Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

"Məktəb, şagirdlər həyatımın bir parçasıdır"

 

Hər dəfə rayonumuza yolum düşəndə gedişimin məqsədindən asılı olmayaraq, doğma müəllimlərimlə, Ağsuda yaşayan  ziyalılarla görüşməyi özümə borc bilirəm. Mənə dərs deyən, deməyən bütün müəllimlərə, pedaqoqlara olan ehtiramım kiçik ikən qələm tutmağı, yazıb-oxumağı öyrəndiyim  ilk müəllimim  Hikmət Əfəndiyevin  unudulmaz xatirəsi boydadı.  Səksən ildən artıqdır ki, Mirzəyevləri Ağsuda ziyalılıq ənənəsini nəsildən-nəslə ötürən bir şəcərə kimi tanıyırlar. Canalı Mirzəyev, Ziba Mirzəyeva artıq əbədiyyətə qovuşsalar da hələ də yetirmələrinin yaddaşında yaşayırlar. Bu gün respublika müəllimləri sırasında çalışan 30 nəfərdən artıq oğul, qız, gəlin, nəvə, nəticə Canalı və Ziba Mirzəyevlər ailəsinin layiqli davamçılarıdır. Bu nəslin övladları hər zaman bacarıq və istedadları ilə seçilir. Çalışdıqları kollektivdə onları ən yaxşı müəllim kimi xarakterizə edirlər.  Fikrət Canalı oğlu Mirzəyevlə  işlədiyi Ağsu rayonundakı A.Nadirov adına 1 nömrəli məktəb-liseydə görüşdük. Söhbətimizə Fikrət müəllimin şəxsən təşkil etdiyi "Ədəbiyyat kabineti"ndən  başladıq.

- Gördüyünüz bütün bu texniki avadanlıqları- kompüter dəstini, proyektoru keçən il ad günümdə ölkəmizin birinci xanımı Mehriban Əliyeva hədiyyə edib.

- Azərbaycan  Dövlət Universitetinin (İndiki BDU) filologiya fakültəsini bitirmisiniz. Korifey müəllimləriniz olub, eləmi?

- Həqiqətən belədir. Ali təhsil illərimdə XX əsrin ən maarifpərvər ziyalılarından olan böyük yazıçımız  Mir Cəlal Paşayev, Məmməd Cəfər, Əkbər Ağayev, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Əlövsət Abdullayev, Musa Adilov, Xəlil və Xalid Əlimirzəyevlər, Ağamusa Axundov, Tofiq Hacıyev kimi pedaqoqlardan dərs almışam.

- Tələbəlik illərindən yadınızda qalanlar...

- Tbilisi və Şevçenko şəhərlərində keçirilən elmi-praktik konfranslarda tələbə kimi iştirak etmişdim. Tbilisidə  "Mirzə Fətəli Axundzadə və gürcü ziyalıları", Ukraynada isə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda  oxuduğum məruzələrim birinci dərəcəli diploma layiq görülmüşdü. Universiteti bitirəndə  "Cəfər Cabbarlının poeziya lirikası" mövzusunda yazdığım diplom işim yüksək qiymətləndirildi. Diplom rəhbərim, şəxsiyyətinə ehtiram etdiyim ən əziz müəllimlərimdən biri- Tofiq Hacıyev idi.

Kafedra müdiri, professor Əlövsət Abdullayevin və diplom rəhbərim Tofiq Hacıyevin təkidi ilə mənə aspiranturada oxumaq üçün zəmanət verildi. Gözlənilməz avtomobil qəzasına tuş gəlməyim  müəllimlərimin də, mənim də arzumu gözümdə qoydu. Çox uzun müddət  müalicə olundum.

- Müəllim kimi neçə ildir ki, fəaliyyət göstərirsiniz?

- Bi ilin oktyabr ayında qırx il olacaq. Pedaqoji fəaliyyətə 30 oktyabr 1973-cü ildə Ağsu rayon mərkəzindən 80 kilometr aralıda yerləşən Padar-Çöl kənd səkkizillik məktəbində başladım. Direktorumuz Alxan müəllim məktəbdə  gözəl bir kollektiv yaratmışdı. İki il həmin məktəbdə işlədim. Qəza zamanı ayaqlarımdan aldığım zədələrim hələ tam sağalmadığından dərsə qoltuq ağacları ilə gedib-gəlməyə məcburdum. Səhhətimə görə əziyyət çəksəm də, ürəyimdə böyük bir öyrətmək şövqü vardı. İlk olaraq məktəbdə "Ədəbiyyat kabineti" yaratdım. Klassiklərimizdən tutmuş dünya ədəbiyyatının görkəmli simalarına qədər ədəbiyyatda izi olanların portretlərini, əsərlərini əldə edib "Ədəbiyyat kabineti"nə yerləşdirdim.

Həmin məktəbdə işlədiyim dövrdə respublika mətbuatında çıxış etməyə başladım. O illərdə "Azərbaycan müəllimi" qəzetində çap olunmuş  "Quluyev, yoxsa Quliyev" başlıqlı bir yazım geniş müzakirəyə səbəb olmuş, mərhum professorumuz Musa Adilov həmin yazımla bağlı mənə məktub ünvanlamış, yazdıqlarımı təqdir etmişdi. İki il Padar-Çöl, səkkiz il  Ərəbuşağı kənd orta məktəblərində işlədikdən  sonra rayon mərkəzindəki 1 nömrəli məktəbdə işləməyimi məsləhət gördülər. Artıq 30 ildir ki, bu məktəbdə çalışıram. Burada da  "ədəbiyyat kafedrası" yaratmış, zəngin kitabxana təşkil etmişəm. 20-dən çox diplom və tərifnamə almışam.

- Şagirdlərinizin diqqətini dərsə yönəltməkdə çətinlik çəkmirsiniz?

-  Mən dərs zamanı çalışıram ki, şagirdlərə demək istədiyim  fikirlərimi əyani dərs vəsaitlərindən istifadə etməklə çatdırım. Müəllim ilk cümlədən şagirdin diqqətini özünə yönəltməyi bacarmalıdır. Məsələn, tutaq ki, növbəti dərsimizdə II Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından- Mehdi Hüseynzadədən bəhs edəcəm. Dərsin mövzusunu elan etdikdən sonra mətləbə keçirəm: "Uşaqlar, Mehdi Hüseynzadə mavi Xəzərin sahilində yerləşən Novxanı kəndində doğulub böyümüşdü. Vətənini qızğın məhəbbətlə sevirdi. Ən çətin döyüş tapşırıqlarını yerinə yetirəndə də  Bakını, Novxanını xatırlayardı. Darıxanda hisslərini şeirə çevirərdi".

- Kənd müəllimlərini şəhər müəllimlərindən fərqləndirən nəsə varmı?

- Kənddə, rayonda müəllim işləmək o demək deyil ki, dərsini keçib qurtardın, sənin vəzifən bitdi. Paytaxtdan kənarda çalışan müəllimlərin çiyninə düşən məsuliyyət ikiqat ağırdır. Müəllim hər zaman öz üzərində çalışmalı, bilik səviyyəsini artırmalı, dünyagörüşünü zənginləşdirməlidir. Müəllim şagirdi maraqlandıran hər bir suala dürüst, dəqiq, sərrast cavab verə bilməlidir. Bugünkü İnternet əsrinin şagirdlərini otuz-qırx il əvvəlki şagirdlərlə  bir tutmaq olmaz. Bu gün Azərbaycan məktəblilərinin sorağı beynəlxalq olimpiadalardan gəlir. Rayonumuzdan neçə-neçə şagirdimiz respublika fənn olimpiadalarının iştirakçısı və qalibi olub.

- Yuxarıda dediniz ki, dərs deməklə müəllimin vəzifəsi bitmiş hesab olunmur...

- Demək istəyirdim ki, müəllim dərs deməklə yanaşı, cəmiyyətdə gedən proseslərdə də fəallıq göstərməlidir. 1975-ci ilin dekabr ayında Maarif Nazirliyi Göyçay şəhərində "Yuxarı sinif şagirdlərinin əmək tərbiyəsi"  adlı konfrans təşkil etmişdi. Orada oxuduğum məruzəyə görə I dərəcəli diplom qazandım.

Vətənimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra bir  müəllim kimi mənim də uğurlarım çox olub. 1996-cı ildə ali dərəcəli müəllim, 2000-ci ildə I dərəcəli diplom, 2002-ci ildə I dərəcəli diplom, 2003-cü ildə "İlin ən yaxşı müəllimi", 2005-2007-ci illərdə "Qabaqcıl təhsil işçisi",  2008-ci ildə Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndəsi, 2009-cu ildə "Əməkdar müəllim", 2010-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Pedaqoji fəaliyyətim dövründə 50-dən artıq elmi-pedaqoji məqalə, üç bədii əsərə ön söz yazmışam. Ulu öndərimizin şərəfinə "Rəhbərim" adlı poemam çap olunub. Salyan, Neftçala, Hacıqabul, Şamaxı, Quba, Xaçmaz rayonlarının məktəblərində vətənpərvərlik mövzusunda məruzələr etmişəm.

- Fikrət müəllim, ilk müəlliminiz kim olub?

- Heç vaxt unutmadığım  Novruz Nəsirov. O, çox zəhmətkeş və bacarıqlı müəllim kimi qalıb yadımda.

- Orta məktəbdə oxuyanda ən çox sevdiyiniz fənn hansı olub?

- Kimya istisna olmaqla bütün fənlərdən qiymətlərim yüksək olub.

- Müəllim sənətinə məhəbbətiniz haradan qaynaqlanıb?

- Müəllimlik valideynlərimin  bir vaxtlar getdikləri şərəfli yoldur, indi də  mən  gedirəm.

- Estafet hələ ki sizdədir?

- Mən estafeti çoxdan etibarlı əllərə ötürmüşəm. Böyük oğlum Babək Mirzəyev və gəlinim Sevinc xanım Bakıdakı 218 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirlər. İkinci oğlum Kamal Mirzəyev Ağsu Rayon İcra Hakimiyyətində çalışır.  Qızlarım Günel və Şəbnəm də Azərbaycan dili və ədəbiyyatından dərs deyirlər. Baba və ata yolunun davamçılarıdırlar.

- Fikrət müəllim, Azərbaycanı gələcəkdə bugünkü şagird potensialı təmsil edəcək. O "gələcək" təsəvvürünüzdə necədir?

- Tez-tez şagirdlərimə deyirəm ki, ulu öndərimiz illər öncə demişdi: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Azərbaycanın Təhsil Strategiyası haqqında da mənim subyektiv fikrim budur ki, yeni təhsil nazirimiz  Mikayıl Cabbarovun təhsil sahəsində götürdüyü kurs ümidvericidir. Bir pedaqoq kimi mən də bu kursun davamlı olması yolunda əlimdən gələn köməyi əsirgəməyəcəyəm.

- Prezidentimiz cənab İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğı göz qabağındadır.

- Hazırda rayonumuzun Rəhimli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir. Biz də ölkə rəhbərinin bu diqqət və qayğısının qarşılığı olaraq  səviyyəli şagirdlər yetirməyə səy göstəririk.

- Fikrət müəllim, təqaüdə çıxmaq ərəfəsində, ovqatınız necədir? 

- Dekabrın ikisində 63 yaşım tamam oldu. Təqaüd yaşına çatmağıma təəssüflənmirəm. Məktəb, şagirdlər həyatımın bir parçasıdır. Səliqəli, tərtəmiz, müasir bir dərs otağında şagirdlərə elm öyrətməkdən gözəl nə ola bilər ki?

- Kənd müəlliminin dolanışığı necədir?

- Səmimiyyətimə inanın. Bir müəllim kimi dolanışığımdan məmnunam. Mən də, həyat yoldaşım da müəllim işləyirik. Biz planlı yaşamağa vərdiş etmişik. Ona görə də heç vaxt heç nədən  korluq çəkmirik.

- Repetitorluqla məşğul olmaq müəllim üçün qəbahətdir, yoxsa hobbi?

- Mənə elə gəlir ki, nə baş verirsə-versin, müəllim ona ayrılan dərs saatını səmərəli şəkildə istifadə etməlidir. Mənim də buraxılış siniflərindən əlavə məşğul olduğum şagirdlərim olur. Ancaq mən bunu maddiyyat xatirinə etmirəm. Təki, şagirdlərimiz ali məktəbdən kənarda qalmasınlar.

- Müəllimin fiziki yorğunluğunu şübhəsiz ki, onun mənəvi rahatlığı kompensasiya edir. Heç dərsdə yorulan vaxtınız olub?

- Müəllim yoruldusa, onun fəaliyyətində uğur axtarmağa dəyməz. Bu ömrü bir də  yenidən başlasaydım, müəllim peşəsini əsla başqa peşəyə dəyişməzdim. 

Söhbəti yazdı: Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov