Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Beynəlxalq təhsil xəbərləri

 

Böyük Britaniyanın Mançester Universitetinin 90 yaşlı məzunu

Böyük Britaniyadan olan Xelen Xezerinqton 90 yaşında ali təhsil diplomu alıb. "Uçitelskaya qazeta"nın yazdığına əsasən, ahıl qadın Mançester Universitetində diplomun təntənəli təqdimolunma mərasimində iştirak edib.  "İndependent" qəzeti xəbər verib ki, Xelen 70 il əvvəl ölkənin ən nüfuzlu ali məktəblərindən olan Mançester Universitetinə  ticarət ixtisası üzrə bakalavr təhsilinə qəbul olunub. Lakin gənc qız o zaman diplom ala bilməyib. Buna səbəb İkinci Dünya müharibəsi illərində ordunun ehtiyacları üçün yaradılmış aviasiya zavodunda işləməsi olub. Yaşlı qadın xatırlayıb ki, müharibə dövründə elə vaxtlar  olub ki, universitet mühazirələrində təkbaşına  iştirak edib. Çünki onun bütün kurs yoldaşları  ön cəbhə üçün çalışıblar.    Müharibədən sonra isə o, artıq diplom barədə düşünməyib. Tezliklə ərzaq mağazasında işə düzələn Xelen ailə həyatı qurub. O,  universitetdə nəvəsi Reyçel ilə birlikdə oxuyub. Diplomu almağa də Xelen sevimli nəvəsi ilə gəlib. "Mən öz nənəmlə fəxr edirəm, bu gün onunla birlikdə mərasimdə iştirak etməyimdən çox xoşbəxtəm.  Yəqin ki, heç də hamı onun kimi addım atmazdı". Xatırladaq ki, bundan əvvəl amerikalı Odri Krebtri 80 illik fasilədən sonra 99 yaşında ali təhsil diplomu alıb. 


Alimlər şagirdlərin təhsil uğurlarının irsiyyətdən asılı olduğunu sübut ediblər 

Alimlərin məlumatına görə, şagirdlərin oxu, yazı və hesablama qabiliyyətləri daha çox irsiyyətdən  asılıdır. London Kral Kolleci alimlərinin "PLoS One"  jurnalında dərc edilmiş məqaləsi  standartlaşdırılmış məktəb təhsili kontekstində  şagirdlərin təhsil uğurları  arasında  fərqlərin səbəbini izah edir. "Biz qarşımıza belə bir sual qoyduq ki, nəyə görə şagirdlər orta təhsil haqqında attestat  imtahanlarında müxtəlif qiymətlər alırlar. İnsanlar ilk növbədə hesab edirlər ki, buna görə  məktəb cavabdehdir.  Amma əgər bütün məsuliyyət məktəbin üzərinə düşsəydi, onda bütün şagirdlər eyni səviyyədə oxuyardı" - deyə kollecin müəllimlərindən Robert Plomin bildirib. R.Plomin və onun həmkarları 16 yaşlı, ingilis dili, riyaziyyat və təbiət elmləri kimi icbari fənlərdən imtahan vermiş   5500 əkiz şagirdin imtahan vərəqlərini təhlil ediblər. Onların həyat və təhsil şəraitləri də oxşar olub.   Alimlər yeniyetmələrin təhsilindəki fərqlərin 55 faizinin irsiyyətlə, 36 faizinin ətraf mühit, ev şəraiti və məktəblə bağlı olduğunu bildiriblər.

Bundan əlavə, tədqiqatçılar cinslər arasında daha böyük olmayan fərqi aşkar ediblər. Oğlan uşaqlarının təhsil uğurları daha çox irsiyyətlə bağlı olduğu halda qızlarda bu, daha çox  ətraf mühitin təsiri ilə əlaqədardır.  Alimlər hesab edir ki, təhsildə uğurlar minlərlə gendən asılı ola bilər.  Alimlər qeyd edirlər ki, irsiyyət məktəblinin uğurlarını tam müəyyən etmir. Lakin məktəbin hər kəsə eyni təhsil verməsi səbəbindən genetik fərqlər ön plana çıxır.

Alimlər bildirib ki, onların nəticələri bir daha təhsilə fərdi yanaşmanın zəruriliyini göstərir.  Alimlər 7-9-12 yaşda əkiz uşaqlar arasında apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, oxu, yazı və hesablama qabiliyyəti daha artıq dərəcədə, yəni  68 faiz irsiyyətdən asılıdır.


Moskva məktəblərində İnternet dərsi tədris olunacaq

Uşaqlara xüsusi kurs çərçivəsində sosial şəbəkələrdə həddən artıq şəxsi informasiyaların yerləşdirilməsinin yolverilməzliyi  izah olunacaq.   "Uçitelskaya qazeta"nın yazdığına görə, artıq beşinci sinifdən başlayaraq paytaxt məktəbliləri internetşünaslıq  dərslərinə cəlb olunacaqlar.  Xüsusi kurs inkişafetdirici  oyunlara, təhlükəsizlik və mobil rabitə texnologiyalarının öyrənilməsinə, internet-sosiallaşma kimi faydalı saytlara həsr edilmiş 5  hissəyə bölünəcək. Texniki təchizat və tədrisin yeni kompüter texnologiyaları ilə təşkili "Yeni məktəb texnologiyaları" proqramı çərçivəsində reallaşdırılacaq. Moskva şəhər İnformasiya texnologiyaları  Departamentinin rəhbəri Artyom Yermolayevin sözlərinə görə, proqramın həyata keçirilməsi üçün 20 məktəb seçilib. Artıq sentyabr ayından proqramın icrasına başlanılacaq. 2014-cü ildə isə layihəyə daha 200 məktəb qoşulacaq. Qeyd edək ki,  2013-cü ildən start götürmüş "Yeni məktəb texnologiyaları" təhsil prosesinin təşkilində texnoloji yanaşmaları inkişaf etdirən müəssisələrin stimullaşdırılmasına yönəlib. Kursun hazırlanmasında Google, Cisco Systems, "Meqafon", Microsoft kimi şirkətlər iştirak edib.


Rusiya təhsil sisteminin radikal dəyişikliklərə ehtiyacı var

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi bütün ölkə ərazisində 800-ə yaxın valideyn arasında  sorğu aparıb. Sorğunun mövzusu ölkənin təhsil sistemində islahatların aparılması zəruriliyi, Təhsil və Elm Nazirliyinin hədəflərinin necə qiymətləndirilməsi, ali məktəblərin birləşməsi məsələsinə  münasibət,  beynəlxalq nümunəli diplomlar alan məzunlanın üstünlükləri ilə bağlı olub. 

Sorğunun iştirakçılarının əksəriyyəti əmindirlər ki,  Rusiya təhsil sistemi dəyişikliklərə ehtiyac duyur: respondentlərin 41 faizi onu  bu sistemi   transformasiya etməyi təklif edir, 47 faiz isə radikal dəyişikliklərdə təkid edirlər. Rəyi soruşulanların 8 faizi islahatları lazımsız hesab edir. Respondentlərin yarıdan çoxu Təhsil və Elm Nazirliyi tərəfindən seçilmiş inkişafın vektorunu dəstəkləyirlər: rusiyalıların 56 faizi   güman edirlər ki, nazirlik tərəfindən seçilmiş prioritetlər və hədəflər bütövlükdə təhsil üçün  əlverişlidir. Respondentlərin 37 faizi nazirliyin seçdiyi inkişaf kursuna skeptik yanaşır. Respondentlərin 53 faizini ali məktəblərin birləşməsi və onların əvəzinə  nəhənğ təhsil ocaqlarının yaradılması ideyası  narahat edir. 43 faiz isə bu prosesə laqeyd yanaşır. 45 faiz birləşmə ideyasını bəyənir, 36 faizin dəyişikliklərə münasibəti mənfidir. Sorğuda iştirak edənlərin   19 faizinin bu məsələdə mövqeyi bəlli deyil. Ölkə vətəndaşları Rusiya diplomlarının xaricdə tanınmasında bir çox üstünlüklər görürlər. Belə ki, rəyi  soruşulanların 35 faizi hesab edirlər ki, bu, məzunların Qərb şirkətlərində müvəffəqiyyətli işə düzəlməsi  perspektivini təmin edəcək.  30 faiz isə  öz növbəsində, bunu gənc mütəxəssislərin xaricdə təcrübə keçmələri üçün imkan kimi qiymətləndirirlər. Başqa respondentlərə (15%) görə beynəlxalq nümunəli  diplomların sahibləri xarici dilləri peşəkarlıqla öyrənə, 13 faizə görə isə   onlar Rusiyada və xaricdə işgüzar əlaqələri qaydaya sala biləcəklər. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" 
Xarici mətbuat
materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov