Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

"Uçitelskaya qazeta"dan

Beynəlxalq təcrübə: məktəbəqədər təhsildə müəllim hazırlığı və ixtisasartırma

 

Bir sıra Qərb ölkələrində məktəbəqədər təhsilə (childhood education and care - ECEC) xüsusi diqqət vardır.  Çünki uşaqların  ən erkən vaxtlardan inkişafı  onların gələcək uğurlu təhsil fəaliyyətinin  və özünü həyatda reallaşdırmasının  təminatıdır.  Buna görə də təhsil müəssisələrində azyaşlı uşaqlarla işləyən pedaqoji heyətə xüsusi diqqət yetirilir. Keyfiyyətli məktəbəqədər təhsilin  başlıca komponentlərindən biri  özlərinin pedaqoji inkişafında maraqlı olan yüksək ixtisaslı mütəxəssislərdir. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hazırlığı  məsələsi bir sıra ölkələrdə fərqlidir. Müəllimlərin  cəlb olunduğu ixtisasartırma kurslarının proqramlarına nələrin daxil olması məsələsində universal  yanaşma mövcud deyil. Belə ki, məktəbəqədər təhsilin bütün iştirakçıları  fərqli tələbat və maraqlara malikdir. 

Müasir ixtisasartırma kursları özündə ikinci dilin öyrənilməsi, məhdud imkanlı uşaqların təhsili, psixologiyası və  s.  nəzərdə tutur. Qloballaşma şəraitində isə etnik tərkib nəhəng dərəcədə dəyişir ki, bu da özünü ilk növbədə təhsil sisteminə təsirdə göstərir. Buna görə də çoxmillətli qruplarda  uşaqlarla iş üzrə kursların aparılması populyarlıq qazanır. İxtisasartırmada təhsil müəssisəsinin rəhbəri xüsusi rol oynayır. O, öz işçilərinə dəstək göstərir, onlarla məsləhət saatları keçirir, söhbət əsnasında müəllimlərin gələcək karyeralarında irəliləməsi imkanlarından danışır.  Bir sıra ölkələrdə  ixtisasartırma məktəbəqədər təhsil sistemində işləyənlər üçün məcburi şərt hesab olunur. 

İxtisasartırma kurslarının təşkilinin maliyyə təminatını adətən, 3 tərəf - işçi, işəgötürən və dövlət (Finlandiya, Avstraliya, Çexiya, Yaponiyada olduğu kimi) həll edir. Lakin bir sıra ölkələrdə işçilər ixtisasartırma kurslarına görə pul ödəməkdən azad olunur. Onların  bütün xərcləri dövlət və işəgötürənlər  (Norveç, İrlandiya,  Yeni Zelandiyada olduğu kimi)  öz üzərinə götürür. 

Son vaxtlar ixtisasartırma təcrübəsində onlayn kurslar xüsusi populyarlıq qazanmaqdadır.  Onlardan beynəlxalq The International Step by Step Association (ISSA)  təşkilatının təklif etdiyi Kindergarten Teachers that Make a Difference onlayn kurslarını misal göstərmək olar. Bu kurslar uşaq psixologiyası, uşaqlarla iş sahəsində qeyri-standart yanaşmalar təklif  edən  videoçarxlar,  iştirakçıların təcrübə mübadiləsini  və apardıqları internet forumları özündə birləşdirir. 

Avstraliyada sinif rəhbərləri  praktikası  (The Professional Mentoring Program for Early Childhood Teachers) çox yayılıb. Həmin ixtisasartırma proqramı çərçivəsində gənc pedaqoq məktəbəqədər təhsil üzrə  yüksək ixtisaslı rəhbər müəyyənləşdirir və onunla birlikdə uşaqlarla məşğələlər aparır və bununla da qarşılıqlı surətdə öz peşə təcrübələrini bölüşürlər.  Bundan başqa, gənc pedaqoq kursu bitirdikdən sonra belə istənilən məsələ ilə bağlı sinif rəhbərindən məsləhət ala bilər.   Sinif rəhbəri bir neçə il ərzində gənc pedaqoq üzərində kuratorluq edir.

Miqrant ailələrdən olan uşaqların cəmiyyətə adaptasiyası və sosiallaşması kimi mürəkkəb problemlə üz-üzə olan Almaniyada da məktəbəqədər təhsil sistemi işçilərinin ixtisasartırma  kurslarına cəlb olunması xüsusi aktuallıq kəsb edən məsələdir. Burada da məktəbəqədər təhsil sahəsində işləyən pedaqoqlar  azyaşı uşaqlarla alman dilində işləmək metodikası ilə tanış olurlar. Bu cür kurslar eyni problemlə üzləşmiş Fransa üçün də aktualdır.  Amerikada təhsilin bütün pillələri, eləcə də məktəbəqədər təhsil sahəsində çalışanlar üçün müxtəlif qısamüddətli kurslar və birgünlük seminarlar (workshop)  təşkil edən müxtəlif peşəkar təşkilatlar və assosiasiyalar mövcuddur. Bu tədbirlərdə iştirak, bir qayda olaraq, pulludur. ABŞ-da çoxsaylı peşəkar konfranslar da keçirilir ki, bunlar da müxtəlif ştatlardan və ölkələrdən olan pedaqoqlar arasında təcrübə mübadiləsinin aparılmasına xidmət edir. Məsələn, 2014-cü ildə Kaliforniyanın məktəbəqədər təhsil assosiasiyası (The California Kindergarten Association) özünün 31-ci illik konfransını keçirəcək. Bu tədbirdə əsasən məktəbəqədər təhsil sahəsində işləyən 700-ə  yaxın pedaqoqun iştirakı nəzərdə tutulub. Tədbir çərçivəsində azyaşlı uşaqların psixologiyası və məktəbəqədər yaşlı uşaqlarla işin innovativ metodlarına dair müxtəlif seminarların keçirilməsi nəzərdə tutulub.  Amerikalı tərbiyəçilərə eyni zamanda bir il əvvəl özlərinin peşəkar inkişaflarına  dair tədbir planlaşdırmaları tövsiyə olunur. Bütün uşaq bağçalarının öz tərbiyəçilərinin ixtisasartırma  proqramlarında iştirakını maliyyələşdirmək imkanı olmasa da, ölkədə yaxşı inkişaf etmiş mentorluq  sistemi rəsmi kursları dinləməyi tam kompensasiya edir.  Məktəbəqədər təhsilin veteranları hesab olunan yaşlı pedaqoqlar öz təcrübələrini gənc nəslə ötürməyə çalışır və onlara psixoloji dəstək göstərməkdə üzərlərinə düşən vəzifələrin öhdəsindən  uğurla  gəlirlər.

Cənubi Koreyada tərbiyəçilərin qruplarla iş prosesində davam edən ixtisasartırmasına yüksək diqqət yetirilir. İxtisasartırmanın, özünü inkişaf etdirmənin bu növünü ifadə etmək üçün xüsusi anlayış mövcuddur: pedaqoji tədqiqatlar (teacher research).  Bu cür tədqiqatlar öz mahiyyəti etibarı ilə eksperimental  xarakter daşıyır və real şəraitdə bu və ya digər pedaqoji ictimaiyyət metodikanın  effektivliyini sınaqdan keçirməyə (testləşdirməyə) imkan yaradır. Bu cür tədqiqatların nəticələri heç də həmişə dərc olunmasa da onlar pedaqoji cəmiyyət üçün olduqca vacib hesab olunur, çünki tədqiqatın yekunlarına əsasən pedaqoqlar öz aralarında çox əhəmiyyətli  təcrübəni  bölüşürlər.  Qeyd olunmalıdır ki, Cənubi Koreyada bu cür tədqiqat fəaliyyətinin həyata keçirilməsi  bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin işçiləri üçün məcburi hesab olunur. 

Danimarkada isə hazırda müəllimlərin peşə ixtisasartırmasının ənənəvi formaları  ilə yanaşı, pedaqoji heyətin pəşəkarlığının artırılmasında müəllimlər arasında ünsiyyət formalarını sadələşdirən və onların biri-biri ilə təcrübə mübadiləsini aparmasını asanlaşdıran elektron resursların (e-learning) imkanlarına böyük diqqət ayrılır. 

Beləliklə  də müəllimlərin ixtisasartıma sisteminin təşkilinin beynəlxalq təcrübəsi göstərir ki, tərbiyəçilərin və məktəbəqədər təhsil pilləsində çalışan müəllimlərin peşəkar  inkişafı üçün çoxsaylı variantlar və yanaşmalar mövcuddur. Peşəkarlığın inkişafına yönəlmiş aktiv səylər fərdi (induvidual development), məsələn,  Koreyada olduğu kimi, tərbiyəçi tərəfindən uşaq bağçalarında tətbiqi tədqiqatların aparılması ola bilər. İxtisasartırma sistemində əsas diqqət  fərdi tədqiqatçılıq fəaliyyətinə deyil, kollegial müzakirələrə və mentorluq sistemində təcrübə mübadiləsinə yönəldilə bilər. Tərbiyəçinin peşəkarlıq səviyyəsinin artırılması  xüsusi təşkil olunmuş resurslar, eləcə də gündəlik möhkəmləndirilmiş təcrübələr əsasında mümkün ola bilər.  

Lakin peşəkarlıq səviyyəsinin artırılması prosesinin  vacibliyi  tərbiyəçi üçün dəyişməz olaraq qalmalıdır. Çünki  uşağın təhsilin ən vacib pilləsi olan  məktəbəqədər dövrdə uğurlu inkişafı bir  çox halda məhz tərbiyəçidən və onun azyaşlılarla işləmək səriştəsindən asılıdır.

 Məktəbəqədər təhsildə inkişaf tendensiyaları: dünya təcrübəsi 

Dünya təhsil sistemlərinin ötənilki reytinq sıralamasında ilk 5 yeri tutmuş Finlandiya, Cənubi Koreya, Honkonq, Yaponiya və Sinqapurun məktəbəqədər təhsil sistemində özünü göstərən tendensiyalar da  maraq doğurmaya bilməz. Bu ölkələrdə məktəbəqədər təhsilin təşkili müəyyən maraqlı məqamları ilə diqqəti cəlb edir. Finlandiyada məktəbəqədər təhsil vahid təhsil proqramlarının tərkibinə daxil deyil və pulludur. Lakin valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə getməsinin xərclərini ödəmək üçün dövlətdən müəyyən miqdarda subsidiyalar almaq imkanlarına malikdir.  Ölkədə bağçalara gedən uşaqların yaşı 8 aylıqdan 6 yaşa qədər dəyişir. Uşaq bağçasında bir tərbiyəçiyə kifayət qədər kiçik saylı qruplar düşür. Əgər uşaqlar 3 yaşdan böyükdürlərsə, onda onların sayı 7 nəfərdən,  3 yaşdan aşağıdırlarsa, 4 nəfərdən artıq ola bilməz.  Məktəbəqədər təhsilin uğurlu təşkilinin əsas şərtlərindən biri uşaq bağçalarının bütün pedaqoji tərkibinin təhsilinə yüksək səviyyəli yanaşmadır. Məktəbəqədər təhsil müəssisəsinin işçisinin diplomu əmək bazarında qiymətləndirilir, onun maaşı çox yüksəkdir  və bu peşə çox prestijli hesab olunur.  Ölkənin məktəbəqədər təhsil sistemində çalışanların hər 3/1-i  xüsusi təhsil görmüş bakalavr diplomuna malik olmalıdır. Onun əsas fəaliyyət sahəsinə uşaqlarla məşğələlərin aparılması daxildir. Digər iki işçi isə uşaqlara qulluq  göstərmək üçün xüsusi lisenziya almalıdır. Ölkənin məktəbəqədər təhsil sisteminin işçiləri öz fəaliyyətlərində Finlandiyanın məktəqədər təhsil  və erkən yaşlı uşaqlara  qayğı üzrə milli proqramının (The National Curriculum Guidelines on Early Childhood Education and Care) tövsiyələrini nəzərə almalıdırlar.  Bu proqramın əsas prinsipi isə  uşaq bağçasının pedaqoji heyətinin valideynlərlə sıx qarşılıqlı səyləri əsasında uşaqların hərtərəfli inkişafıdır. Valideynlər pedaqoqlarla birlikdə uşaqların fərdi  təhsil planını tərtib edir, fəal surətdə tamaşalarda, idman yarışlarında iştirak edir, dərnək işlərinə cəlb olunurlar. Məktəbəqədər təhsilin əsas vəzifəsi uşaqlara  formal olaraq hesab və oxu qaydalarının öyrədilməsi deyil, bütün diqqət təbiətşünaslığa və heyvanlar aləminin öyrənilməsinə yönəldilir. Məktəbəqədər təhsilin əsas şüarı "Öyrənməyi öyrətmək"dir. Burada isə daha çox təlim, oyun metodlarına diqqət ayrılır.

Dünyada təhsilin keyfiyyətinə görə ikinci olan Cənubi Koreyada isə məktəbəqədər təhsil  proqramı tamamilə fərqli prinsiplər əsasında qurulub. Bu ölkədə məktəbəqədər təhsil bağça yaşlı uşaqların erkən inkişafına əsaslanıb. Uşaqlar 3 yaşdan başlayaraq təkcə Koreya dilində deyil, həm də ingilis dilində oxumağı və yazmağı öyrənir, eləcə də riyaziyyatın sirləri ilə tanış olurlar.    Məşğələlər sinif otaqlarında təşkil olunur. Məşğələlərdən sonra uşaqlara çoxlu sayda ev tapşırıqları verilir. Azyaşlıların musiqi  təhsilinə və idman məşğələlərinə də xüsusi diqqət ayrılır. Bağçalarda qruplar kiçikdir: bir pedaqoqa 10 uşaq düşür. Bu isə hər bir uşağa fərdi yanaşmağa imkan verir. Uşaq bağçalarının işçiləri valideynlərlə mütəmadi  olaraq fərdi  görüşlər təşkil edir, söhbətin gedişində uşaqların davranışları, onların emosional durumu müzakirə olunur. Valideynlərə  evdə uşaqlarla təlim işinin necə qurulması, onların qidalanmasına dair məsləhətlər verilir.  Uşaq bağçalarında təhsil kifayət qədər bahadır və bəzən bir sıra  universitetlərdəki təhsil haqqından belə yüksəkdir.

Yaponiyada məktəbəqədər təhsil modelinin fərqli xüsusiyyəti onun tərbiyə işinə daha çox üstünlük verməsi və uşaqlarda ümumi korporativ hisslərin möhkəmləndirilməsidir.  Yapon uşaq bağçalarında ən populyar oyuncaq böyük ağac parçalarıdır ki, onlardan evciklər tikmək mümkündür. Lakin təklikdə taxta parçanı qaldırmaq çətindir, buna görə də bu işin öhdəsindən gəlmək üçün uşaqlar birləşməlidir. Bu cür oyuncaqlar uşaqlarda korporativ hisslərin inkişafına yönəldilib, bu isə yaponlar üçün ənənəvi xarakteri daşıyır. Əgər uşaqlar dalaşırsa, pedaqoq bu işə müdaxilə etmir. Hesab olunur ki, uşaq özü müstəqil surətdə haqlı olmadığını başa düşməli  və  incitdiyi həmyaşıdından üzr istəməlidir.  Yaponiyanın uşaq bağçalarında hər bir uşağın gündəliyi var və tərbiyəçilər burada azyaşlıların davranışları, sağlamlıqları və təhsil prosesinin xüsusiyyətləri barədə qeydlər edirlər. Öz növbəsində valideynlər də gündəlikdə pedaqoq üçün şərhlər yazırlar.

Müxtəlif yanaşmalara baxmayaraq, adıçəkilən ölkələr dünyada təhsil keyfiyyətinə görə liderdirlər. Onları birləşdirən xüsusiyyət isə pedaqoji işçilərin ixtisasartırmasına yüksək tələblər qoymaları, hər bir uşağın fərdi xüsusiyyətlərinə ciddi diqqət göstərmələri, eləcə də ölkənin sosial-mədəni kontekstindən (onun ənənələri, norma, dəyərləri nəzərə alınmaqla) çıxış edərək məktəbəqədər təhsil proqramlarını yaratmalarıdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov