Dekabrın
18-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə Azərbaycan
Milli Qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlar
unudulmur" mövzusunda ədəbi-bədii tədbir keçirildi.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi, qonaqlar
iştirak edirdilər. Öncə Azərbaycan Respublikasının
Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə
gətirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmməd
Qənbərov Azərbaycanın bütövlüyü və azadlığı uğrunda
canından keçən Milli Qəhrəmanların daim ürəklərdə
yaşadığını və qədirbilən xalqımız tərəfindən dərin
hörmət və ehtiramla anıldıqlarını nəzərə çatdırdı.
Direktor təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi və belə
tədbirlərin ənənəvi hal aldığını bildirdi. Məktəbin
şagirdlərindən 9 nəfərinin Qarabağ müharibəsində şəhid
olduğunu və onlardan bir nəfərinin- Fəxrəddin Nəcəfovun
isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü
iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki,
ümummilli lider Heydər Əliyevin ideyaları əsasında
formalaşan müstəqil Azərbaycanın güclü ordusu var və
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ordu
quruculuğu daim diqqət mərkəzində saxlanılır, hərbi
potensial gücləndirilir. Son vaxtlar keçirilən hərbi
paradlar Azərbaycan ordusunun güclü bir ordu olduğunu
bir daha sübut etdi. İşğal olunmuş torpaqlarımızın azad
olunacağına əminliyini bildirən direktor şagirdlərə
vətənpərvər olmağı və dövlətimizin rifahı naminə yüksək
bilik və bacarıqlara yiyələnməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən Nəsimi rayon Fövqəladə Hallar və
Mülki Müdafiə şöbəsinin nümayəndəsi Elgiz Paniyev, 19
nömrəli məktəbin gənclərin çağırışaqədərki hazırlığı
rəhbəri, Qarabağ müharibəsi veteranı Cabir Kərbəliyev
bildirdilər ki, vətənimizin igid övladları Azərbaycanın
müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda
mərdliklə vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə
ucalan qəhrəmanlar heç vaxt ölmürlər, onlar həmişə
ürəklərdə yaşayırlar.
Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar
səsləndirildi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |