Bu günlərdə Ağcabədi rayonunun Hacıbədəlli kənd orta
məktəbində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ
Regional Mərkəzi tərəfindən "Həyatının təhlükəsizliyi
sənin öz əlindədir" adlı maarifləndirmə tədbiri
keçirilib.
Tədbirin məqsədi şagirdlərin fərdi təhlükəsizlik
sahəsində biliklərini təkmilləşdirmək, onları təbii və
texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün
davranış qaydaları ilə tanış etmək, həmçinin təhsil
müəssisələrində, məişətdə müvafiq təhlükəsizlik
vərdişləri aşılamaqdır.
Məktəb kollektivinin iştirak etdiyi tədbirdə FHN-nin
əməkdaşları təmsil etdikləri qurumun fəaliyyəti,
regional mərkəzin iş prinsipləri və maddi-texniki bazası
haqqında geniş məlumat veriblər. Çıxış edənlər fövqəladə
hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi,
dəm qazından qorunmaq və dəm qazı ilə zəhərlənmə zamanı
ilkin yardım, regionda ehtimal edilən fövqəladə hallar,
"112" qaynar telefon xəttinin əhəmiyyəti və digər
məsələlər barədə də ətraflı danışıblar. Məktəb
kollektivinə həmçinin zəlzələ, tufan, qasırğa zamanı və
radioaktiv maddələrlə çirklənmiş ərazidə davranış
qaydaları əyani vəsaitlərin köməyi ilə izah olunub.
Tədbirdə sonra şərti dəm qazı ilə zəhərlənmiş şəxsə
ilkin tibbi yardım qaydaları əyani şəkildə göstərilib,
bununla bağlı videoçarx nümayiş etdirilib.
Sonda məktəblilərə "FHN Qarabağ Regional Mərkəzi
xəbərdarlıq edir: Dəm qazı təhlükəsindən uzaq olun!"
adlı bukletlər paylanılıb və mütəxəssislər tərəfindən
onları maraqlandıran suallar cavablandırılıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |