetmə günündə də bütün rəhbər vəzifələri
tələbələr icra etmişlər. Universitetin rektoru Aytən
Süleymanova, prorektorları Günel Həmzəyeva, Zibər
Rzayeva, Adilə Bəhməni, Səbinə Zeynalova və Əsgər
Məmmədli olmuşlar. Xəlifələr iş gününə ümummilli lider
Heydər Əliyevin universitetin foyesindəki büstü önünə
əklil və gül dəstələri qoymaqla başlamışlar. Sonra
xəlifələr ulu öndərin xatirəsinə həsr olunmuş "Azərbaycan
və Avropa: problemlər və perspektivlər" mövzusunda XI
respublika tələbə elmi-praktik konfransı keçirmişlər.
Konfransda BSU-nun tələbələri ilə yanaşı, digər
universitetlərin də nümayəndələri iştirak etmişlər.
"Xəlifə" günündə Ukraynanın Azərbaycandakı səfiri
Aleksandr Mişenko BSU-nun Ukrayna Tədris-Mədəniyyət
Mərkəzində tələbələrlə görüşmüşdür. Görüşdə səfir
bildirmişdir ki, BSU həmişə məni maraqlı və mənalı
layihələri ilə təəccübləndirir. Tələbələrə yaradılmış
şərait, onlara demokratik dəyərlərə söykənərək
göstərdiyiniz etimad diqqətəlayiqdir.
"Xəlifə" günü çərçivəsində bir sıra maraqlı görüşlər də
baş tutmuşdur. "British Council" təşkilatının Azərbaycan
nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt da
universitetin qonağı olmuşdur. O qeyd etmişdir ki,
gənclərin rəhbər vəzifələri icra edə bilmələri
təqdirəlayiq haldır. Bu cür layihələr başqa
universitetlərdə də təşkil olunsa daha yaxşı olar.
Tələbələr "Xəlifə" günü şəhidlərimizi də yad etmişlər.
Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun
xatirəsinə həsr olunmuş və universitet məzunu tərəfindən
ərsəyə gətirilmiş sənədli film təqdim olunmuşdur.
Rus dilinin tədrisi problemlərinə həsr olunmuş tədbirə
isə tələbələrlə yanaşı, ixtisas kafedralarının
müdirləri, müəllimlər cəlb olunmuşlar. Universitetin
Valideynlər Şurasının iclası, Magistrantlar Şurasının
yığıncağı, "İstedadlı tələbə" yaradıcılıq müsabiqəsi və
esse müsabiqəsi qaliblərinin mükafatlandırılması maraqlı
tədbirlərdəndir.
BSU-nun Türkiyə Araşdırmaları Mərkəzində Türkiyə
səfirliyinin, Belarus Dili və Mədəniyyəti Mərkəzində
Belarus səfirliyinin nümayəndələri tələbələrlə
görüşmüşlər. Filologiya və pedaqoji fakültələrinin
tələbələri üçün yaradıcılıq fakültəsinin təqdimatı
keçirilmişdir.
Jurnalistika və Azərbaycan filologiyası fakültəsində
"Açıq mikrofon saatı" adlı tədbirdə jurnalist tələbələr
tanınmış jurnalistlərlə görüşmüşlər.
Bildirilmişdir ki, tələbələr "xəlifəlik" etdikləri bir
gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilmiş və
rəhbər vəzifələri icra edən 30 tələbə gün ərzində öz
vəzifələrini məharətlə yerinə yetirməyə çalışmışlar.
BSU-da keçirilən layihələrin ən maraqlı və vaciblərindən
biri olan "Bir günlük Xəlifə" layihəsi universitetdə
gənclərə yüksək etimad göstərilməsindən xəbər verir.
|